AZ

Azərbaycan xalqının dövlətçilik tarixində 28 May 1918 ci il xüsusi və şərəfli bir yer tutur Millət vəkili

ain.az, 525.az saytına istinadən bildirir.

"Azərbaycan xalqının dövlətçilik tarixində 28 May 1918-ci il xüsusi və şərəfli bir yer tutur. Məhz həmin gün xalqımız Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaradaraq müstəqil yaşamaq iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi hadisə xalqımızın azadlıq ruhunun, milli iradəsinin və yüksək siyasi təfəkkürünün təntənəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik tariximizdə silinməz iz qoydu. Milli parlamentin və hökumətin yaradılması, dövlət atributlarının təsis olunması, milli ordunun formalaşdırılması, Azərbaycan vətəndaşlığı institutunun yaradılması, təhsil və məhkəmə sistemində həyata keçirilən islahatlar, qadınlara seçki hüququnun verilməsi kimi mühüm addımlar Cümhuriyyətin nə qədər mütərəqqi və uzaqgörən dövlət modeli olduğunu göstərirdi".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. 

O qeyd edib ki,  Azərbaycan Xalq Cümhuriyyəti milli kimliyimizin və dövlətçilik ənənələrimizin möhkəmlənməsində mühüm rol oynadı. İstiqlal Bəyannaməsi xalqımızın azadlıq ideallarını daha da gücləndirdi, milli mənlik şüurunun formalaşmasına böyük təkan verdi. Həmin dövrdə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınmasına və milli maraqlarının qorunmasına xidmət edirdi:

"Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətin vəzifədir.” XX əsrin sonlarında xalqımız yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkəmiz ciddi təhlükələrlə üz-üzə idi. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi, qətiyyəti və xilaskarlıq missiyası sayəsində Azərbaycan dövlətçiliyi qorundu, ölkədə sabitlik təmin edildi, müstəqil dövlət quruculuğunun möhkəm təməli yaradıldı. Bu gün möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin idealları uğurla yaşadılır. Dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin olunub, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Azərbaycanın qazandığı tarixi Zəfər milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, Cümhuriyyət qurucularının arzu və amallarının gerçəkləşməsinin təntənəsidir. Bu gün müstəqil Azərbaycan regionun lider dövləti kimi beynəlxalq aləmdə öz mövqeyini daha da gücləndirir, demokratik inkişaf, sosial rifah və milli maraqların təmin olunması istiqamətində mühüm uğurlar əldə edir. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi irsinin müasir dövrdə uğurla davam etdirildiyini göstərir. 28 May – Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, dövlətimizin müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olmasını arzulayıram. Yaşasın müstəqil Azərbaycan!".

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
525.az

1Mənbələr