ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Ukraynaya qarşı işğalçılıq müharibəsinin 5-ci ilində Kreml 2022-ci ilin fevralında qarşıya qoyduğu ilkin məqsədlərin – denasifikasiya, demilitarizasiya və sair, xüsusilə də “Kiyev 3 günə” məqsədlərinin heç birinə çatmayıb. Ötən az qala 5 ildə çatılmayan bu məqəsədlərin növbəti 5 ildə, bəlkə də hətta 50 ildə əlçatan olacağı inandırıcı görünmür və bunu müstəqil ekspertlər, eləcə də Rusiyanın özünün “Z-patriotları”, hətta Kreml təbliğatçıları etiraf etmək məcburiyyətindədirlər.
Cəbhədə irəliləyiş dalana dirənib, Ukrayna rus ordusunun qarşısında dronlardan ibarət divar hörüb, cəbhədəki canlı qüvvə itkisi o qədər artıb ki, artıq yeni yığılan əsgərlərin sayı itkiləri kompensasiya edə bilmir. Üstəlik, Rusiyanın özünün daxilində narazılıqlar artır, iqtisadi vəziyyət məlum səbəblərdən ağırlaşır, neft emalı sənayesi və ümumilkdə enerji infrastrukturu Ukrayna zərbələrindən ciddi əziyyət çəkir, Moskva özü PUA-lardan qorunmaq məcburiyyətindədir, iş o yerə çatıb ki, 9 may paradının keçirilməsi belə Ukrayna Prezidentinin “razılığından” asılıdır.
Bir sözlə, “uzaqdakı” müharibə artıq rusiyalılar üçün “yaxın” olub. Bu isə digər fəsadlarla yanaşı, Vladimir Putinin şəxsi hakimiyyət maraqlarına və siyasi reytinqinə olduqca mənfi təsir göstərməkdədir. Hətta onun devrilməsi üçün elitada hansısa çevriliş planlarının qurulduğuna dair məlumatlar dolaşır…

Lakin bütün bu yumşaq desək qeyr-qənatbəxş, əslində isə olduqca təhlükəli situasiyaya baxmayaraq, Putin ən optimal çıxış yolu kimi görünən Ukraynadakı müharibəni bitirmək qərarına heç cür getmək istəmir. Daha doğrusu, gedə bilmir. Niyə?
Əksər ekspertlər hesab edirlər ki, Kremlin rejimin çökməsinə səbəb olmayacaq hər hansı bir həll yolu artıq qalmayıb. Müharibənin dondurulması belə Putini xilas etməyə bilər.
Hazırda rusiyalıların əhəmiyyətli bir hissəsinin “çörəyi” müharibədən çıxır. Onlar birbaşa və ya dolayı yolla müharibə üçün çalışır. Rusiya Silahlı Qüvvələrinin ümumi sayı təxminən 1,5 milyon nəfərdir. Bunlardan təxminən 700.000 nəfəri birbaşa döyüş zonasındadır. Üstəlik, Rusiya Milli Qvardiyası var - təxminən 340.000 nəfər. FSB, FSO və FSIN – bu da əlavə bir neçə yüz min nəfərdir. Ordu və təhlükəsizlik qüvvələrindəki ümumi say təxminən 2,5 milyondur.
Hərbi-sənaye kompleksində birbaşa təxminən 3,5 milyon insan çalışır. Üstəlik, hazırda əsasən müharibə üçün çalışan əlaqəli sənaye sahələri var. Metallurgiya (polad, titan, alüminium), kimya (barıt, partlayıcı maddələr), elektronika, ümumi mexanika mühəndisliyi, logistika, nəqliyyat və sair. Bu, əsasən hərbi müqavilələrlə əlaqəli daha 2-3 milyon iş yeri deməkdir. Faktiki olaraq hərbi-sənaye kompleksindəki nisbətən yüksək əmək haqqı digər sahələrdən işçiləri özünə cəlb edib.
Üstəlik, hökumət aparatı, dövlət mediası, “Z-bloqçular”, “vətənpərvər” QHT-lər, müharibə müxbirləri və cəbhə üçün vəsait toplayan “könüllülər” və digər bu cür təşkilatlar. Bu istiqamətlərdə də daha bir neçə yüz min nəfər çalışır.

Yuxarıda sadalananlar üst-üstə 10 milyona yaxın rusiyalı deməkdir. İndi isə bu sayı həmin adamların ailə üzvlərinin sayına vurmaq lazımdır. Səfərbərlik edilmiş və müqaviləli əsgərlərin müharibədən faydalanan arvadları, uşaqları, valideynləri var. Onlar yüz minlərlə rubl müavinət alırlar. Müqaviləli əsgərin təkcə aylıq maaşı 200.000-300.000 rubldur ki, bu da Rusiyadakı orta aylıq maaşdan dəfələrlə yüksəkdir. Üstəgəl yaralılara və həlak olanların ailələrinə ödənişlər. Beləliklə, ümumilikdə təxminən 20-25 milyon rusiyalı öz gəlirlərini müharibədən və hərbi iqtisadiyyatdan alır.
Belə bir durumda müharibə indi, dərhal bitsə nə baş verər?
Birincisi, hərbi xərclərin azaldılmasından yaranan iqtisadi şok dərhal özünü göstərəcək. Rəsmi məlumatlara görə, hərbi xərclər hazırda Rusiya ÜDM-inin təxminən 7-8%-ni, real rəqəmlərə görə isə təxminən 10-12%-ni təşkil edir. Kreml real rəqəmləri gizlətməyə çalışır. Bu pulun böyük hissəsi daxili istehsal zəncirlərinə gedir. Əmək haqqı və müdafiə sektoruna verilən kreditlər görünməmiş dərəcədə artıb. Belədə hərbi istehsal dayandırılsa nə baş verər? Mütəxəssislər qeyd edirlər ki, bu halda məsələn, tank istehsalı müqavilələri 70% azaldılmalıdır. Polad, dgər metallar və elektronikaya tələbat, eləcə də əlaqəli sənaye sahələrində iş yükü kəskin azalacaq. Bütün bunlar dolayısı ilə əhalinin gəlirlərini və büdcəyə yığılan vergiləri də azaldacaq.
Tarixən hər böyük müharibədən sonra iqtisadi tənəzzül yaşanır. Məsələn, Rusiyadan qat-qat daha üstün və təcrübəli ağılla idarə edilən ABŞ-də belə 1945-ci ildə müharibə bitəndən sonra növbəti 1946-cı ildə ÜDM-in azalması təxminən 11% təşkil etmişdi. Yalnız Amerika mülki iqtisadiyyatının miqyasının böyüklüyü sürətli yenidənqurmaya imkan vermişdi və sonradan iqtisadi artım sürətlənməyə başlamışdı.
Son illərində SSRİ-nin məhz hərbi-sənaye kompleksinin dayanması Kreml üçün fəlakətə çevrilmişdi. Həmin vaxt zavodlar bağlandı və milyonlarla ixtisaslı işçi ya banditizmlə, ya da küçə ticarətilə məşğul omağa məcbur oldu. Nəticədə SSRİ dağıldı…

İkinci problem cəbhədəki əsgərlərin geri qayıtmasıdır. Müxtəlif hesablamalara görə, bu müharibədə artıq 1 milyona yaxın rusiyalı döyüşüb və geri qayıdıb. Onların bəziləri sağ-salamat, bəziləri yaralı dönüb. Daha yarım milyona yaxın da tabutda dönən var. Bunun üzərinə itkin və əsir düşənləri də gəlmək lazımdır. Müharibə bitsə, bu saya hazırda cəbhədə və arxa cəbhədə olan daha bir milyondan artıq rus da əlavə olunacaq. Bunlar hamısı döyüş təcrübəsi və daha da əhəmiyyətlisi, silahları və ya silaha çıxışı olan və ayda 200-300 min rubl qazanan insanlardır. Bu, evdə qazandıqlarından azı beş dəfə çoxdur.
Onlara müharibəyə gedəndə “qəhrəman” statusu vəd edilmişdi. Qayıdanda hansı statusla qayıdacaqlar, onlara cəmiyyətin və dövlətin münasibəti necə olacaq? Proqnozlar bu münasibətin daha çox mənfi olacağından xəbər verir. Çünki Rusiyada hər kəs bu adamların müharibəyə “Vətəni qorumaq” yox, pul üçün getdiyini yaxşı bilir.
Onlar qayıdandan sonra evdə nə işlə məşğul olacaqlar? Nə qazanacaqlar? Hərbi-sənaye məşğulluğu artıq tükənib, cəbhədəki kimi yüksək maaşlı mülki iş yerləri yoxdur…
Beləliklə, ölkədə azı 1-1.5 milyon müharibə görmüş, hərbi təlim keçmiş, silahla davrana bilən və hətta silaha çıxışı olan narazı insan kütləsi yaranacaq. Bu, Kreml üçün ciddi təhlükədir.
Bir çox ekspertlər bu vəziyyəti Birinci Dünya Mqüharibəsindən sonra uduzan Almaniyanın əsgərlərinin geri dönüşündən sonra yaranan vəziyyətlə müqayisə edirlər. Məhz həmin hərbi kütlə üzərində Almaniyada faşist ideologiyası və sonrakı faşist hakimiyyətinin təməli qoyldu. Bunun nə ilə nəticələndiyi isə tarixdən hər kəsə məlumdur. Zatən şovinizm və imperiyaçılıq xəstəliyindən əziyyət çəkən Rusiyanın da eyni aqibəti yaşamayacağına kimsə təminat verə biməz. Xüsusilə də nəzərə alınsa ki, artıq Rusiya dövlət televiziya kanalları, Kreml təbliğatçıları, hətta rəsmi dövlət mənsubları səviyyəsində qatı millətçilik və qeyri-ruslara, qonşu xalqlara qarşı nifrət kampaniyası tam gücü ilə aparılmaqdadır…
Cəlal Məmmədli
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.