Yaponiya hökuməti Yeddilik Qrupu (G7) ölkələri ilə əməkdaşlıq edərək, Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiya siyasətini davam etdirəcək.
Musavat.com xəbər verir ki, bunu Yaponiyanın Nazirlər Kabinetinin katibi Minoru Kihara müntəzəm mətbuat konfransında açıqlayıb: "Biz G7 ilə əməkdaşlıq çərçivəsində Rusiyaya qarşı sanksiyaları tətbiq etməyə davam edəcəyik". Eyni zamanda Kihara vurğulayıb ki, Yaponiya hökuməti Rusiyada fəaliyyətini davam etdirən yapon şirkətlərinin maraqlarını qorumaq üçün lazım olan hər şeyi edəcək. Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəsmilərinin Rusiyaya səfərini şərh edən Nazirlər Kabineti katibi bildirib ki, Moskvada Rusiyadakı mövcud iqtisadi vəziyyət və orada fəaliyyətini davam etdirən yapon şirkətlərinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Yaponiya İqtisadiyyat Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəsmiləri 26-27 may tarixlərində Moskvaya səfər ediblər.
Musavat.com