Yaxın Şərqdə və Cənubi Qafqazda geopolitik gərginliyin yenidən yüksəldiyi bir vaxtda İran İnqilab Keşikçiləri Korpusu – Sepahın paylaşdığı son mesaj regionda yeni siyasi və hərbi siqnallar kimi qiymətləndirilir.
Musavat.com xəbər verir ki, Sepahın yaydığı açıqlama ilk baxışdan Ermənistanı və ABŞ-ı hədəf alan adi təhdid ritorikası təsiri bağışlasa da, mətnin alt qatında çox daha mühüm və strateji məqamlar gizlənir.
Mətnin ən diqqətçəkən hissəsi belədir:
“ABŞ rəsmisinin İrəvana səfəri və Azərbaycan xarici işlər nazirinin qəfil ABŞ səfəri heç də sıradan hadisələr deyil.
Bizim mövqeyimiz hər iki tərəfə yaxşı məlumdur: yeni müharibə olacağı təqdirdə, ərazisinin bizə qarşı hücumlar üçün istifadə edilməsinə icazə verən istənilən dövlət çox ciddi nəticələrlə üzləşəcək. BƏƏ bunu çox yaxşı anlayır.
Və əmin olun: Zəngəzur dəhlizi yalnız İranın şərtləri ilə açılacaq.
Bu dəhliz isə hər hansı bir pedofilin adını daşıya bilməz”.
Bu ifadələrdən görünür ki, Tehran xüsusilə ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfərindən və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtona qəfil gedişindən ciddi şəkildə narahatdır. İran bu diplomatik trafikdə özünə qarşı formalaşa biləcək yeni təhlükəsizlik arxitekturasının izlərini görür.

Əslində Sepahın mesajı birbaşa Ermənistan rəhbərliyinə ünvanlanıb. Tehran açıq şəkildə xəbərdarlıq edir ki, əgər Ermənistan ərazisi gələcəkdə İran əleyhinə əməliyyatlarda istifadə olunarsa, İrəvan çox ağır nəticələrlə üzləşəcək. Burada xüsusi olaraq Birləşmiş Ərəb Əmirliklərinin misal göstərilməsi təsadüfi deyil.
Çünki fevralın 28-də başlayan və 40 gün davam edən ABŞ–İsrail–İran qarşıdurması zamanı İranın əsas raket cavablarından biri məhz BƏƏ-yə yönəlmişdi. Tehran hesab edirdi ki, Dubay və digər ərazilər ABŞ və İsrail üçün arxa cəbhə funksiyası daşıyır. Nəticədə İran raketləri İsraildən daha çox Körfəz bölgəsindəki strateji hədəflərə yönəldi. Sepah indi həmin mesajı İrəvana ötürür: “Əgər siz də oxşar oyunun içində olsanız, nəticəsi fərqli olmayacaq”.
Ancaq bütün bunlardan daha maraqlı detal Sepahın Zəngəzur dəhlizi ilə bağlı mövqeyidir. Uzun illərdir İran rəsmiləri bu layihəyə kəskin etiraz edir, onu regionun geosiyasi balansını dəyişəcək təhlükə kimi təqdim edirdilər. İndi isə ilk dəfədir ki, Tehran faktiki olaraq dəhlizin açılacağını qəbul edir.
Diqqət edin: Sepah “dəhliz olmayacaq” demir. Əksinə, “yalnız İranın şərtləri ilə açılacaq” ifadəsini işlədir. Bu isə çox mühüm dəyişiklikdir.
Deməli, Tehran artıq Zəngəzur dəhlizinin qarşısını tam ala bilməyəcəyini anlayır. Ona görə də prosesin içində qalmağa, təsir imkanlarını qorumağa və layihəni öz maraqları çərçivəsində yönləndirməyə çalışır. Bu, İran diplomatiyasının məğlubiyyəti yox, reallığı qəbul etməsi kimi görünür.
Digər maraqlı məqam isə ABŞ prezidenti Donald Trumpa qarşı işlədilən aşağılayıcı ritorikadır. Sepah “hər hansı bir pedofilin adını daşıya bilməz” ifadəsi ilə açıq şəkildə Trampı hədəfə alır. Bu isə göstərir ki, Tehran Vaşinqtonun regiondakı yeni planlarını birbaşa Tramp administrasiyasının layihəsi kimi görür.
Əslində İranın qorxusu təkcə Ermənistan deyil. Tehran daha böyük mənzərəni görür: ABŞ, Azərbaycan, Türkiyə və müəyyən mənada Ermənistan arasında formalaşa biləcək yeni regional xətt İranın Cənubi Qafqazdakı təsir imkanlarını ciddi şəkildə zəiflədə bilər.
Buna görə Sepahın bu mesajı sadəcə emosional paylaşım deyil. Bu, həm İrəvana xəbərdarlıqdır, həm Vaşinqtona mesajdır, həm də Zəngəzur dəhlizi ətrafında yeni geosiyasi bazarlığın başladığını göstərən siqnaldır.
İndi əsas sual budur: Ermənistan İranın bu sərt xəbərdarlığını nəzərə alacaq, yoxsa Qərblə yaxınlaşma xəttini daha da sürətləndirəcək?
Cənubi Qafqazda qarşıdakı aylar çox şeyə aydınlıq gətirəcək.
Musavat.com