AZ

Mentor, "yaşam koçu", motivasiya təlimçisi: Dəstək, yoxsa bahalı trend? - VİDEO

Mentor, motivasiya təlimçisi, "yaşam koçu": son illər həm sosial şəbəkələrdə, həm də gündəlik həyatımızda bu adlara tez-tez rast gəlirik. Onlar insanlara ən yaxşı liderlik, münaqişələrin həll edicisi, şirkət təmsilçiliyi, üstün zəka qazanmaq vədləri verirlər. Bir vaxtlar yalnız psixoloq və ya təlimçi kimi tanınan şəxslər bu gün daha fərqli adlarla çıxış edir və geniş auditoriyaya xitab edirlər.
 
Bəs sözügedən şəxslərə maraq niyə bu qədər artıb?
 
Moderator.az "Xəzər TV"yə istinadən xəbər verir ki, insan resursları üzrə mütəxəssis Aytən Şıxəliyeva bu sahələrin ölkədə geniş yayılmasının səbəbinin insanlardakı daxili boşluqların artması, dəstək ehtiyacının çoxalması olduğunu deyib.
 
"Statistika göstərir ki, 2023-cü ildən indiyə qədər insanların mentorluq alma faizləri 15% artıb. "Koçluq" daha çox insanın potensialını aydınlaşdırmasına, öz probleminə həll yolu tapmasına kömək edir. Bu yolda "koç" nə edir? Onun yanında olduğu nöqtədən çatmaq istədiyi hədəfi müəyyənləşdirir və o hədəfə gəlməkdə həmin şəxsə kömək edir. Mentorlar bir sahənin mütəxəssisləridir. Hər hansısa sahənin peşəkarı olan bir insan o sahədə irəliləmək, inkişaf etmək istəyən birinə öz təcrübəsindən yol göstərir. Peşəkar motivatorlar insanı öz daxili gücü ilə əlaqələndirərək onu uzunmüddətli həvəsləndirməyə çalışmalıdırlar", - deyə o qeyd edib.
 
A.Şıxəliyeva vurğulayıb ki, mentor, motivasiya təlimçisi, "yaşam koçu" kimi sahələrin peşəkarına çevrilmək üçün beynəlxalq akkreditasiyalı məktəblərdə təhsil alınmalıdır.
 
"Bu sahədə təhsil alan şəxslərin həmin sahədə mütləq şəkildə təcrübələri çox önəmlidir ki, aldıqları nəzəri bilikləri praktikada tətbiqini bacara bilsinlər. Sosial şəbəkədə qarşımıza çıxan, bu sahə üzrə fəaliyyət göstərən, özünü "yaşam koçu", mentor adlandıran bir çox şəxslər bu sahədə təhsil almayan, daha çox fundamental dəyərlər, standartlar çərçivəsində deyil, kurslarla təhsil alanlardır. Həmin şəxslər insanların inkişafından daha çox onlara neqativ təsir göstərirlər".
 
Psixoloq Gülnar Orucova bildirib ki, müasir həyat sürətlidir, stresslidir, rəqabətlidir. Bu səbəbdən bir çox insan isə nə edəcəyini, necə motivasiya tapacağını, özünü necə inkişaf etdirəcəyini bilmir və bu cür şəxslərə ehtiyac duyurlar:
 
"Cəmiyyətin tanınmış üzvləri öz uğur hekayələrini danışırlar və insanlar onlardan motivasiya alırlar. Bəzən həmin insanlar özləri motivator kimi fəaliyyət göstərirlər. Bəziləri həqiqətən peşəkar təhsil alır, xüsusi proqramlarda iştirak edirlər. Bəziləri isə təhsilləri olmadan pul qazanmaq üçün bu sahəyə əl atırlar. Təlimlər var ki, onların, elmi əsasları yoxdur, hər hansı bir nəticəyə dayanmır. Bunlar "Access Bars", "Teta Healing" təlimləridir. Yəni bu təlimlərə qatılıb cəmiyyətdə özlərini "yaşam koçu", hətta psixoloq kimi göstərirlər".
Seçilən
22
50
moderator.az

10Mənbələr