AZ

Böyük Qaladərəsi kəndində həyat yenidən canlanıb

Şuşa, 29 may, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində işğaldan azad olunan Şuşa rayonunun Böyük Qaladərəsi kəndində həyat yenidən canlanıb. Kənddə evlərin bərpası ilə yanaşı, sosial infrastrukturun qurulması istiqamətində də layihələr həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılovun açıqlamasına görə, kənddə transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Böyük Qaladərəsi kəndində ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır. Birinci mərhələdə 17 ev bərpa olunub və ilkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Müxbir – Tahir Ağaməmmədov

Seçilən
62
49
azertag.az

10Mənbələr