AZ

“Milli birlik sayəsində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib”

Adelet.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

108 il əvvəl-1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı idi. Şərqdə və müsəlman aləmində ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, milli dövlətçilik ənənələrinin formalaşması, demokratik dəyərlərin təşəkkülü və milli özünüdərkin güclənməsi baxımından silinməz iz buraxdı.

Milli Şura tərəfindən qəbul olunan İstiqlal Bəyannaməsi ilə Azərbaycanın müstəqilliyi bütün dünyaya bəyan edildi. Qısa müddətdə parlament və hökumət yaradıldı, dövlət atributları təsis olundu, sərhədlər müəyyənləşdirildi, milli ordu formalaşdırıldı. Ana dili dövlət dili elan edildi, vətəndaşlıq institutu təsis olundu, qadınlara seçmək və seçilmək hüququ verildi. Bu addımlar həmin dövr üçün son dərəcə mütərəqqi qərarlar idi və Azərbaycan dövlətinin demokratik əsaslar üzərində qurulduğunu nümayiş etdirirdi.

Azərbaycan Xalq Cümhuriyyəti həm də xalqın milli mənlik şüurunun özünə qaytarılması demək idi. Sovet işğalına rəğmən istiqlal ideyası xalqın yaddaşından silinmədi. XX əsrin sonlarında Azərbaycan yenidən müstəqilliyini bərpa etdi və tarixi varislik prinsipi əsasında müasir Azərbaycan dövləti quruldu. 

Müstəqilliyin ilk illərində Azərbaycanda hökm sürən siyasi xaos, hakimiyyət uğrunda mübarizə, şəxsi ambisiyaların milli maraqlardan üstün tutulması ölkəni faktiki olaraq idarəolunmaz vəziyyətə gətirmişdi.

Həmin dövrdə ölkədə vahid dövlət idarəçiliyi sistemi mövcud deyildi. Bir-birini əvəz edən zəif hökumətlər cəmiyyətin gözləntilərini doğrulda bilmir, siyasi qüvvələr isə dövlət maraqlarından çox hakimiyyət uğrunda mübarizə aparırdılar. Dövlət institutlarının zəifləməsi nəticəsində qanunsuz silahlı birləşmələr yaranmış, müxtəlif qruplar ölkədə təsir dairəsi uğrunda qarşıdurmaya başlamışdı. Siyasi çəkişmələr o həddə çatmışdı ki, milli təhlükəsizlik məsələləri belə arxa plana keçmişdi.

Tarix bir daha göstərdi ki, müstəqilliyi əldə etmək qədər onu qoruyub saxlamaq da mürəkkəb və məsuliyyətli missiyadır. Məhz belə çətin dövrdə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi, müstəqil Azərbaycanın inkişaf strategiyası müəyyənləşdirildi.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib, beynəlxalq arenada nüfuzu əhəmiyyətli dərəcədə artıb. Azərbaycan bu gün enerji təhlükəsizliyinin təminatçısı, qlobal dialoq məkanı və etibarlı tərəfdaş kimi tanınır.

2020-ci ildə əldə olunan tarixi Zəfər isə müstəqillik tariximizin ən parlaq səhifələrindən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və üçrəngli bayrağımız Qarabağda dalğalandı. Bu gün bütün ərazilərimizdə Azərbaycan bayrağının qürurla ucaldılması Xalq Cümhuriyyəti qurucularının arzularının gerçəkləşməsi deməkdir.

Hazırda həyata keçirilən “Böyük Qayıdış” proqramı işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasını, müasir infrastrukturun yaradılmasını və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin edir.

 Müasir Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, biz hazırda müstəqillik tariximizin qızıl dövrünü yaşayırıq. Güclü dövlət, qüdrətli ordu və milli birlik sayəsində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirir, yeni uğurlara imza atır.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
adalet.az

4Mənbələr