Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
Moderator.az onunla müsahibəni təqdim edir:
- Natiq bəy, ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkədə keçiriləcək parlament seçkilərində dəstəklədiyini bəyan edib. Ağ Ev rəhbəri Qafqazla bağlı da bir çox mesajlar səsləndirib. Vaşinqtonun bölgə ilə bağlı əsas hədəfləri nədən ibarətdir?
- Son zamanlar dünya və regional mediada belə bir fikir formalaşdırmağa çalışırdılar ki, ABŞ-İran müharibəsi və qarşıdurmasından sonra TRİPP layihəsi (Zəngəzur dəhlizi) sual altına düşüb. Hətta Ermənistanda Rusiyaya bağlı olan media bu haqda çox yazırdı. Bunu da dünya mediası tirajlayırdı ki, İran Zəngəzurdan keçəcək TRİPP layihəsinə qarşıdır və s. Əslində rəsmi Tehran əvvəllər də Zəngəzurdan keçəcək dəhlizə qarşı olduğunu bildirib. Tramp adına bu layihə elan edilmədən bu yolla bağlı İranın mövqeyi həddindən artıq sərt və mənasız olub. Çünki İrana birbaşa aidiyyəti olmayan bir yolun yəni, Zəngəzurdan keçməklə Naxçıvana, Azərbaycanla Türkiyə arasında birləşəcək növbəti xəttə qarşı cənub qonşumuz hər zaman əks mövqe sərgiləyib. Son zamanlarda da bununla bağlı daha açıq yazılar dərc edilirdi ki, İran buna imkan verməyəcək, rəsmi Tehran buna qarşıdır və s. Beləliklə, bu layihənin reallaşmayacağı iddia edilirdi. Trampın da bir neçə münaqişəni bitirdim mesajının arxasında Azərbaycanla Ermənistan arasında ötən ilin avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşma mühüm önəm kəsb edir. Çünki bu tarixdən sonra Bakı ilə İrəvan arasında əldə edilən razılaşmalar hərfi mənada icra edilməyə başlayıb. Hər iki ölkə arasında razılaşmalar fonunda əlaqələr bərpa olunub, tranzit yükdaşımaları həyata keçirilir. Bütün bunlar isə Trampın uğurları sırasındadır. Ağ Ev sahibinin Venesuela və digər məsələlərdə əllə tutulacaq bir uğuru olmadığına görə, Bakı ilə İrəvan arasındakı razılaşmlara daha çox istinad edir.

- Bu yaxınlarda ABŞ Dövlət katibi Marko Rubionin İrəvana səfərini bu kontekstdə şərh etmək nə dərəcədə məntiqlidir?
- Sözsüz ki, Rubionun səfəri həm bununla, həm də Ermənistandakı seçkilər öncəsi bir mesaj idi. Dövlət katibinin bu səfəri Nikol Paşinyana və onun komandasına seçki öncəsi açıq dəstək kimi də dəyərləndirilir.
- Amerika bunu özü üçün nəyə görə vacib hesab edir?
- Çünki erməni əhalisi hələ də şok içərisəndədir. Onlar hələ də ayılmayıblar. Bu, o mənada baş verir ki, onların 150-200 illik bir dövrdə cəfəng xəyalları və təhlükəsizlik konsepsiyası darmadağın olub. Son dövrlərə qədər onlar Rusiyanın müdafiəsinə arxayın olmuşdular. İndi isə Rusiyaya güvənmirlər. Ona görə də yeni “böyük qardaş” axtarışındadırlar. Bu mənada ABŞ və Avropanın dəstəyi erməni seçicisinə çox ciddi müsbət təsir göstərir. Yəni, onlar düşünürlər ki, Paşinyan hakimiyyətdə qalsa, Ermənistan üçün yeni təhlükəsizlik çətirinin qurulmasında mühüm rol oynayacaq. Bu baxımdan Rubionun səfəri, Trampın mesajı erməni seçicilərini mobiliza etmək üçün kifayət qədər uğurlu bir addımdır. Avropa ölkələrinin mayın əvvəlində İrəvanda baş tutan sammiti də Avropa İttifaqının Paşinyana açıq şəkildə dəstəyi kimi izah olunur.

- Trampın açıq şəkildə Ermənistandakı seçkilərlə bağlı mesajı və bunun arxa fonunda yaradacağı reallıqlar nədən ibarətdir? Ağ Ev İrəvana siyasi müstəvidə nə kimi dəstək verə bilər?
- Əslində bu Ermənistanda tərəddüd içərisində olan seçiciləri ən azı seçkiyə gətirmək və Paşinyandan narazı olanların, alternativlərin Rusiya olduğunu nəzərə alaraq ABŞ və Avropanın dəstəklədiyi namizədə səs vermək ehtimalları yaradır.

- Bu mesaj həmçinin ABŞ-Rusiya qarşıdurması fonunda da şərh edilir…
- Hazırda Cənubi Qafqazda Rusiyanın apardığı səhv siyasət fonunda onun mövqeləri xeyli zəifləyib. Burada Azərbaycanın və Türkiyənin oynadığı rol da önəmlidir. Bakı və Ankara arasında formalaşmış təbii ittifaq, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi fonunda həlli amili də burada başlıca rola malikdir. Bu sözsüz ki, Rusiyanın bölgədəki proseslərə təzyiq alətlərini xeyli dərəcədə zəiflətdi. Azərbaycanın qələbəsi və ərazi bütövlüyünü təmin etməsi Ermənistanı da müstəqil bir dövlətə çevirdi. İrəvan artıq bu yükdən azad olaraq daha sərbəst qərarlar verməyə başlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.