AZ

Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb

Rusiyada həbsdə ölən ukraynalı jurnalistlə bağlı ortaya çıxan yeni məlumatlar böyük rezonans doğurub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukrayna polisi jurnalist Viktoriya Roşçinanın Rusiyanın Taqanroq şəhərindəki istintaq təcridxanasında ağır işgəncələrə məruz qaldığını və ölümündən az əvvəl ciddi xəsarətlər aldığını bildirir.

Ukrayna Milli Polisinin İstintaq İdarəsi rəisinin müavini Dmitri Şevçuk açıqlamasında Roşçinanın ölümündən qısa müddət əvvəl onun ənsə (kəllənin arxa hissəsi) sümüyünün sındırıldığı qeyd olunub. Şevçukun sözlərinə görə, jurnalist Taqanroq istintaq təcridxanasında son dərəcə ağır və antisanitar şəraitdə saxlanılıb — kamerada isti su olmayıb, yemək üçün cəmi üç dəqiqə vaxt ayrılıb, həmin müddətdə qabların yuyulması da tələb edilib. Gün ərzində səhərdən axşamacan oturmağa və ya uzanmağa icazə verilmədiyi iddia olunur.

Şevçuk Roşçinanın normal saxlanma şəraiti tələb etdiyi və Rusiya himnini oxumaq istəmədiyi üçün sistematik şəkildə döyüldüyünü qeyd edib. Onun sözlərinə görə, ölümündən təxminən iki həftə əvvəl jurnalist Perm vilayətinin Kizel şəhərindəki başqa təcridxanaya köçürülüb və daşınma zamanı artıq kritik vəziyyətdə olub, tibbi yardıma ehtiyac duyurmuş. Buna baxmayaraq, təcridxana rəhbərliyinin fiziki və psixoloji təzyiqləri davam etdirdiyi iddia edilir.

Daha əvvəl “Sərhədsiz reportyorlar” təşkilatı Roşçinanın Taqanroqdan Kizelə dörd gün ərzində qatar və xüsusi furqonla daşındığını, şahidlərin onun həddindən artıq zəiflədiyini və ayaq üstə dura bilmədiyini dediklərini açıqlayıb. Jurnalistin 2024-cü il sentyabrın 19-da öldüyü bildirilir.

Qalmaqallı iddialardan biri də Fransada fəaliyyət göstərən media konsorsiumu Forbidden Stories tərəfindən səsləndirilib. Konsorsiumun məlumatına görə, Rusiyanın Ukraynaya qaytardığı meyitdə beyinin, qırtlağın və göz almalarının olmadığı, həmçinin işgəncə izlərinin müşahidə edildiyi iddia olunur.

Moskva tərəfi bu iddialarla bağlı indiyədək geniş rəsmi açıqlama verməyib, səslənən məlumatların müstəqil şəkildə təsdiqi isə çətin olaraq qalır.

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr