AZ

Milli dövlətçilik ənənələrindən hüquqi dövlətə: müstəqillik,  suverenlik və insan hüquqları

28 May - Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, milli iradənin, azadlıq ideyasının və müasir dövlətçilik düşüncəsinin hüquqi-siyasi ifadəsini özündə əks etdirən əlamətdar tarixdir. Bu gün yalnız müstəqil dövlətin yaradılmasını xatırladan tarixi hadisə kimi qiymətləndirilmir. Onun mahiyyətində xalqın öz müqəddəratını müəyyən etmək hüququnun həyata keçirilməsi, demokratik idarəçilik prinsiplərinin formalaşdırılması və insan hüquq və azadlıqlarına əsaslanan dövlət modelinin təməlinin qoyulması dayanır.

Dövlətçilik tarixinin müxtəlif mərhələlərinin təhlili göstərir ki, siyasi müstəqillik və hüquqi dövlət anlayışları bir-birindən ayrı proseslər kimi mövcud olmur. Dövlətin müstəqilliyi və suverenliyi onun yalnız beynəlxalq hüququn subyekti kimi tanınması ilə müəyyən edilmir. Bu anlayış daha geniş məzmun daşıyaraq dövlət hakimiyyətinin səmərəli təşkilini, milli maraqların qorunmasını, hüquqi institutların fəaliyyətini və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini özündə ehtiva edir.

Tarixi təcrübə bir daha təsdiq edir ki, müstəqil dövlətçilik, ictimai-siyasi sabitlik, hüquqi dövlət institutlarının möhkəmliyi və qanunun aliliyinin təmin olunması insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin əsas şərtlərindəndir. İnsan hüquqlarına hörmət, qanunun aliliyi və səmərəli hüquqi təminat mexanizmləri isə dövlətin dayanıqlı inkişafının mühüm əsaslarını təşkil edir. Məhz buna görə müstəqillik, suverenlik və insan hüquqları qarşılıqlı şəkildə bir-birini tamamlayan fundamental dəyərlər kimi çıxış edir.

Azərbaycan xalqının dövlətçilik tarixində bu dəyərlər müxtəlif mərhələlərdə fərqli formalarda özünü göstərmişdir. Xüsusilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə milli dövlətçilik düşüncəsi yeni siyasi məzmun qazanmış, xalq hakimiyyəti, hüquq bərabərliyi və demokratik idarəetmə prinsiplərinə əsaslanan dövlət modelinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Sonrakı dövrlərdə tarixi və siyasi proseslərin təsiri ilə dövlətçilik ənənələrinin inkişaf trayektoriyası dəyişsə də, müstəqillik ideyası xalqın ictimai-siyasi düşüncəsində öz əhəmiyyətini qoruyub saxlamışdır.

XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, hüquqi dövlət quruculuğu, demokratik institutların möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsinin institusional əsaslarının yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Müasir mərhələdə insan hüquqlarının təmin olunması dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilmiş, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və müstəqil institutların fəaliyyətinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

 

Azərbaycan Xalq Cümhuriyyəti: demokratik dövlətçilik və                                               insan hüquqları ənənələrinin əsası

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu tarixi hadisə yalnız müstəqil dövlətin qurulması ilə məhdudlaşmamış, milli siyasi düşüncənin, xalq hakimiyyəti ideyasının və müasir dövlətçilik prinsiplərinin real siyasi-hüquqi müstəviyə keçməsinin mühüm göstəricisinə çevrilmişdir. Uzun müddət davam edən mürəkkəb ictimai-siyasi proseslərdən sonra Azərbaycan xalqı öz müqəddəratını müstəqil şəkildə müəyyən etmək imkanı qazanmış, dövlət hakimiyyətinin təşkili, hüquqi idarəçilik və vətəndaş cəmiyyəti münasibətlərinə dair yeni yanaşma ortaya qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması yalnız region miqyasında deyil, bütövlükdə dünya siyasi tarixində mühüm hadisələrdən biri kimi dəyərləndirilir. Şərqdə və müsəlman dünyasında ilk parlamentli respublikanın qurulması həmin dövr üçün mütərəqqi siyasi qərar olmaqla yanaşı, demokratik dövlətçilik modelinin gerçəkləşdirilməsi baxımından da mühüm addım idi. Cümhuriyyət qurucuları dövlət idarəçiliyini müasir hüquqi və siyasi prinsiplər əsasında formalaşdırmağa çalışır, hakimiyyətin legitimliyini xalq iradəsi ilə bağlayırdılar.

Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmiş İstiqlal Bəyannaməsi dövlət quruculuğunun hüquqi və siyasi əsaslarını müəyyən edən fundamental sənəd kimi xüsusi əhəmiyyət daşıyırdı. Bu sənəddə dövlət hakimiyyətinin xalqa məxsusluğu, Azərbaycanın tamhüquqlu müstəqil dövlət kimi fəaliyyət göstərməsi, vətəndaşların hüquq bərabərliyinin təmin olunması və ölkə ərazisində yaşayan xalqların sərbəst inkişafı üçün şərait yaradılması kimi mühüm müddəalar təsbit edilmişdi. Həmin prinsiplərin yeni yaranmış respublikanın dövlət idarəçiliyi konsepsiyasında əsas yer tutması Azərbaycan dövlətçilik təfəkkürünün yetkinliyini və mütərəqqi mahiyyətini aydın şəkildə nümayiş etdirirdi.

İstiqlal Bəyannaməsində ifadə olunan bu yanaşma Cümhuriyyətin sonrakı fəaliyyətində də özünü göstərmişdir. Vətəndaşların etnik mənsubiyyətindən, dini baxışlarından, sosial mövqeyindən və digər fərqləndirici xüsusiyyətlərindən asılı olmayaraq bərabər hüquqlara malik olması ideyası dövlət siyasətinin mühüm mənəvi-hüquqi dayaqlarından biri kimi qəbul edilirdi. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin yalnız milli istiqlal ideyasına əsaslanan siyasi model olmadığını, həm də insan ləyaqətinə, hüquqi bərabərliyə və ədalətli ictimai münasibətlərə söykənən dövlətçilik ənənəsi formalaşdırmağa çalışdığını göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin dünya siyasi və hüquqi tarixində mühüm yer tutan qərarlarından biri qadınlara seçmək və seçilmək hüququnun verilməsi olmuşdur. Həmin dövrdə bir sıra inkişaf etmiş ölkələrdə qadınların siyasi hüquqları ilə bağlı məhdudiyyətlər mövcud olduğu halda, Azərbaycanda qadınların seçki hüququ qanunvericilik səviyyəsində tanınmışdı. Bu tarixi addım Cümhuriyyətin insan amilinə, hüquq bərabərliyi prinsipinə və cəmiyyətin demokratik inkişafına verdiyi yüksək dəyərin mühüm göstəricisi idi.

Cümhuriyyət dövründə dövlət institutlarının formalaşdırılması istiqamətində görülən işlər də xüsusi əhəmiyyət daşıyırdı. Parlamentin fəaliyyəti, çoxpartiyalı siyasi sistemin təşəkkülü, milli ordunun yaradılması, təhsil sahəsində islahatların aparılması və hüquqi idarəetmə mexanizmlərinin qurulması dövlət quruculuğunun əsas dayaqlarını təşkil edirdi. Cümhuriyyətin qısa fəaliyyət dövrü qarşıya qoyulmuş bütün məqsədlərin tam reallaşdırılmasına imkan verməsə də, həmin mərhələdə formalaşmış siyasi-hüquqi yanaşmalar milli dövlətçilik ənənələrinin sonrakı inkişafına mühüm təsir göstərmişdir.

Mürəkkəb beynəlxalq və regional siyasi şərait Azərbaycan Xalq Cümhuriyyətinin uzun müddət fəaliyyət göstərməsinə imkan vermədi. 1920-ci il aprelin 28-də Cümhuriyyət süquta uğradı və Azərbaycan sovet hakimiyyəti sisteminə daxil edildi. Sonrakı təxminən yetmiş il ərzində ölkə Sovet İttifaqının tərkibində olsa da, milli dövlətçilik ideyası xalqın tarixi yaddaşından silinmədi. Müstəqillik ənənələri, milli kimlik və dövlətçilik düşüncəsi müxtəlif formalarda qorunub saxlanıldı, XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi üçün mühüm mənəvi-siyasi zəmin yaratdı.

Bu tarixi varislik müstəqilliyin bərpasından sonra Azərbaycan dövlətçiliyinin yeni siyasi və hüquqi məzmun qazanmasında mühüm rol oynadı. Cümhuriyyət dövründə əsası qoyulmuş demokratik idarəçilik, xalq hakimiyyəti, hüquq bərabərliyi və insan ləyaqətinə hörmət kimi prinsiplər müasir Azərbaycan dövlətinin hüquqi dövlət quruculuğu xəttində yeni tarixi şəraitə uyğun şəkildə davam etdirildi.

 

 

 

Müstəqilliyin bərpası və müasir Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri

 

XX əsrin sonlarında beynəlxalq siyasi sistemdə baş verən ciddi dəyişikliklər Azərbaycan xalqının milli dövlətçilik iradəsinin yenidən gerçəkləşməsi üçün tarixi şərait yaratdı. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan dövlət müstəqilliyini bərpa edərək, özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi. Bununla milli dövlətçilik tarixində yeni mərhələnin əsası qoyuldu.

Lakin müstəqilliyin hüquqi sənədlərlə təsbit edilməsi onun real siyasi, iqtisadi və institusional məzmunla möhkəmləndirilməsini zəruri edirdi. İlk illərdə ölkə mürəkkəb ictimai-siyasi və iqtisadi proseslərlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü, torpaqların işğalı, daxili siyasi qarşıdurmalar, iqtisadi tənəzzül və idarəetmə sistemində yaranmış problemlər dövlətçilik üçün ciddi çağırışlar doğururdu.

Dövlətçilik tariximizdə 15 İyun - Milli Qurtuluş Günü xüsusi siyasi və tarixi əhəmiyyətə malikdir. Müstəqilliyin ilk illərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət dövlət müstəqilliyinin gələcəyini ciddi sınaq qarşısında qoymuşdu. Ermənistanın hərbi təcavüzü, torpaqların işğalı, daxili siyasi qarşıdurmalar, iqtisadi tənəzzül və idarəetmə sahəsində müşahidə olunan problemlər yeni bərpa edilmiş dövlətçiliyin möhkəmləndirilməsini zəruri edirdi. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı milli dövlətçilik ənənələrinin qorunması, sabitliyin təmin edilməsi və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından dönüş nöqtəsinə çevrildi.

Həmin mərhələdə qarşıda duran əsas vəzifə yalnız siyasi böhranın aradan qaldırılması ilə məhdudlaşmırdı. Dövlət hakimiyyətinin səmərəli fəaliyyətinin təmin edilməsi, ictimai etimadın bərpası, vətəndaşların təhlükəsizliyinin qorunması və hüquqi idarəçilik mexanizmlərinin işlək vəziyyətə gətirilməsi müstəqil dövlətin gələcək inkişafı üçün həyati əhəmiyyət daşıyırdı. Çünki hüquqi institutların zəif fəaliyyət göstərdiyi, idarəetmə mexanizmlərinin ardıcıl işləmədiyi şəraitdə insan hüquq və azadlıqlarının etibarlı təminatı da çətinləşir. Bu mənada 1993-cü ildən başlanan yeni siyasi mərhələ dövlət müstəqilliyinin real məzmunla möhkəmləndirilməsi baxımından həlledici təsirə malik oldu.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, qanunçuluğun möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl islahatlar həyata keçirildi. Dövlətçiliyin qorunması, milli maraqların müdafiəsi, hüquqi institutların inkişafı və vətəndaşların hüquqlarının təmin olunması həmin dövrün əsas prioritetləri sırasında yer aldı. Məhz bu mərhələdə müstəqil Azərbaycanın hüquqi və institusional əsasları daha sistemli şəkildə formalaşmağa başladı.

Bu proses hüquqi sistemin yenilənməsi və qanunvericilik bazasının müasir dövlətçilik prinsiplərinə uyğun qurulmasını da əhatə edirdi. Məhkəmə-hüquq islahatları, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində beynəlxalq standartların milli hüquq sisteminə inteqrasiyası və vətəndaşların hüquqlarının müdafiəsi mexanizmlərinin inkişaf etdirilməsi hüquqi dövlət modelinin formalaşmasına xidmət edən əsas amillərdən oldu. Bu islahatlar müstəqilliyin yalnız siyasi-hüquqi status kimi deyil, həm də işlək dövlət institutları, qanunun aliliyi və insan hüquqlarına əsaslanan idarəçilik sistemi kimi möhkəmlənməsinə şərait yaratdı.

Sonrakı mərhələdə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitin tələblərinə uyğun şəkildə davam etdirildi. Bu siyasi varislik müasir Azərbaycan dövlətçiliyinin institusional inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Sosial-iqtisadi islahatların dərinləşdirilməsi, dövlət xidmətlərinin müasirləşdirilməsi, idarəetmədə səmərəliliyin artırılması və insan hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi daha sistemli məzmun qazandı.

Müstəqilliyin bərpasından sonrakı tarixi təcrübə göstərdi ki, hüquqi dövlətin formalaşması yalnız normativ hüquqi bazanın yaradılması ilə başa çatan proses deyildir. Bu, dövlət institutlarının səmərəli fəaliyyəti, ictimai etimadın möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının müdafiə mexanizmlərinin davamlı inkişafı ilə bağlı uzunmüddətli dövlətçilik strategiyasıdır. Azərbaycanın müasir inkişaf yolu da məhz müstəqillik, suverenlik, hüquqi dövlətçilik və insan hüquqları arasında üzvi əlaqənin qorunması üzərində qurulmuşdur.

 

Konstitusion əsaslar və insan hüquqlarının təminat sistemi

 

Müasir dövlətçilik sistemində Konstitusiya dövlət hakimiyyətinin təşkili prinsiplərini müəyyən edən normativ sənəd olmaqla yanaşı, dövlətin siyasi-hüquqi fəlsəfəsini, insan və dövlət münasibətlərinin mahiyyətini, cəmiyyətin inkişaf istiqamətlərini əks etdirən ali hüquqi baza rolunu oynayır. Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun başlıca istiqamətləri də Konstitusiyanın müəyyən etdiyi dəyərlər və prinsiplər əsasında formalaşmışdır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil Azərbaycanın ilk milli Konstitusiyası kimi ölkənin siyasi və hüquqi inkişafında mühüm mərhələ təşkil etmişdir. Onun qəbul edilməsi dövlət idarəçiliyinin konstitusion əsaslarını möhkəmləndirməklə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsi üçün yeni institusional təminat sistemi yaratmışdır.

Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi müəyyən edilməsidir. Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının geniş dairəsi təsbit olunmuş, onların qorunması dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. Bu hüquqlar sırasında yaşamaq hüququ, azadlıq, şəxsi toxunulmazlıq və təhlükəsizlik hüququ, mənzil toxunulmazlığı, şəxsi və ailə həyatının sirrinin qorunması, şərəf və ləyaqətin müdafiəsi kimi şəxsi hüquqlar mühüm yer tutur. Bununla yanaşı, fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq, birləşmək və məlumat azadlığı kimi mülki və siyasi hüquqlar vətəndaşların dövlət və cəmiyyət həyatında fəal iştirakının hüquqi əsaslarını formalaşdırır. Konstitusiyada mülkiyyət hüququ, əmək hüququ, istirahət hüququ, sosial təminat hüququ, sağlamlığın qorunması, təhsil və mədəni həyatda iştirak hüququ kimi iqtisadi, sosial və mədəni hüquqların təsbit edilməsi isə insan amilinin dövlət siyasətinin mərkəzində dayandığını göstərir. Bu hüquqların konstitusion səviyyədə tanınması müstəqil Azərbaycan dövlətinin hüquqi dövlət quruculuğunu insan ləyaqəti, qanunun aliliyi və sosial ədalət prinsipləri üzərində inkişaf etdirmək iradəsini ifadə edir.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun inkişafı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatlarla müşayiət olunmuşdur. Bu məqsədlə qəbul edilmiş dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər strateji sənədlər insan hüquqlarının təminatı üzrə hüquqi və institusional imkanların genişləndirilməsinə xidmət etmişdir. İnsan hüquqlarının müdafiəsinə dövlət siyasətində xüsusi önəm verilməsi hüquq sisteminin humanist dəyərlər əsasında inkişafına mühüm təsir göstərmişdir. Ölüm hökmünün ləğvi, əfvetmə institutunun bərpası və amnistiya aktlarının geniş tətbiqi, seçki sisteminin təkmilləşdirilməsi, mətbuat üzərində dövlət senzurasının aradan qaldırılması, söz, fikir və məlumat azadlığının hüquqi əsaslarının möhkəmləndirilməsi bu sahədə həyata keçirilmiş mühüm tədbirlər sırasında xüsusi yer tutur. Məhkəmə-hüquq sistemində aparılan islahatlar və beynəlxalq standartların milli qanunvericiliyə inteqrasiyası isə insan hüquqlarının müdafiəsi mexanizmlərinin inkişafına mühüm töhfə vermişdir.

Konstitusiyada dövlət hakimiyyətinin bölünməsi prinsipinin təsbit olunması hüquqi dövlət modelinin başlıca şərtlərindən biri kimi çıxış edir. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsünün müəyyən edilməsi dövlət hakimiyyətinin balanslı fəaliyyətinə, idarəetmədə hüquqi təminatların gücləndirilməsinə və vətəndaş hüquqlarının daha səmərəli qorunmasına şərait yaradır. Bu prinsip dövlətin fəaliyyətində qanunçuluğun, məsuliyyətin və institusional tarazlığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Həmçinin, Azərbaycan Respublikasının hüquq sisteminin inkişafında beynəlxalq hüququn ümumtanınmış prinsip və normaları da mühüm rola malikdir. İnsan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulma və onlardan irəli gələn öhdəliklərin milli səviyyədə icrası hüquq və azadlıqların müdafiəsini daha geniş təminat mexanizmləri üzərində qurmağa imkan yaratmışdır. Bu yanaşma beynəlxalq təcrübənin milli hüquqi mühitə uyğun şəkildə tətbiqinə, qanunvericiliyin müasir standartlarla uzlaşdırılmasına və insan hüquqlarının müdafiəsi sahəsində institusional imkanların gücləndirilməsinə xidmət etmişdir.

Qeyd edək ki, hüquqi dövlət prinsiplərinin praktik həyata keçirilməsi yalnız normativ hüquqi bazanın mövcudluğu ilə yekunlaşmır. Hüquqların müdafiəsi üzrə səmərəli mexanizmlərin yaradılması, müvafiq institutların fəaliyyətinin gücləndirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsi və hüquqi maarifləndirmənin genişləndirilməsi bu prosesin ayrılmaz tərkib hissələrindəndir. Vətəndaşların hüquqi biliklərinin artırılması, qanuna hörmət və hüquq mədəniyyətinin inkişafı hüquqi dövlətin dayanıqlılığını təmin edən mühüm amillər sırasında yer alır.

Azərbaycan Respublikasında həyata keçirilən hüquqi və institusional islahatlar göstərir ki, hüquqi dövlətin formalaşdırılması davamlı, mərhələli və daim təkmilləşən prosesdir. İnsan hüquq və azadlıqlarının etibarlı təminatı bu prosesin əsas məzmununu təşkil edir, dövlət siyasətinin sosial və humanist mahiyyətini daha aydın şəkildə ifadə edir.

 

Ombudsman institutu insan hüquqlarının müdafiəsinin müstəqil                                təminat mexanizmi kimi

 

Müasir hüquqi dövlət sistemində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yalnız məhkəmə müdafiə vasitələri ilə məhdudlaşmır. Hüquqların daha çevik, əlçatan və səmərəli müdafiəsini təmin edən məhkəmədənkənar mexanizmlər də bu sistemin mühüm elementlərindən biridir. Belə institutlardan biri olan Ombudsman təsisatı insan və dövlət münasibətlərində hüquq və azadlıqların müdafiəsini həyata keçirən, insan hüquqları standartlarının tətbiqinə dəstək verən və hüquq pozuntularının qarşısının alınmasına yönəlmiş mühüm institusional mexanizm kimi çıxış edir. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, habelə hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxılması bu təsisatın müdafiə mexanizmi kimi praktik əhəmiyyətini daha aydın göstərir.

Bu yanaşma Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu prosesində də öz əksini tapmışdır. Ombudsman institutunun yaradılması insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş mühüm institusional islahatlardan biri olmuşdur. Bu təsisatın formalaşdırılması ideyası Ümummilli Lider Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təminatına yönəlmiş dövlət siyasətinin mühüm tərkib hissəsi kimi irəli sürülmüşdür. Ulu Öndərin ölkə Prezidenti kimi imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanında, habelə həmin Fərmandan irəli gələn məqsəd və vəzifələr nəzərə alınmaqla 1998-ci il 18 iyun tarixli Sərəncamla təsdiq edilmiş ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmışdır. Həmin strateji xəttin davamı olaraq “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” 2001-ci il 28 dekabr tarixli Konstitusiya Qanununun qəbul edilməsi ilə insan hüquqlarının müdafiəsinin müstəqil məhkəmədənkənar mexanizmi formalaşdırılmışdır. Ombudsmanın fəaliyyətinin Konstitusiya və Konstitusiya Qanunu səviyyəsində müəyyən edilməsi bu institutun hüquqi statusunun və müstəqillik təminatlarının mühüm göstəricilərindən hesab olunur.

Ombudsman öz səlahiyyətlərini müstəqil şəkildə həyata keçirir və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedir. Müvəkkilin müstəqilliyi onun dəyişilməzliyi, toxunulmazlığı, fəaliyyətinə dövlət orqanları, bələdiyyələr, digər qurumlar və onların vəzifəli şəxsləri tərəfindən müdaxilənin yolverilməzliyi, maddi və sosial təminatlarla qorunması kimi mühüm hüquqi zəmanətlər vasitəsilə təmin olunur. Fövqəladə və ya hərbi vəziyyətin, habelə sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi Müvəkkilin fəaliyyətinin dayandırılmasına və ya məhdudlaşdırılmasına səbəb olmur. Bu müddəalar Ombudsman institutunun yalnız adi inzibati mexanizm kimi deyil, insan hüquqlarının müdafiəsi sahəsində xüsusi konstitusion statusa malik müstəqil təsisat kimi formalaşdırıldığını göstərir.

Konstitusiya Qanununda nəzərdə tutulmuş toxunulmazlıq təminatları Müvəkkilin funksional müstəqilliyini daha da gücləndirir. Müvəkkilin səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma halları istisna olmaqla cinayət məsuliyyətinə cəlb edilə bilməməsi, tutula və saxlanıla bilməməsi, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirlərinin tətbiq olunmaması, axtarışa və şəxsi müayinəyə məruz qalmaması bu institutun hüquqi müdafiə mexanizmlərinin mühüm tərkib hissəsidir. Müvəkkilin toxunulmazlığının onun mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf və elektron yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilməsi həmin təminatların geniş hüquqi məzmuna malik olduğunu göstərir. Vəzifədən getdikdən sonra da səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazlığın saxlanılması Ombudsmanın qərar qəbulunda sərbəstliyini və institusional müstəqilliyini təmin edən mühüm amillərdəndir.

Bu hüquqi təminatlar Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində səmərəli və müstəqil fəaliyyət göstərməsi üçün zəruri əsas yaradır. İnsan hüquq və azadlıqlarının pozulmasına dair şikayətlərin araşdırılması Müvəkkilin mandatında mühüm yer tutur. Daxil olan şikayətlər operativ və obyektiv qaydada araşdırılır, pozulmuş hüquqların bərpası məqsədilə aidiyyəti dövlət orqanları qarşısında müvafiq məsələlər qaldırılır və bir çox hallarda konkret nəticələrin əldə olunmasına nail olunur. Bu prosesdə uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, şəhid ailələrinin, müharibə iştirakçılarının, qaçqın, keçmiş məcburi köçkün və miqrantların, həmçinin digər sosial həssas qrupların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Belə yanaşma Ombudsman institutunun insan hüquqlarının müdafiəsi mexanizmi kimi sosial yönümlü, inklüziv və praktiki nəticəyə hesablanmış xarakterini daha aydın ifadə edir.

İnsan hüquqlarının müdafiəsi sahəsində preventiv yanaşmanın tətbiqi Ombudsmanın mandatında mühüm yer tutur. Bu yanaşma hüquq pozuntularının yalnız nəticələrinin aradan qaldırılmasına deyil, onların yaranma səbəblərinin müəyyən edilməsinə və qarşısının alınmasına yönəlir. “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiyanın Fakültativ Protokolu”ndan irəli gələn milli preventiv mexanizm funksiyasının Ombudsman tərəfindən həyata keçirilməsi işgəncə və digər qeyri-insani rəftar hallarının qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu mandat çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm, o cümlədən əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələrin həyata keçirilməsi, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, aidiyyəti qurumlara tövsiyələrin verilməsi həmin müəssisələrdə insan hüquqlarının təmin olunması vəziyyətini obyektiv qiymətləndirməyə imkan yaradır. Bu fəaliyyət preventiv başçəkmələr, hüquqi təhlil, hüquqi maarifləndirmə, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq kimi istiqamətlər üzrə həyata keçirilir.

Son illərdə Ombudsmanın səlahiyyətlərinin genişləndirilməsi insan hüquqlarının müdafiəsinin institusional əsaslarını daha da möhkəmləndirmişdir. 2023-cü il 9 iyun tarixli dəyişikliklərə əsasən, Ombudsman “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.

Bununla əlaqədar insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə Ombudsman Aparatında müvafiq monitorinq qruplarının yaradılması, monitorinqlərin keçirilməsi, qanunvericiliyin təhlili, maarifləndirmə, hesabatların hazırlanması, dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinə dəstək verilməsi və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq Ombudsman institutunun mandatına daha geniş və praktik məzmun qazandırmışdır.

Müvəkkilin informasiya əldə etmək hüququnun təmin olunmasına nəzarət etməsi, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və amnistiya elan edilməsi ilə bağlı Milli Məclisə təkliflər verməsi, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları və konsepsiyaların icrası prosesini təhlil edərək müvafiq monitorinq və qiymətləndirmə qurumuna rəy və təkliflər təqdim etməsi, habelə yerli, regional və beynəlxalq qurumlarla əməkdaşlıq imkanları Ombudsman institutunun hüquqi dövlət quruculuğundakı roluna daha geniş məzmun qazandırır. Bu geniş funksional mandat insan hüquqlarının müdafiəsi ilə yanaşı, onların təşviqi və cəmiyyətdə hüquqi maarifləndirmənin gücləndirilməsini də Ombudsman fəaliyyətinin mühüm istiqamətlərindən birinə çevirir. Bu sahədə sistemli fəaliyyətin əsası Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ilə qoyulmuş, 18 iyun tarixinin İnsan Hüquqları Günü kimi təsis edilməsi isə insan hüquqları ideyasının cəmiyyətdə daha geniş təşviqinə zəmin yaratmışdır.

Ombudsmanın təşəbbüsü ilə hər il 18 may - 18 iyun tarixlərində keçirilən “İnsan Hüquqları Aylığı” hüquqi maarifləndirmə və ictimai məlumatlandırma baxımından mühüm platforma rolunu oynayır. Aylıq çərçivəsində ölkənin müxtəlif bölgələrində dövlət qurumlarının, təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının, media nümayəndələrinin və digər tərəflərin iştirakı ilə təlimlər, elmi-praktik konfranslar, görüşlər və digər maarifləndirici tədbirlər təşkil olunur, insan hüquqları ilə bağlı aktual məsələlər ətrafında müzakirələr aparılır.

Bu təşəbbüslər vətəndaşların hüquqi məlumatlılığının artırılmasına, hüquq düşüncəsinin inkişafına və cəmiyyətdə qanuna hörmət ruhunun möhkəmləndirilməsinə xidmət edir. Çünki insan hüquqlarının effektiv müdafiəsi yalnız hüquqi mexanizmlərin mövcudluğu ilə deyil, həm də insanların öz hüquq və vəzifələri barədə məlumatlı olması və hüquqi mədəniyyətin ictimai münasibətlərdə davranış normasına çevrilməsi ilə təmin olunur.

Müasir dövrdə rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi, süni intellektin etik tətbiqi, sosial inklüzivlik və postmünaqişə reallıqları insan hüquqları sahəsində maarifləndirmə fəaliyyətinin əhatə dairəsini daha da genişləndirir. Ombudsman institutunun hüquqi maarifləndirmə, ictimai məlumatlandırma, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyəti insan hüquqlarının təşviqi, hüquqi biliklərin artırılması və cəmiyyətdə hüquq mədəniyyətinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

 

Yeni mərhələ: tam suverenlik və insan hüquqlarının müasir çağırışları

 

Azərbaycan Respublikasının dövlətçilik tarixində son illərdə baş vermiş hadisələr ölkənin inkişafında keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli təhlükəsizlik sisteminin gücləndirilməsi və suverenliyin ölkənin bütün ərazisində təmin olunması müasir dövlətçilik siyasətinin strateji məzmununu daha da zənginləşdirmişdir. Dövlətin öz əraziləri üzərində tam və səmərəli hakimiyyət həyata keçirməsi yalnız siyasi-hüquqi məsələ kimi qiymətləndirilməməli, həm də insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri şərt kimi nəzərdən keçirilməlidir.

2020-ci ildə Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər və bundan sonra həyata keçirilən ardıcıl tədbirlər ölkənin ictimai-siyasi həyatında yeni reallıqlar yaratmışdır. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması milli dövlətçilik tarixinin həlledici mərhələlərindən birinə çevrilmişdir. Bu proses uzun illər ərzində pozulmuş hüquqların bərpası, məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşların doğma yurdlarına qayıdış hüququnun gerçəkləşdirilməsi və tarixi ədalətin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Hazırda həyata keçirilən Böyük Qayıdış Proqramı sosial, iqtisadi və hüquqi istiqamətləri birləşdirən kompleks dövlət siyasətinin əsas komponentlərindən biridir. İşğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması, sosial xidmətlərin təşkili və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi qayıdış prosesini yalnız məskunlaşma məsələsi kimi deyil, həm də insan hüquqlarının praktik reallaşması mərhələsi kimi səciyyələndirir. Müasir şəhərsalma prinsiplərinin tətbiqi, əlçatan mühitin formalaşdırılması və dayanıqlı inkişaf yanaşmalarının nəzərə alınması bu prosesdə insan amilinin, sosial inklüzivliyin və ləyaqətli həyat şəraitinin əsas meyar kimi qəbul edildiyini göstərir.

Müasir dövrün inkişaf dinamikası insan hüquqlarının müdafiəsi qarşısında yeni vəzifələr müəyyən edir. Rəqəmsal texnologiyaların geniş tətbiqi, süni intellekt sistemlərinin sürətli inkişafı, fərdi məlumatların qorunması, informasiya təhlükəsizliyi, iqlim dəyişiklikləri və sosial münasibətlərdə baş verən transformasiyalar hüquqi yanaşmaların davamlı şəkildə yenilənməsini zəruri edir. Texnoloji tərəqqi cəmiyyət və dövlət idarəçiliyi üçün geniş imkanlar açsa da, şəxsi həyatın toxunulmazlığı, məlumatların təhlükəsizliyi, alqoritmik qərarların şəffaflığı və rəqəmsal mühitdə hüquqların müdafiəsi ilə bağlı yeni çağırışları da aktuallaşdırır. Bu səbəbdən insan hüquqlarının qorunması ilə texnoloji inkişaf arasında tarazlıq mexanizmlərinin formalaşdırılması müasir hüquqi dövlətin mühüm vəzifələrindən biri kimi çıxış edir.

Belə şəraitdə müasir hüquqi dövlət modeli dəyişən ictimai münasibətlərə uyğunlaşan, çevik və səmərəli institusional mexanizmlərə əsaslanmalıdır. İnsan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi, hüquqi institutların fəaliyyətinin gücləndirilməsi, rəqəmsal mühitdə hüquqların qorunması və hüquqi maarifləndirmənin genişləndirilməsi qarşıdakı dövr üçün xüsusi əhəmiyyət daşıyan vəzifələr sırasında yer alır. Bu proses həm milli qanunvericiliyin inkişafını, həm də beynəlxalq insan hüquqları standartlarının müasir çağırışlara uyğun şəkildə nəzərə alınmasını zəruri edir.

Azərbaycan xalqının dövlətçilik tarixinin müxtəlif mərhələlərinə nəzər saldıqda aydın görünür ki, müstəqillik ideyası yalnız siyasi iradənin ifadəsi olmamış, həm də milli inkişaf düşüncəsinin əsas dayaqlarından birinə çevrilmişdir. Tarixi proseslər müxtəlif dövrlərdə fərqli siyasi və hüquqi şərait formalaşdırsa da, dövlətçilik ənənələrinin qorunması, milli kimliyin saxlanılması və müstəqil inkişaf amalına sadiqlik xalqımızın strateji dəyərləri sırasında daim xüsusi yer tutmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş demokratik idarəçilik prinsipləri, hüquq bərabərliyi ideyası və insan hüquqlarına əsaslanan yanaşmalar sonrakı mərhələlərdə milli dövlətçilik düşüncəsinin mühüm tərkib hissəsinə çevrilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra həyata keçirilən hüquqi və institusional islahatlar həmin tarixi ənənələrin yeni siyasi-hüquqi şəraitdə inkişaf etdirilməsinə imkan yaratmış, müasir Azərbaycan dövlətçiliyinin konstitusion əsaslarını daha da möhkəmləndirmişdir.

Müasir Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən ardıcıl tədbirlər insan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsinə, dövlət idarəçiliyində səmərəliliyin artırılmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə mühüm təsir göstərmişdir. Konstitusion dəyərlərin möhkəmləndirilməsi, hüquqi təminat mexanizmlərinin inkişafı, müstəqil institutların imkanlarının genişləndirilməsi və sosial yönümlü dövlət siyasətinin davam etdirilməsi bu prosesin əsas məzmununu təşkil edir.

Müasir dövrdə dövlətin inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardan biri insan hüquqlarının təminatına münasibətdir. Dövlətin gücü təkcə iqtisadi və siyasi imkanlarla ölçülmür; hüququn aliliyinə əsaslanan idarəçilik sistemi, insan ləyaqətinə hörmət, vətəndaşların səmərəli hüquqi müdafiə imkanları və cəmiyyətlə dövlət arasında qarşılıqlı etimad da inkişafın mühüm göstəriciləri sırasında yer alır. Bu mənada insan hüquqları hüquqi dövlətin yalnız nəticəsi deyil, onun davamlılığını və legitimliyini müəyyən edən əsas dəyərlərdən biridir.

Azərbaycan Respublikası bu gün dövlət müstəqilliyinə, milli maraqlara, hüququn aliliyinə və insan amilinə əsaslanan inkişaf modelini ardıcıl şəkildə davam etdirir. Tarixi təcrübə göstərir ki, milli dövlətçilik ənənələrinə söykənən, suverenliyini tam təmin edən, insan hüquqlarını dövlət siyasətinin mərkəzində saxlayan və hüquqi institutların davamlı inkişafına xüsusi diqqət yetirən dövlət modeli gələcək tərəqqi üçün möhkəm əsas yaradır. Müstəqillik, suverenlik və insan hüquqları arasında mövcud olan qarşılıqlı bağlılıq Azərbaycanın müasir inkişaf strategiyasının aparıcı xətti kimi bundan sonra da öz əhəmiyyətini qoruyacaqdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və cəmiyyətdə insan hüquqlarına hörmət dəyərlərinin təşviqi istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.

 

 Səbinə Əliyeva

 

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman),

hüquq üzrə fəlsəfə doktoru

 

 

Seçilən
4
3
ikisahil.az

4Mənbələr