ABŞ dövlət katibi Mark Rubionun Ermənistana səfəri ciddi müzakirə mövzusu olub. Vaşinqton-İrəvan münasibətlərinin sürətlə inkişafı, Donald Trampla aparılan yazışmalar və Avropanın Ermənistana artan siyasi dəstəyi regionda yeni geosiyasi proseslərin göstəricisi kimi təqdim olunur. Lakin bütün bunlara tarixi prizmadan baxdıqda Ermənistanın növbəti dəfə öz ənənəvi xəyanət siyasətini davam etdirdiyi açıq görünür.
Tarix boyu müxtəlif güclərin himayəsində mövcud olmuş Ermənistan bu gün də eyni siyasəti yürüdərək, uzun illər təhlükəsizliyini, iqtisadiyyatını və enerji təminatını böyük ölçüdə Rusiyanın hesabına qurmasına baxmayaraq, indi Qərbə inteqrasiya xətti ilə Moskvadan uzaqlaşmağa çalışır. Halbuki Ermənistanın mövcudluğunda Rusiyanın rolu danılmazdır və bu təsir bu gün də davam edir.
Rusiya istəsə, Ermənistana qarşı çox ciddi iqtisadi və siyasi rıçaqlardan istifadə edə bilər. “Qazprom” vasitəsilə ölkəyə verilən qazın dayandırılması və ya qiymətlərin kəskin artırılması, Metsamor AES-ə texniki dəstəyin dayandırılması, Ermənistanın mis və qızıl sektorunda çalışan Rusiya şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması, sərhədçilərin İran və Türkiyə sərhədlərindən geri çəkilməsi, 102 saylı hərbi bazada genişmiqyaslı təlimlərin keçirilməsi, eləcə də Ermənistan mallarına embarqo və pul köçürmələrinin məhdudlaşdırılması Moskvanın əlində olan real təsir vasitələridir.
Ancaq bütün bunlara baxmayaraq, Rusiya hələ də Ermənistanla münasibətlərdə sərt addımlardan çəkinir. Bu isə bir daha göstərir ki, İrəvan yenə də ənənəvi siyasətinə sadiq qalaraq, bir gücün hesabına möhkəmlənib digər güclərlə yaxınlaşmaq taktikasını davam etdirir.
Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a bildirdi ki, bu gün Ermənistanın apardığı siyasətə diqqətlə baxanda sadəcə köhnə bir ssenarinin yenidən səhnəyə qoyulduğunu müşahidə edirik: "Fərq yalnız aktyorlardadır. Dünən bir imperiyanın himayəsində yaşayan İrəvan bu gün başqa güclərin qapısında eyni rolu oynayır. Tarix dəyişir, amma Ermənistanın siyasi davranışı dəyişmir.
ABŞ dövlət katibi Mark Rubionun mümkün İrəvan səfəri, Vaşinqton-İrəvan xəttində artan fəallıq, Donald Trampla qurulan əlaqələr, Avropanın Ermənistana verdiyi siyasi mesajlar-bunların hamısı ilk baxışda Ermənistanın “Qərbə inteqrasiya” görüntüsü yaradır. Amma məsələnin dərinliyinə enəndə görünən mənzərə tamam başqadır. Burada söhbət müstəqil siyasi kursdan yox, yenə də hansısa böyük gücün himayəsinə sığınmaq cəhdindən gedir.
Ermənistan illərlə Rusiyanın hesabına ayaqda qaldı. Təhlükəsizlik sistemi Moskvanın nəzarətində quruldu, iqtisadiyyatının strateji sahələri rus şirkətlərinə verildi, enerji təminatı Kremlin əlində cəmləndi. Ermənistanın qazı Rusiyadan gəldi, atom elektrik stansiyası rus texnologiyası ilə işlədildi, sərhədlərini rus əsgərləri qorudu. Hətta Ermənistan iqtisadiyyatına nəfəs verən əsas mənbələrdən biri Rusiyada çalışan ermənilərin göndərdiyi milyardlarla dollar oldu. Bu, danılmaz reallıqdır.
Amma indi eyni Ermənistan Rusiyanın yaratdığı təhlükəsizlik çətirindən istifadə edə-edə Qərblə yaxınlaşmağa çalışır. Bu, nə ilkdir, nə də son olacaq. Ermənistan tarix boyu məhz bu taktika ilə mövcud olub. Bir gücün hesabına möhkəmlənib, sonra başqa güclə masaya oturub əvvəlkini təzyiq vasitəsinə çevirmək. Bu siyasətin adı diplomatiya deyil. Bu, fürsətçilikdir.
Ən maraqlısı isə budur ki, Moskva bütün bu proseslərə baxmayaraq hələ də sərt reaksiyadan yayınır. Halbuki Kremlin əlində Ermənistanı bir neçə ay içində ciddi böhranla üz-üzə qoya biləcək kifayət qədər rıçaq var. “Qazprom” qazın qiymətini artırsa və ya təchizatı dayandırsa, Ermənistan iqtisadiyyatı ağır zərbə alar. Metsamor AES-ə texniki dəstək dayansa, ölkə enerji böhranı yaşayar. Rus sərhədçiləri İran və Türkiyə sərhədindən çəkilsə, İrəvanın təhlükəsizlik mifinin necə dağıldığı dərhal görünər. Üstəlik, Rusiyanın Ermənistandakı iqtisadi təsir imkanları hələ də çox böyükdür.
Lakin Kreml hələlik gözləmə mövqeyi tutur. Bəlkə də Moskva yaxşı bilir ki, Ermənistanın siyasi xarakteri dəyişməyib. Çünki İrəvanın bugünkü Qərb sevgisi prinsipial seçimdən yox, növbəti geosiyasi fürsətdən qaynaqlanır. Sabah güc balansı dəyişsə, Ermənistan yenə başqa qapıya yönələcək. Tarix bunu dəfələrlə göstərib.
Bu reallıq fonunda bölgədə yaranan yeni mənzərə bir həqiqəti daha açıq göstərir: Cənubi Qafqazda uzunmüddətli və etibarlı siyasət yalnız milli maraqlar üzərində qurula bilər. Xarici güclərin hesabına qurulan strategiyalar isə müvəqqətidir. Ermənistan isə hələ də bunu anlamaq istəmir və görünür, yenə eyni tarixi səhvi təkrarlamağa hazırlaşır".
Cavanşir Abbaslı
Musavat.com