AZ

Tramp Paşinyan haqda bunları yazdı və Ermənistanda yeni geopolitik savaş başladı!

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca beynəlxalq güclərin bu ölkəyə marağı daha da artır.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana açıq siyasi dəstək nümayiş etdirib.

Polşanın “Onet” portalında dərc olunan geniş təhlildə qeyd olunur ki, Vaşinqton artıq Cənubi Qafqazda yeni strateji düzənin qurulmasına çalışır və bu prosesdə Paşinyan əsas tərəfdaş kimi görülür. Məqalədə vurğulanır ki, Tramp administrasiyası Paşinyanın qərbyönlü kursunu dəstəkləyir və Ermənistanın Rusiya orbitindən çıxmasına çalışır.

Reuters-in yaydığı məlumata görə, ABŞ dövlət katibi Marko Rubio bir neçə gün əvvəl İrəvana səfər edib və Ermənistanla strateji tərəfdaşlıq sənədi imzalayıb. Bundan dərhal sonra Donald Tramp sosial şəbəkədə Paşinyana “tam və qəti dəstək” verdiyini bəyan edib.

Tramp paylaşımında Paşinyanı “böyük dost və lider” adlandıraraq bildirib ki, onun rəhbərliyi ilə ABŞ, Ermənistan və bütün region “daha böyük yüksəliş dövrünə qədəm qoyacaq”.

Məqalədə qeyd olunur ki, Ermənistan seçkiləri artıq təkcə daxili siyasi yarış deyil, həm də Rusiya ilə Qərb arasında geopolitik mübarizənin yeni mərhələsinə çevrilib. Paşinyanın əsas rəqibləri isə Moskva ilə yaxın münasibətləri müdafiə edən siyasi qüvvələrdir.

Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” alyansı və Samvel Karapetyanın “Güclü Ermənistan” hərəkatı açıq şəkildə Rusiyaya yaxın mövqe nümayiş etdirirlər. Onlar Ermənistanın Avropa Birliyinə inteqrasiyasına və ABŞ-la yaxınlaşmasına qarşı çıxırlar.

Analitiklər hesab edir ki, Paşinyanın əsas seçki kampaniyası “Real Ermənistan” konsepsiyası üzərində qurulub. Bu strategiya Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, sərhədlərin açılması və iqtisadi inteqrasiyanı nəzərdə tutur.

Qərb mediasında yayılan materiallarda diqqət çəkən məqamlardan biri də ABŞ-ın Zəngəzur dəhlizi layihəsinə marağıdır. ABŞ və Ermənistan arasında imzalanan yeni sənədlərdə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək tranzit marşrutunun xüsusi yer tutduğu bildirilir. Bu layihə artıq “TRIPP” – “Trump Route for International Peace and Prosperity” adı ilə təqdim olunur.

Moskva isə bu proseslərdən ciddi şəkildə narahatdır. Reuters yazır ki, Rusiya Ermənistanı Avropa İttifaqına yaxınlaşacağı təqdirdə ucuz qaz və enerji güzəştlərindən məhrum edə biləcəyi ilə bağlı xəbərdar edib.

Beləliklə, Ermənistanda seçki yarışı artıq sadəcə Paşinyan-Köçəryan qarşıdurması deyil. Bu seçki həm də Vaşinqtonla Moskvanın Cənubi Qafqaz uğrunda yeni siyasi savaşı kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr