Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 16 nəfər xəsarət alıb.
“Sabah” qəzetinin məlumatına görə, hadisə bu gün səhər saatlarında Aksaray–Nevşehir magistral yolunda baş verib.
Məlumata əsasən, İstanbuldan Nevşehirdəki Kapadokyaya ekskursiyaya gedən sərnişinləri daşıyan avtobus yağışdan sonra sürüşkənləşən yolda idarəetmədən çıxaraq əvvəlcə ayırıcı zolağa, daha sonra əks hərəkət zolağına keçib və qəza baş verib.
Sürücü bildirib ki, sürət həddini aşmasa da, yağışdan sonra yolun sürüşkən olması səbəbindən avtobusun idarəetməsini itirib.
Avtobusda 45 sərnişin, iki sürücü və bir bələdçinin olduğu bildirilir. Qəza nəticəsində 16 nəfər yüngül xəsarət alıb, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Digər sərnişinlər səfərlərinə başqa avtobusla davam ediblər.