AZ

Nailəxanım İsayevanın xatirəsinə elegiya

Görkəmli fransız yazıçısı Lamartin deyirdi ki, cəmi bir insanın yoxluğu ilə bütöv dünya boşalır. Nailəxanım İsayevanın yoxluğu Lamartinin sözlərini həqiqətə çevirmək üçün kifayətdir.

Onun yoxluğu ilə bir ev, bir məktəb, bir universitet, Dünya boşaldı...

Mahnılar sözsüz, şeirlər musiqisiz qaldı...

Bir insanın yoxluğunu anlamaq heç də asan deyil. Əvvəlcə, insan inana bilmir. Elə bilir, səfərdədir, xəstəxanadadır, ya da istirahətdə. Beyin yoxluğu qəbul edə bilmir, sanki bəhanələr istehsal edir. Ancaq o şəxsin arxada buraxdığı boşluq nə qədər böyükdürsə, boşluq o qədər çox gözə dəyir. Onun evdəki yeri boş görünür, məktəbdəki yeri, universitetdəki yeri... Hər birimizin həyatında tutduğu yeri...

Hamlet müəllimin yazdığı kimi... “Səndən sonra dostlar sənsizliyə dözə bilmədiyimi, əzab çəkdiyimi görüb fikrim dağılsın deyə məni dağ yerlərinə apardılar. İlk gün hoteldə mənə ayrılan otağa daxil oldum, yol paltarımı dəyişdim və adətim üzrə sənə zəng etmək istədim. Telefonu götürdüm, barmağımı telefondakı adın üzərinə qoyub zəng etdim və donub qaldım. Adətən hara getsəm, hoteldə mənə ayrılan otağa daxil olan kimi sənə zəng edərdim: “Əzizim, sağ-salamat gəlib çatdım, çox heyif ki, burada deyilsən, darıxıram sənsiz...”

Sonra isə daha çətin mərhələ gəlir. Yoxluğa alışmaq... Bu, çətin və bəlkə də mümkünsüzdür... İnsan itkiyə alışmır, sadəcə bu itki ilə birgə addımlamağı öyrənir. Ağrı heç zaman azalmır, ağrı ilə yaşamağı öyrənir. O itki, o ağrı ürəyimizdə özünə bir künc təyin edir və sona qədər bizimlə birlikdə yaşayır... Eynilə Hamlet müəllimin Nailəxanımın ölümündən sonra taxdığı üzük kimi... “Mənə bağışladığın nişan üzüyü vardı. Onu bir müddət barmağımda gəzdirmişdim. Bir qədər sonra üzük taxmaqdan xoşum gəlmədiyi üçün sənin icazənlə onu barmağımdan çıxarıb ailə arxivimizə qoyduq. İndi həmin üzüyü tapıb barmağıma taxdım; xəbərin olsun, səninlə yenidən, bu dəfə sənin birbaşa iştirakın olmadan nişanlandım”.

Böyük insan olmağın heç şübhəsiz ki, öz əziyyəti, öz zəhməti var, çünki böyük insanlar təkcə öz yaxınlarının taleyi haqqında düşünmürlər. Onları bütöv bir xalqın, millətin taleyi qayğılandırır, düşündürür və narahat edir. Nailəxanımın da Dünya məktəbini qurması, onun fəaliyyətinə rəhbərlik etməsi heç şübhəsiz ki, millətin taleyi ilə bağlı narahatlığın, onun mənəvi yüksəlişində iştiraka canatımın və təhsilin gücünə inamının aydın ifadəsidir.

Nailəxanım Dünya məktəbinin hər bir işi ilə şəxsən məşğul olurdu. Ən xırda detalı belə diqqətdən kənarda qoymurdu. Bütün şagirdlərlə tək-tək maraqlanır, onların inkişafına şəxsi dəstək göstərmək istəyirdi. O, hər şeyə yetmək istəyirdi, hər problemi şəxsən özü həll etmək istəyirdi. O istəyirdi ki, Dünya məktəbinin hər bir şagirdi uğur qazansın, mənəvi və zehni inkişafı təkmil olsun, ortaya çıxan problemlər həll edilsin. Bütün şagirdlərə ayrıca diqqət ayırırdı, onlarla söhbət etməkdən zövq alırdı. Bu söhbətlər şagirdlərin zehninə ömürlük həkk edilirdi, çünki o, didaktik danışmırdı, şagirdə qulaq asmağı bacarırdı, şagird onunla danışdıqda nə istədiyini özü aydın şəkildə başa düşürdü, öyrənirdi. Bəzən insanları sadəcə dinləmək belə onların düzgün yolu tapması üçün kifayət edir. Nailəxanım bu qədim və ali həqiqəti dərk etmiş insanlardan biri idi.

Nailəxanım yanına gələn hər bir şəxsə - əlillərə, müharibə veteranlarına, valideyn himayəsindən məhrum olmuşlara kömək göstərirdi, onların dərdinə yanırdı, onların problemlərini öz canında, öz ruhunda hiss edirdi. Əlbəttə ki, onun imkanları da hüdudsuz deyildi, bəzilərinə kömək edə bilirdi, bəzilərinə kömək etmək isə onun imkanlarından, səlahiyyətlərindən çox-çox uzaqda idi. Bununla belə, hər kəs Nailə xanımın onun dərdinə ürəkdən yandığına, onu başa düşdüyünə, kömək göstərmək istəyinə səmimi qəlbdən inanırdı, onu sevirdi, ona hörmət bəsləyirdi və onun simasında özünə bir hami, bir dayaq, bir istinad nöqtəsi tapırdı. Nailəxanım onunla cəmi beş dəqiqə belə ünsiyyətdə olan insanın yaddaşında silinməz izlər qoyurdu.

Nailəxanımın gördüyü işlərlə bağlı çox danışmaq olar. Ancaq cəmi bir məqamı xatırlatmaq kifayətdir. Belə ki, Nailəxanım “Günəş uşaq evi”ni himayəyə götürmüş, uşaq evində repetitorluq kursları təşkil etmiş, həmin kurslar nəticəsində uşaq evinin səkkiz məzunu Xəzər Universitetinə daxil olmuşdu. Həmin uşaqların toyunu da Nailəxanım etmişdi. Xalq üçün bundan böyük xidmət ola bilərmi? O bütün bu işləri heç yerdə reklam etmirdi. Uşaqların rifahı, xoşbəxtliyi, səadəti onun üçün ən böyük töhfə, ən böyük fərəh idi.

O uşaqlar var olduqca Nailəxanım yaşayacaq...

Dünya məktəbi var olduqca Nailəxanım yaşayacaq...

Bəstələdiyi mahnılar səsləndikcə Nailəxanım yaşayacaq...

Onun şagirdləri, tələbələri daim onun varlığını yaşadacaq...

Onlar da yeni şagirdlər, yeni tələbələr yetişdirəcək...

Və Nailəxanım daim var olacaq! 

Seçilən
13
2
moderator.az

6Mənbələr