AZ

Aqrar sektorda yeni inkişaf mərhələsi: Dövlət Proqramının strateji mahiyyəti və iqtisadi əhəmiyyəti TƏHLİL

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" aqrar sektorun yeni inkişaf mərhələsinə keçidini müəyyən edən mühüm strateji sənəddir. Qlobal ərzaq bazarlarında qeyri-sabitlik, iqlim dəyişmələrinin təsiri, su və torpaq resursları ilə bağlı çağırışlar, eyni zamanda qeyri-neft sektorunun genişləndirilməsi zərurəti kənd təsərrüfatında daha dayanıqlı və rəqabətqabiliyyətli modelin formalaşdırılmasını aktuallaşdırır.

Məhz bu baxımdan qəbul olunan Dövlət Proqramı yalnız kənd təsərrüfatı istehsalının artırılmasını deyil, aqrar iqtisadiyyatın modernləşdirilməsini, ixracyönümlü və yüksək əlavə dəyər yaradan istehsalın genişləndirilməsini, regionlarda məşğulluğun və sosial rifahın gücləndirilməsini hədəfləyir.

Azərbaycan iqtisadiyyatında aqrar sektorun rolu statistik göstəricilərdə də aydın görünür. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 14 milyard 189,5 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə artım deməkdir və aqrar sahədə müsbət dinamikanın davam etdiyini göstərir.

Eyni zamanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunun ÜDM-də payının 5,9 faiz təşkil etməsi aqrar sektorun iqtisadiyyat üçün strateji əhəmiyyətini təsdiqləyir. Aqrar sahənin ümumi məşğulluğun təxminən 35 faizini təmin etməsi isə onun sosial baxımdan xüsusi rol oynadığını göstərir.

Bu göstəricilər bir daha sübut edir ki, kənd təsərrüfatı yalnız ərzaq təminatı ilə bağlı sektor deyil, həm də regionların sosial-iqtisadi inkişafının əsas dayaqlarından biridir. Xüsusilə regionlarda məşğulluğun böyük hissəsinin aqrar sahə ilə bağlı olması kənd təsərrüfatının inkişafını sosial sabitlik və regional balans baxımından strateji istiqamətə çevirir.

Qlobal çağırışlar və yeni inkişaf modelinə keçid

Son illərdə dünyada baş verən geosiyasi proseslər, ərzaq təchizatı zəncirlərində yaranan problemlər və iqlim dəyişiklikləri kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırıb. Su resurslarının azalması, torpaqların deqradasiyası və iqlim riskləri ənənəvi istehsal modellərinin artıq kifayət etmədiyini göstərir.

Dövlət Proqramının əsas mahiyyəti məhz bu çağırışlara cavab verən intensiv, texnoloji və resurslara qənaət edən aqrar modelin formalaşdırılmasıdır. Proqram aqrar sahədə dayanıqlı inkişafı təmin etməyi, rəqabətqabiliyyətli istehsala keçidi sürətləndirməyi, dəyər zəncirlərini inkişaf etdirməyi və fermerlərin müasir xidmətlərə çıxışını genişləndirməyi nəzərdə tutur.

Sənəddə aqrar sahənin resurs təminatının gücləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadənin təşviqi, aqrar təhsil və elmin inkişafı, innovasiya və rəqəmsallaşma təşəbbüslərinin dəstəklənməsi, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və logistika infrastrukturunun genişləndirilməsi kimi fundamental istiqamətlər müəyyən edilib.

Bu yanaşma kənd təsərrüfatını yalnız ilkin istehsal sahəsi kimi deyil, emal, logistika, ixrac və texnologiya ilə inteqrasiya olunan kompleks iqtisadi sistem kimi formalaşdırmağa yönəlib.

İxrac potensialı və qeyri-neft iqtisadiyyatına töhfə

Azərbaycanın qeyri-neft ixracında aqrar sektorun payı ildən-ilə artır. 2024-cü illə müqayisədə 2025-ci ildə aqrar məhsulların ixracı dəyər ifadəsində 18,5 faiz artıb. Bu tendensiya kənd təsərrüfatının ölkənin ixrac potensialının əsas istiqamətlərindən birinə çevrildiyini göstərir.

Pomidor, fındıq və xurma kimi məhsullar üzrə ixrac ixtisaslaşması Azərbaycanın beynəlxalq bazarlarda mövqeyini gücləndirir. Xüsusilə fındıq istehsalı və ixracı sahəsində Azərbaycan artıq dünya bazarında tanınan əsas istehsalçılar sırasındadır.

İxracın artırılması baxımından emal sənayesinin inkişafı da xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramı aqrar-emal müəssisələrinin və logistika infrastrukturunun genişləndirilməsini nəzərdə tutur. Bu məqsədlə 2030-cu ilədək əlavə 100 min tonluq soyuducu anbar infrastrukturunun yaradılması və 150 min ton tutumlu müasir taxıl silolarının qurulmasının dəstəklənməsi hədəflənir.

Bu addımlar məhsul itkilərinin azaldılması, ixrac keyfiyyətinin yüksəldilməsi və daxili bazarda sabitliyin qorunması baxımından mühüm rol oynayacaq.

Taxılçılıq və ərzaq təhlükəsizliyi

Dövlət Proqramında strateji istiqamətlərdən biri taxılçılığın inkişafıdır. Qlobal bazarlarda taxıl qiymətlərində dalğalanmalar və idxal riskləri nəzərə alınaraq bu sahənin inkişafı ərzaq təhlükəsizliyinin əsas prioritetlərindən biri kimi müəyyən edilib.

2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda üzrə hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur. Bu hədəf istehsalda təxminən 20 faiz artıma nail olunmasına və özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Bu məqsədlərə nail olmaq üçün müasir suvarma texnologiyalarının tətbiqi, yüksək məhsuldar toxum sortlarından istifadə, aqrotexniki xidmətlərin genişləndirilməsi və fermerlərin texniki təminatının yaxşılaşdırılması əsas prioritetlər sırasındadır.

Suvarma sistemlərinin modernləşdirilməsi

İqlim dəyişiklikləri fonunda su resurslarından səmərəli istifadə aqrar siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Dövlət Proqramında müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi xüsusi yer tutur.

Hazırda müasir suvarma sistemləri tətbiq olunan sahələrin həcmi təxminən 130 min hektardır. Dövlət Proqramının icrası nəticəsində bu göstəricinin 2030-cu ildə 300 min hektara çatdırılması proqnozlaşdırılır.

Bu, yalnız məhsuldarlığın artırılması deyil, həm də su itkilərinin minimuma endirilməsi, torpaqların münbitliyinin qorunması və iqlim risklərinə qarşı dayanıqlığın gücləndirilməsi baxımından mühüm addımdır.

Pambıqçılıq və intensiv bağçılıq yeni inkişaf mərhələsində

Proqramda pambıqçılığın məhsuldarlığının artırılması və klaster inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən olunub. 2030-cu ilədək ixtisaslaşmış rayonlarda pambıq üzrə hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması, pambıq istehsalının 17 faiz artırılması və emal məhsullarının həcminin 4 dəfəyə qədər yüksəldilməsi hədəflənir.

Bu yanaşma pambıqçılığı yalnız xammal istehsalı deyil, tekstil və emal sənayesi ilə inteqrasiya olunan yüksək əlavə dəyərli sahəyə çevirməyə xidmət edir.

Yüksək ixrac potensialı nəzərə alınaraq intensiv və superintensiv bağçılığın genişləndirilməsi də prioritet istiqamətlər sırasındadır. 2030-cu ilədək intensiv və superintensiv meyvə bağlarının sahəsinin 20 min hektar artırılması nəzərdə tutulur.

Bu istiqamət regionlarda məşğulluğun genişlənməsinə, ixracın artmasına və aqrar məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verə bilər.

Heyvandarlıq və quşçuluq sektorunda struktur dəyişiklikləri

Dövlət Proqramında heyvandarlıq sektorunun inkişafı ilə bağlı fundamental tədbirlər müəyyən edilib. İntensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi hesabına yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının 2,5 faizdən 10 faizə çatdırılması nəzərdə tutulur.

Eyni zamanda süd istehsalının təxminən 10 faiz, mal əti istehsalının isə 20 faiz artırılması hədəflənir. Bu tədbirlər ölkənin özünütəminetmə səviyyəsinin yüksəldilməsinə və idxaldan asılılığın azalmasına xidmət edəcək.

Quşçuluq sektorunda isə yeni müasir quşçuluq damlarının yaradılması, mövcud təsərrüfatların modernləşdirilməsi, damazlıq işinin təşviqi və kommunal xidmətlərə qoşulma xərclərinin subsidiyalaşdırılması nəzərdə tutulur. Nəticədə 2030-cu ilədək quş əti istehsalının təxminən 30 faiz artırılması planlaşdırılır.

Balıqçılıq və akvakultura yeni perspektiv sahə kimi

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda balıqçılıq və akvakultura ayrıca strateji istiqamət kimi müəyyən olunub. Bu yanaşma qlobal ərzaq təhlükəsizliyi çağırışları, sağlam qidalanmaya artan tələbat və su bioresurslarından səmərəli istifadə zərurəti ilə bağlıdır.

Dövlət Proqramında balıqçılıq və akvakultura məhsulları istehsalının 2030-cu ilədək 7,7 min tona çatdırılması, daxili bazarda özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ixrac potensialının genişləndirilməsi əsas hədəflər sırasındadır. Azərbaycanın Xəzər dənizinə çıxışı, zəngin su ehtiyatları, dağ çayları və su anbarları bu sahənin inkişafı üçün geniş imkanlar yaradır.

Proqram çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya və güzəştlərin tətbiqi, balıqartırma fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyaların tətbiqi nəzərdə tutulur. Xüsusilə intensiv akvakultura sistemləri və qapalı dövriyyəli su texnologiyalarının tətbiqi məhsuldarlığın artırılmasına və su ehtiyatlarından daha səmərəli istifadəyə imkan verəcək.

Balıqçılıq və akvakultura sahəsinin inkişafı qeyri-neft ixracının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Emal olunmuş balıq məhsulları və yüksək əlavə dəyərli akvakultura məhsulları Azərbaycanın yeni ixrac istiqamətlərindən birinə çevrilə bilər.

Eyni zamanda bu sahənin genişlənməsi regionlarda yeni iş yerlərinin yaradılmasına, kənd yerlərində məşğulluğun artırılmasına və kiçik sahibkarlığın inkişafına töhfə verəcək. Beləliklə, balıqçılıq və akvakultura yaxın illərdə Azərbaycanın aqrar iqtisadiyyatının yeni inkişaf istiqamətlərindən birinə çevrilə bilər.

İşğaldan azad edilmiş ərazilər yeni aqrar inkişaf mərkəzi kimi

Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra həmin ərazilərin iqtisadi reinteqrasiyası Azərbaycanın dövlət siyasətinin əsas strateji istiqamətlərindən birinə çevrilib. Bu prosesdə kənd təsərrüfatı xüsusi əhəmiyyət daşıyır. Çünki işğaldan azad edilmiş ərazilər geniş torpaq ehtiyatları, münbit iqlim şəraiti, zəngin su resursları və tarixən formalaşmış aqrar ənənələri ilə ölkənin ən böyük kənd təsərrüfatı potensialına malik regionlarından hesab olunur.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, Qarabağ və Şərqi Zəngəzur regionları Azərbaycanın kənd təsərrüfatına yararlı torpaq fondunun mühüm hissəsini təşkil edir. Uzun illər işğal səbəbindən istifadədən kənarda qalan geniş əkin və örüş sahələrinin yenidən dövriyyəyə qaytarılması ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

İşğaldan azad edilmiş ərazilərin aqrar potensialı xüsusilə taxılçılıq, heyvandarlıq, üzümçülük, bağçılıq, arıçılıq və yemçilik sahələrində böyük imkanlar yaradır. Sovet dövründə Qarabağ iqtisadi rayonu üzümçülük və heyvandarlıq üzrə Azərbaycanın əsas istehsal mərkəzlərindən biri hesab olunurdu. Hazırda həmin ənənələrin müasir texnologiyalar əsasında yenidən bərpası qarşıya qoyulan əsas məqsədlərdəndir.

Dövlət Proqramında Qarabağ və Şərqi Zəngəzurun aqrar inkişafı xüsusi istiqamət kimi müəyyən olunub. Regionda müasir aqroparkların yaradılması, “ağıllı kənd” konsepsiyasının tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin qurulması və innovativ kənd təsərrüfatı texnologiyalarının genişləndirilməsi nəzərdə tutulur. Bu yanaşma işğaldan azad edilmiş ərazilərdə ənənəvi kənd təsərrüfatı modelindən daha məhsuldar, yüksək texnologiyalı və ixracyönümlü aqrar sistemin formalaşdırılmasına imkan yaradır.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı kənd” layihələri kənd təsərrüfatında müasir yanaşmanın tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu model çərçivəsində rəqəmsal idarəetmə, ağıllı suvarma sistemləri, alternativ enerji mənbələri və yüksək texnologiyalı istehsal yanaşmaları tətbiq edilir. Beləliklə, region yalnız bərpa olunan ərazi kimi deyil, həm də Azərbaycanın aqrar innovasiya mərkəzlərindən biri kimi formalaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının mövcudluğu aqrar inkişaf üçün xüsusi üstünlük yaradır. Regionda yeni su anbarlarının, magistral kanalların və müasir suvarma sistemlərinin qurulması kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə imkan verir. Xüsusilə pivot və damcı suvarma sistemlərinin tətbiqi həm su itkilərinin azaldılması, həm də məhsuldarlığın artırılması baxımından mühüm rol oynayır.

Bu baxımdan Dövlət Proqramında nəzərdə tutulan müasir suvarma sistemlərinin genişləndirilməsi Qarabağ və Şərqi Zəngəzur üçün xüsusi aktuallıq daşıyır. Regionun relyefi və iqlim xüsusiyyətləri nəzərə alınaraq resurslara qənaət edən texnologiyaların tətbiqi gələcəkdə kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edə bilər.

İşğaldan azad edilmiş ərazilərdə aqrar istehsalın inkişafı yalnız iqtisadi deyil, həm də sosial əhəmiyyət daşıyır. Çünki kənd təsərrüfatının bərpası Böyük Qayıdış proqramının əsas iqtisadi sütunlarından biridir. Regionda aqrar fəaliyyətin genişlənməsi yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin olunmasına və sosial rifahın yüksəldilməsinə şərait yaradır.

Xüsusilə kənd təsərrüfatı ilə bağlı kiçik və orta sahibkarlığın inkişafı regionda iqtisadi aktivliyi gücləndirə bilər. Fermer təsərrüfatlarının, emal müəssisələrinin, logistika mərkəzlərinin və aqrar xidmət sektorunun formalaşması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi canlanmasına ciddi töhfə verəcək.

Cəbrayıl rayonunda tərəvəzçilik, meyvəçilik və gülçülük istiqamətlərini birləşdirən “Şərqi Zəngəzur” pilot istixana aqroparkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu layihə regionda yüksək texnologiyalı kənd təsərrüfatının formalaşdırılması, ixrac potensialının artırılması və yeni məşğulluq imkanlarının yaradılması baxımından mühüm nümunə hesab olunur.

Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda üzümçülüyün yenidən inkişaf etdirilməsi də böyük perspektiv vəd edir. Tarixən bu bölgə Azərbaycanın əsas üzümçülük zonalarından biri olub. Yeni mərhələdə texniki və süfrə üzümçülüyünün inkişafı həm şərabçılıq sənayesinin genişlənməsinə, həm də ixrac potensialının artmasına şərait yarada bilər.

Heyvandarlıq sahəsində də regionun böyük potensialı mövcuddur. Geniş yaylaq və örüş sahələri yarım-intensiv və intensiv heyvandarlığın inkişafı üçün əlverişli imkanlar yaradır. Dövlət Proqramında örüş və otlaq sahələrinin bərpası, içməli su təminatının yaxşılaşdırılması və müasir heyvandarlıq təsərrüfatlarının yaradılması ilə bağlı tədbirlər nəzərdə tutulub.

Arıçılıq da Qarabağ və Şərqi Zəngəzurun ənənəvi və perspektivli sahələrindən biridir. Regionun zəngin flora müxtəlifliyi keyfiyyətli bal istehsalı üçün geniş imkanlar yaradır. Bu sahənin inkişafı həm ixrac potensialının artırılması, həm də kənd yerlərində ailə təsərrüfatlarının gəlirlərinin yüksəldilməsi baxımından əhəmiyyətlidir.

İşğaldan azad edilmiş ərazilərin aqrar inkişafı Azərbaycanın ümumi ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından da mühüm rol oynayacaq. Yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsi, məhsuldarlığın artırılması və müasir aqrar texnologiyaların tətbiqi daxili bazarın daha etibarlı təminatına imkan yaradacaq.

Eyni zamanda regionun aqrar potensialının reallaşdırılması Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır. Meyvəçilik, tərəvəzçilik, üzümçülük, heyvandarlıq və emal sənayesinin inkişafı Qarabağ və Şərqi Zəngəzurun gələcəkdə ölkənin əsas aqrar ixrac mərkəzlərindən birinə çevrilməsinə şərait yarada bilər.

Beləliklə, işğaldan azad edilmiş ərazilərin aqrar reinteqrasiyası yalnız kənd təsərrüfatının bərpası deyil, həm də Azərbaycanın yeni iqtisadi inkişaf modelinin formalaşdırılması prosesinin mühüm tərkib hissəsidir. Qarabağ və Şərqi Zəngəzurun müasir aqrar inkişaf mərkəzinə çevrilməsi həm iqtisadi artımın sürətlənməsinə, həm regionların balanslı inkişafına, həm də Böyük Qayıdış prosesinin dayanıqlı iqtisadi əsaslarının yaradılmasına xidmət edir.

Nəticə

2026–2030-cu illər üzrə Dövlət Proqramı Azərbaycan aqrar sektorunun yeni inkişaf mərhələsinə keçidini təmin edən strateji sənəddir. Proqram kənd təsərrüfatını daha məhsuldar, innovativ, ixracyönümlü və dayanıqlı sahəyə çevirməyi qarşıya məqsəd qoyur.

Aqrar sektorun ÜDM-də payının 5,9 faiz olması, ümumi məşğulluğun 35 faizini təmin etməsi, 2025-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi dəyərinin 14,2 milyard manata çatması və aqrar ixracın 18,5 faiz artması bu sahənin iqtisadiyyat üçün strateji əhəmiyyətini bir daha təsdiqləyir.

Dövlət Proqramının uğurlu icrası nəticəsində Azərbaycan yalnız daxili ərzaq təhlükəsizliyini gücləndirən ölkə deyil, həm də yüksək əlavə dəyərli aqrar və emal məhsulları ilə beynəlxalq bazarlarda daha güclü mövqeyə malik regional istehsal mərkəzinə çevrilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
apa.az

10Mənbələr