AZ

Londonda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib VİDEO

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 29 may, AZƏRTAC

Londonda yerləşən tarixi və dövlət əhəmiyyətli Lankaster sarayında Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizin müstəqilliyinin 108-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ilk olaraq, ölkəmizi 2018-ci ildə Avroviziya mahnı müsabiqəsində təmsil edən məşhur müğənni Aysel Teymurzadənin ifasında Azərbaycan və Birləşmiş Krallığın himnləri səsləndirilib.

Daha sonra ölkəmizin Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa tarixinə diqqət çəkib. Səfir 1918-ci il mayın 28-də yaradılmış AXC-nin müsəlman Şərqində ilk parlament demokratiyası olduğunu vurğulayaraq, qısa müddət mövcud olmasına baxmayaraq Azərbaycanın tarixində silinməz iz qoyduğunu deyib.

Diplomat vurğulayıb ki, AXC dövründə bütün vətəndaşlara etnik mənsubiyyətindən, dinindən, irqindən və cinsindən asılı olmayaraq səsvermə hüququ verən Azərbaycan bugün də həmin mütərəqqi dəyərlərə, o cümlədən tolerantlıq və multikulturallıq dəyərlərinə sadiqdir.

Səfir Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibəti ilə ünvanladığı təbrikə görə təşəkkür ifadə edib.

Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra keçdiyi yola nəzər salan səfir ölkəmizin olduqca çətin coğrafiyada yerləşməsinə baxmayaraq, öncə Ümummilli Lider Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin rəhbərliyi altında bütün mövcud çağırışları imkanlara çevirməyə müvəffəq olduğunu, misilsiz və nümunəvi inkişaf yolu keçdiyini qeyd edib. Elin Süleymanov ölkəmizin öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, münaqişənin artıq bitdiyini, Ermənistanla normallaşma prosesinin uğurla davam etdiyini deyib. O bildirib ki, Azərbaycan regionda davamlı sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasət həyata keçirir. Bu əsnada, səfir Süleymanov 26 may tarixində öz müstəqilliyini qeyd edən Gürcüstanı da müstəqillik günü münasibəti ilə təbrik edib.

Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdən Böyük Britaniyanın ölkəmizin etibarlı tərəfdaşı olduğunu qeyd edən səfir 2025-ci ilin avqust ayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi niyyətinin bəyan olunmasının olduqca sevindirici olduğunu söyləyib. Səfir iki ölkə arasında siyasi, iqtisadi, təhsil, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini əlavə edib.

Çıxış zamanı Britaniyada təhsil alan azərbaycanlı tələbələrə də müraciət edən səfir onların iki ölkə arasında körpü rolunu oynadıqlarını bildirib, ikitərəfli əlaqələrdə təhsil sahəsinin önəminin göstəricisi kimi bugünlərdə Azərbaycanın Britaniyadakı səfirliyində təhsil müşavirinin fəaliyyətə başladığına diqqət çəkib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker Azərbaycanın Böyük Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində mühüm tərəfdaş olduğunu bildirib.

Nazir ötən ilin dekabrında Bakıya səfərini xatırlayaraq, Azərbaycan paytaxtının onda olduqca xoş təəssürat yaratdığını qeyd edib. Lord Koaker Bakının tarixi və müasir memarlığına diqqət çəkərək, Şərq və Qərb mədəniyyətlərinin vəhdətini əks etdirən şəhər olduğunu vurğulayıb.

Lord Koaker səfər zamanı Prezident İlham Əliyevlə, eləcə də Azərbaycanın müdafiə sahəsinə məsul rəsmiləri ilə keçirdiyi görüşlərin iki ölkə arasında müdafiə əlaqələrinin daha da gücləndirilməsinə xidmət etdiyini bildirib.

Nazir çıxışında Azərbaycanı Böyük Britaniyanın dostu və regionda mühüm tərəfdaşı adlandıraraq, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, bu əməkdaşlıq müdafiə və təhlükəsizliklə yanaşı, ticarət, investisiya, iqtisadi artım, təhsil və innovasiya sahələrini də əhatə edir və son illərdə qarşılıqlı yüksəksəviyyəli səfərlərin sayının artması münasibətlərin səviyyəsinin bariz göstəricisidir.

Böyük Britaniya rəsmisi Azərbaycanın Ermənistanla uzunmüddətli sülhün təmin olunması və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səyləri alqışladıqlarını bildirib. O, ölkəsinin bu prosesə tam dəstək verdiyini qeyd edib.

Lord Koaker bildirib ki, Xalq Cümhuriyyətinin qurucuları bu gün müstəqil Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlərlə fəxr edərdilər. Çıxışının sonunda nazir Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəmizə sülh, sabitlik və firavanlıq arzulayıb.

Tədbir ziyafət və musiqi proqramı ilə davam edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
50
azertag.az

10Mənbələr