AZ

Rusiya Ermənistanın “Cermux” suyunun satışını tamamilə qadağan etdi

Rusiya Federasiyası Ermənistanın ən məşhur ixrac məhsullarından olan “Cermux” mineral suyunun satışına qarşı növbəti və ən genişmiqyaslı qadağa qərarını açıqlayıb.

 

Ölkənin İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmət bugünkü açıqlamasında Ermənistan istehsalı olan daha 64,5 milyon şüşə mineral suyun satışının rəsmən dayandırıldığını bildirib.

 

Pravda.az xəbər verir ki, bloklama prosesi  "Çestnıy Znak" dövlət markalama sistemi  vasitəsilə həyata keçirilib.

 

Rəsmi qərara əsasən, göstərilən sayda su partiyasının həm pərakəndə mağazalarda, həm də onlayn ticarət platformalarında dövriyyəsi tamamilə dondurulub və satışına qadağa qoyulub.

 

Qeyd edək ki, cari ilin əvvəlindən bəri Rusiya bazarından artıq 38,4 milyon şüşə "Cermux" suyu yığışdırılmışdı.

Bugünkü son qərarla birlikdə Rusiyada qadağan olunan Ermənistan sularının ümumi sayı 100 milyon şüşəyə yaxınlaşıb.

 

Xidmətin laboratoriya araşdırmalarına görə, suların tərkibində ciddi uyğunsuzluqlar tapılıb. Belə ki, mineral suyun tərkibindəki xlorid, sulfat və hidrokarbonat ionlarının miqdarının normadan qat-qat artıq olduğu iddia edilir.

 

Rusiya tərəfi bəyan edib ki, bu göstəricilər həm istehlakçıların aldadılmasına səbəb olur, həm də insan sağlamlığı üçün ciddi risk yaradır.

 

Xəbərdə qeyd olunub ki, Ermənistan məhsullarına qarşı tətbiq edilən məhdudiyyətlər təkcə mineral sularla bitmir.

 

Sabahdan etibarən Rusiyanın digər böyük nəzarət orqanı - Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmət Ermənistandan gətirilən pomidor, xiyar, bibər, göyərti və çiyələk kimi kənd təsərrüfatı məhsullarının da idxalına rəsmi qadağa qoyacaq.

Tarix: 29 May 2026, 12:38   
Seçilən
16
8
pravda.az

10Mənbələr