AZ

Deputat: Regionların güclənməsi insanların doğma torpaqlarına bağlılığını daha da artırır ŞƏRH

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 28 may, AZƏRTAC

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Son illərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni istehsal və xidmət sahələrinin yaradılması, kənd təsərrüfatına göstərilən dövlət dəstəyi bölgələrin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, bölgələrdə yaradılan imkanlar insanların doğma torpaqlarında yaşamasına, işləməsinə və gələcəyini həmin ərazilərdə qurmasına mühüm stimul verir. Deputat bildirib ki, əsas məqsəd regionlarda elə sosial və iqtisadi mühit formalaşdırmaqdır ki, insanlar öz ata-baba yurdlarını tərk etmədən rahat və təminatlı həyat sürə bilsinlər.

“Bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. İnsan öz doğulduğu torpaqda həm mənəvi bağlılıq hiss edir, həm də həmin ərazinin inkişafında maraqlı olur. Buna görə də regionların inkişafı yalnız iqtisadi məsələ deyil, eyni zamanda sosial və milli məsələdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı istiqamətində qəbul olunan dövlət proqramları Azərbaycanın bütün bölgələrində müasir infrastrukturun formalaşmasına səbəb olub. Yeni yolların çəkilməsi, elektrik, qaz və su təchizatının yaxşılaşdırılması, internet və kommunikasiya imkanlarının genişləndirilməsi kənd və rayonlarda həyat şəraitini əhəmiyyətli dərəcədə dəyişib. İnfrastruktur layihələri ilə yanaşı, məşğulluğun artırılması məsələsi də əsas prioritetlərdən biri olmalıdır. O bildirib ki, kənd yerlərində iş imkanlarının genişləndirilməsi əhalinin sosial rifahına birbaşa təsir göstərir. İnsanların bölgələrdə qalması üçün ilk növbədə dayanıqlı gəlir mənbələri yaradılmalıdır. Əkinçilik, heyvandarlıq, bağçılıq, arıçılıq və digər ənənəvi fəaliyyət sahələri inkişaf etdirilməli, fermerlərə daha geniş dəstək mexanizmləri tətbiq olunmalıdır. Dövlət tərəfindən verilən subsidiya və güzəştli kreditlər kənd təsərrüfatının inkişafında mühüm rol oynayır”, – deyə deputat qeyd edib.

Aydın Hüseynov hesab edir ki, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi məhsuldarlığın artırılmasına və regionların iqtisadi imkanlarının genişlənməsinə şərait yaradır. Onun sözlərinə görə, aqrar sektorda innovativ yanaşmaların tətbiqi, müasir suvarma sistemlərinin qurulması və logistika imkanlarının yaxşılaşdırılması fermerlərin fəaliyyətini daha da gücləndirə bilər.

Deputat bildirib ki, regionlarda emal sənayesinin inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının yerli emalı həm əlavə dəyər yaradır, həm də yeni iş yerlərinin açılmasına səbəb olur: “Əgər istehsal olunan məhsullar bölgələrdə emal edilərsə, bu həm iqtisadi aktivliyi artıracaq, həm də yerli əhalinin məşğulluğuna müsbət təsir göstərəcək. Bu gün regionların inkişafı üçün kiçik və orta sahibkarlığın genişləndirilməsi xüsusi önəm daşıyır”.

Aydın Hüseynov turizm sektorunun da bölgələrin inkişafında mühüm rol oynadığını bildirib. Deputat qeyd edib ki, Azərbaycanın zəngin təbiəti, tarixi abidələri, milli mətbəxi və mədəni irsi turizm sahəsinin inkişafı üçün böyük imkanlar yaradır.

“Bu gün bir çox rayonlarımızda kənd turizmi, aqroturizm və ekoturizm istiqamətlərində ciddi potensial mövcuddur. Turizmin inkişafı bölgələrdə xidmət sektorunun genişlənməsinə, yeni bizneslərin yaranmasına və əhalinin gəlirlərinin artmasına səbəb olur. Eyni zamanda, bölgələrin tanıdılması və mədəni dəyərlərin təbliği baxımından da turizm xüsusi əhəmiyyət kəsb edir. Regionların inkişafı ölkənin ümumi iqtisadi dayanıqlığının gücləndirilməsinə xidmət edir. Paytaxtla bölgələr arasında iqtisadi balansın qorunması uzunmüddətli inkişaf baxımından vacib amillərdən biridir. Bölgələrdə sosial infrastrukturun gücləndirilməsi də diqqət mərkəzində olmalıdır. Məktəblərin, tibb müəssisələrinin, mədəniyyət və idman obyektlərinin yenilənməsi insanların yaşayış səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. İnsanlar yaşadıqları ərazidə keyfiyyətli təhsil, səhiyyə və sosial xidmətlər gördükdə həmin bölgəyə bağlılıqları daha da artır. Dövlətin əsas məqsədi ondan ibarətdir ki, vətəndaş harada yaşamasından asılı olmayaraq yüksək həyat şəraiti ilə təmin olunsun”, – deyə deputat bildirib.

Deputat vurğulayıb ki, regionların inkişafı milli-mənəvi dəyərlərin qorunması baxımından da böyük əhəmiyyət daşıyır: “İnsanların doğma torpaqlarda yaşaması kənd ənənələrinin, ailə dəyərlərinin və milli irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Doğma torpağa bağlılıq xalqımızın ən güclü xüsusiyyətlərindən biridir. İnsanların öz yurdlarında yaşaması həm milli kimliyin qorunmasına, həm də cəmiyyətin sosial dayanıqlığının möhkəmlənməsinə töhfə verir. Buna görə də regionların inkişafı gələcəyimiz üçün strateji əhəmiyyət daşıyır”.

Müxbir-Vüqar Qurbanoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
azertag.az

2Mənbələr