AZ

"Qurban– insanın Allah yolunda bəzi bağlılıqlarından vaz keçə bilməsidir…”

“Qurban – insanın daxili dünyasında baş verən bir dəyişmə və saflaşma prosesidir. Saflaşma da komfort zonasını tərk etməklə başlayır. Müasir insan malını verməzdən əvvəl rahatlığını qorumağa çalışır...”
 
"Qurbanın dəyəri onun maddi ölçüsündə deyil, niyyət və ixlasındadır..."
 
Moderator.az aktuallığını nəzərə alaraq  “Mənəviyyata pəncərə” nəşrində dərc olunmuş “NƏYİ QURBAN KƏSİRSƏN?” kəsirsən başlıqlı ibrətamiz məqaləni dəyərli oxucularımn nəzərinə çatdırır.
 
QURBAN NƏDİR?..
 
“Qurban” sözünün mənası və mahiyyəti
 
“Qurban” sözü ərəb dilindəki “qurb” kökündən gəlir və “yaxınlaşmaq” mənasını ifadə edir. Bu baxımdan qurban ibadəti sadəcə ritual bir kəsim deyil; o, insanın Allahla münasibətini dərinləşdirən mənəvi bir yaxınlaşmadır.
 
Ərəb dilində qurban ibadəti müxtəlif qurban növlərini ifadə edir:
 
Əḍhā / Udhiyə (أضحية) — Qurban bayramında kəsilən qurban. “Qurban” deyəndə əsasən nəzərdə tutulan budur.
 
Nəhr (نحر) — xüsusilə dəvənin xüsusi üsulla boğaz nahiyəsindən kəsilməsi mənasına gəlir. Quranda “فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ” (“Rəbbin üçün namaz qıl və qurban kəs”) ayəsində keçir.
 
Qurban Bayramı günü kəsilən iki növ qurban var:
 
Hədy / Hədyi (هدي): Həcc və ya ümrə ilə əlaqəli olaraq Kəbəyə, Hərəmə göndərilən və orada kəsilən qurban.
 
Bu, “Allahın evinə təqdim edilən hədiyyə qurbanı” mənası daşıyır.
 
Udhiyə / Əḍhā (أضحية): Qurban bayramı günlərində ibadət niyyəti ilə kəsilən adi bayram qurbanı.
 
Qurban – Allahın rizasını qazanmaq üçün insanın özünə dəyərli olan bir şeyi könüllü şəkildə təqdim etməsidir. Bu ibadət, zahiri əməl olmaqla yanaşı, daxili bir etirafı, təslimiyyəti və sevgi bağını ifadə edir.
 
TARİXİ KÖKLƏR: İLK QURBAN NÜMUNƏSİ…
 
Qurban ibadəti insanlıq tarixi qədər qədimdir. Bu ibadətin ilk nümunəsi Hz. Adəmin (ə.s.) oğulları – Habil və Qabil hadisəsində müşahidə olunur. Habil qurban olaraq sürüsünün ən yaxşısını seçdi və ixlasla təqdim etdi. Qabil isə dəyərsiz, artıq məhsulunu verdi. Nəticədə Habilin qurbanı qəbul olundu, Qabilinki isə rədd edildi. Bu hadisə bizə mühüm bir prinsipi öyrədir:
 
Qurbanın dəyəri onun maddi ölçüsündə deyil, niyyət və ixlasındadır.
 
وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ
 
“Onlara, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi: “Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər. (Qurani-Kərim, Maidə, 5/27)
 
SƏDAQƏTİN ZİRVƏSİ: HZ. İBRAHİM NÜMUNƏSİ...
 
Qurban anlayışının ən yüksək təcəssümü Hz. İbrahim (ə.s.), Hz. İsmail (ə.s.) və Hz. Həcər (ə.s.) ailəsində öz əksini tapır.
 
Uzun illər övlad həsrəti çəkən Hz. İbrahimə verilən İsmail (ə.s.) yalnız bir övlad deyil, eyni zamanda duaların qəbulunun simvolu idi. Lakin İlahi əmr gəldikdə, o ən sevdiyini belə qurban etməyə hazır oldu.
 
Bu hadisədə üç fərqli, amma tamamlayıcı təslimiyyət nümunəsi var:
 
Hz. İbrahim – əmri yerinə yetirməkdə tərəddüd etmədi.
 
Hz. İsmail – “əmr olunanı et” deyərək itaət göstərdi.
 
Hz. Həcər – səssiz, lakin dərin bir təvəkküllə bu prosesi qəbul etdi.
 
Nəticədə Allah onların səmimiyyətini qəbul etdi və qurbanı bir qoç ilə əvəz etdi. Bu hadisə göstərir ki, Allah üçün əsas olan əməlin özü deyil, o əmələ aparan qəlb halıdır…
 
“Ey Rəbbim, mənə salehlərdən olan bir övlad ver!” Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. Uşaq onunla gəzəsi yaşa çatdıqda İbrahim: “Ey oğlum! Mən yuxuda səni qurban kəsdiyimi görürəm. Sən bu barədə nə fikirləşirsən?” – dedi. Uşaq: “Atacan, sənə əmr olunanı et! İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən”, – dedi. Hər ikisi (Allahın əmrinə) təslim olduğu və İbrahim onu üzüstə yatırdığı zaman biz ona belə səsləndik: “Ey İbrahim! Yuxunu təsdiqlədin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”. Şübhəsiz ki, bu, açıq-aydın bir sınaqdır. Biz (oğlunun) əvəzinə ona böyük bir qurbanlıq verdik. (“Saffat”, 37/100-107)
 
PEYĞƏMBƏRİMİZİN HƏYATINDA QURBAN ANLAYIŞI
 
Peyğəmbərimiz (s.ə.s.) özünü “iki qurbanın oğlu” kimi təqdim etmişdir. Bu ifadə: Hz. İsmail (ə.s.) hadisəsinə, Atası Abdullahın nəzir hadisəsinə işarə edir.
 
İslam tarixində Zilhiccə ayının 10-da qurban kəsmə ibadəti hicrətin 2-ci ilindən etibarən başlamışdır. Allah Rəsulu (s.ə.s) hər il özü şəxsən qurban kəsmiş və insanları da qurban kəsməyə təşviq etmişdir. Bu da qurbanın İslamda sadəcə fərdi deyil, həm də ictimai və simvolik əhəmiyyət daşıdığını göstərir.
 
 NƏYİ QURBAN EDİRİK?..
 
Bu gün qurban ibadəti çox zaman yalnız heyvan kəsimi ilə məhdudlaşdırılır. Halbuki onun daha geniş mənəvi ölçüləri vardır.
 
Qurani-Kərimdə Allah buyurur:
 
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
 
“Ey iman gətirənlər! Allahdan qorxun və Ona yaxınlaşmağa vəsilə axtarın…” (“Maidə”, 35)
 
İnsan bəzən qurbanı yalnız bir heyvanın kəsilməsi kimi anlayır. Halbuki Quranda vurğulanan əsas məsələ — Allaha yaxınlaşmaqdır. Qurban isə bu yaxınlaşmanın bir simvoludur. İnsan Allah yolunda nəyi fəda edə bilirsə, əslində qurbanı da odur.
 
Hz. İbrahim (ə.s.) oğlunu qurban etməyə aparanda tərəddüd etmədi. Çünki o anlayırdı ki, Allah insanın sadəcə dilinə deyil, qəlbində nəyin ən böyük yer tutduğuna baxır.
 
Hz. Həcər də etiraz etmədi. Bir ana üçün övladından vaz keçmək təsəvvür edilməz bir şeydir. Amma o bilirdi: Allah üçün verilən heç nə itməz.
 
Bu gün bizdən İsmail istənilmir. Amma bizdən başqa şeylər istənilir. Qurban– insanın Allah yolunda bəzi bağlılıqlarından vaz keçə bilməsidir…
 
Bəzən Allah üçün vaxtımız istənilir.
 
Bəzən rahatlığımız.
 
Bəzən qazancımız.
 
Bəzən isə eqomuz…
Ən çətini də budur.
 
Bu mənada qurban – insanın daxili dünyasında baş verən bir dəyişmə və saflaşma prosesidir. Saflaşma da komfort zonasını tərk etməklə başlayır. Müasir insan malını verməzdən əvvəl rahatlığını qorumağa çalışır; ibadət etmək istəyir, amma həyat tərzindən çox şey itirmək istəmir. Halbuki qurbanın ruhunda bir az “özündən keçmək” var…
 
Bir qadın düşünək…
 
Əri Allah yolunda xeyirxah işlərlə məşğuldur. İnsanlara faydalı olmaq, bir könül qazanmaq, bir gəncin əlindən tutmaq üçün vaxt və enerji sərf edir. O qadın buna ürəkdən razı ola bilirmi? Bəzən “niyə evdə daha çox deyilsən?” demək yerinə: “Get… Allah yolunda bir insana faydan toxunsun…” deyə bilirmi?
 
Bu da bir qurbandır.  Öz ehtiyacını bir qədər geri çəkib daha böyük bir məqsədə dəstək olmaq…
 
Bir ər düşünək…
 
Xanımının faydalı işlər görmək, öyrənmək, öyrətmək, başqalarına faydalı olmaq üçün çalışır. Görəsən əri, evdə hər şeyin mükəmməl olması gözləntisini bir qədər geri plana ata bilirmi? “Bu gün yoruldunsa problem deyil… sən də get xeyirxah işlər gör, insanlara faydan toxunsun…” deyə bilirmi? Bu da bir qurbandır. Mükəmməllik gözləntisini qurban vermək…
 
Səhabə anaları bunu bacarırdı. Enes ibn Malikin anası Ümmü Süleym oğlunun əlindən tutub Allah Rəsulunun (s.ə.s.) yanına gətirmişdi və demişdi: “Ya Rəsulallah… hər kəs sənə bir şey hədiyyə edir. Mənim verəcək çox şeyim yoxdur. Mən də oğlumu gətirdim. Qoy sənə xidmət etsin.” Bir ana üçün bundan böyük nə ola bilər? Övladını Allah Rəsulunun xidmətin ə təqdim etmək… Bu, sadəcə övlad vermək deyildi. Bu, ananın öz qəlbindən bir parçanı Allah yoluna təqdim etməsi idi.
Əslində qurban tam da budur…
 
(Davamı var)
 
Seçilən
42
1
moderator.az

2Mənbələr