AZ

Bərdədə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Mehman Qənbərovun 45 illiyi anılıb - FOTO

Bərdə rayonunda Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Mehman Nəriman oğlu Qənbərovun anadan olmasının 45 illiyi münasibətilə anım tədbiri keçirilib.

Herbiand.az xəbər verir ki, anım mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi Samir Məmmədov, Bərdə Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Samir Səfərov, Bakı şəhər Gənclər və İdman İdarəsinin sektor müdiri Gündüz Vəliyev, şəhidin ailə üzvləri – Anası Məryəm Qənbərova, həyat yoldaşı Xuraman Qənbərova, övladları Cihan və Nurlan Qənbərovlar, qardaşı Cavid Qənbərov, habelə şəhid mayor Emin Süleymanovun ailə üzvləri, “GENERAL PERSPECTIVE ACADEMY” MMC-nin təsisçi-direktoru Pərvanə Vaqifqızı, eləcə də şəhid ailələri, qazilər, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Bərdə şəhər Şəhidlər xiyabanına gedərək, polkovnik-leytenant Mehman Qənbərovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Mərasimdə çıxış edən Gündüz Vəliyev, Cavid Qənbərov, Nurlan Qənbərov və Pərvanə Vaqifqızı şəhid Mehman Qənbərovla bağlı xatirələrini bölüşərək, onun şərəfli ömür və döyüş yolundan, vətənpərvərliyindən bəhs ediblər. Natiqlər onun Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün əsl örnək olduğunu vurğulayıblar.

Sonda şəhidin ailə üzvləri ilə xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, polkovnik-leytenant Mehman Nəriman oğlu Qənbərov 2020-ci il oktyabrın 1-də 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!



Seçilən
4
1
herbiand.az

2Mənbələr