AZ

"AzInTelecom", "Aztelekom" və "Azərpoçt" arasında vahid ekosistem formalaşdırılır

"AzInTelecom" MMC, "Aztelekom" MMC və "Azərpoçt" MMC şirkətləri arasında vahid ekosistemin formalaşdırılması üzərində fəaliyyət davam edir.

Ölkə.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində "AZCON Holdinq"in icraçı direktoru Şahin Babayev bildirib.

Onun sözlərinə görə, Holdinqin tərkibində telekommunikasiya və nəqliyyat istiqamətləri ilə yanaşı, daxili proseslərin də sinerjik formada həyata keçirilməsi üzərində iş aparılır: "İxtisaslaşmış mütəxəssislərin cəlb edilməsi kifayət qədər çətin prosesdir və bu səbəbdən bir neçə sahədə sinerji tətbiq olunur. Artıq Holdinqin daxilində kompetensiya mərkəzləri formalaşdırılıb. Bu, xüsusilə süni intellekt, informasiya texnologiyaları və rəqəmsallaşma sahələrini əhatə edir. Bundan başqa, satınalma proseslərinin və beynəlxalq tərəfdaşlarla əlaqələrin koordinasiyasında da sinerji mövcuddur. AZCON vahid Holdinq olaraq daha böyükmiqyaslı və strateji tərəfdaş qismində çıxış edir. Bu isə həm xərclərin optimallaşdırılmasına, həm də daha qabaqcıl texnoloji həllərə çıxış imkanlarının genişlənməsinə zəmin yaradır".

Ş.Babayev qeyd edib ki, "Bulud" texnologiyaları, süni intellekt infrastrukturu və dayanıqlı rabitə şəbəkələri artıq rəqəmsal dövlətin və iqtisadiyyatın fundamental dayaq nöqtələrinə çevrilib: "İlk olaraq "bulud" xidmətləri istiqamətində reallaşdırılan layihələrə diqqət yetirmək lazımdır. "Bulud" xidmətlərindən yararlanmaq məqsədilə "AzInTelecom"un fəaliyyətdə olan data mərkəzinə indiyədək 287 qurum inteqrasiya olunub. Bu qurumlardan 147-si dövlət strukturlarına, 140-ı isə özəl sektora məxsusdur. Bununla yanaşı, mövcud tutumun artırılması istiqamətində "Hökumət buludu" layihəsi çərçivəsində yeni əsas və ehtiyat data mərkəzlərini əhatə edən ikimodullu data mərkəzinin tikintisi hələ də davam etdirilir. Bu yanaşma həm göstərilən xidmətlərin fasiləsizliyini, həm də kibertəhlükəsizlik müdafiəsini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək. Digər vacib istiqamət data texnologiyalarının intensiv inkişafını labüd edən süni intellekt sahəsidir. "AzInTelecom"un ölkədə ilk dəfə təsis etdiyi Superkompüter Mərkəzi məhz bu sahənin irəliləyişinə töhfə verir".

Müsahibə ilə ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.

Seçilən
12
1
olke.az

2Mənbələr