AZ

“Bundan böyük arzu ola bilməz...” - 41 yaşını qeyd edən Babək Niftəliyev

Muğam ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Babək Niftəliyevin doğum günüdür. Sənətçi 41 yaşını qeyd edir.
 
Moderator.az xəbər verir ki, xanəndə özəl günü ilə bağlı Musavat.com-a danışıb:
 
- Babək bəy, deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, yaşdan var-dövlət olar?
 
- Təbii ki. Mən yaşımdan, həyatımdan, dövlətimdən razıyam. Bu günümə böyük şükür edirəm. Qarşıda məni yeni-yeni işlər, layihələr gözləyir.
 
Milli Konservatoriyada və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəlliməm. Həm öz üzərimdə çalışıram, həm də gənc nəslə öyrədirəm. Bu baxımdan mənim üçün 41 yaş boş keçməyib. Bu yaşa qədər gördüyüm işlər göz önündədir. Dövlətimiz də bizi qiymətləndirib, təşəkkürümüzü bildiririk. Milli musiqimizin keşiyində dayananları hər zaman qiymətləndiriblər. Ona görə də bu da bizə stimul verir, işləməyimizə kömək olur.
 
- 41 yaşın gözəlliyi həm də ondadır ki, doğma Kəlbəcər azad olunub. Siz azad Kəlbəcər sakinisiniz...
 
- Bəli, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Xalqımız Qarabağa köçür və Prezidentimiz hər bir vətəndaşımıza o evlərin açarlarını təqdim edir. Bugünkü günlərə şükürlər olsun. Artıq bizim xanəndələrin səsi öz torpağımızdan gəlir, Qarabağ şikəstəsi Şuşada səslənir. Bundan böyük qürur verəcək heç nə ola bilməz. Mənim üçün Qarabağ işğaldan azaddırsa, hər gün doğum və özəl günümdür. Bir istəyimiz, arzumuz vardı, o da yerinə yetdi. Bundan böyük istək, arzu ola bilməz.
 
- Babək bəy, bu günü necə qeyd edəcəksiniz?
 
- Efirlərə çağırıblar, qrafikim doludur. Mən işimlə, sənətimlə məşğulam. Ona görə ad günlərim yadıma düşmür. planlamıram ki, mənim nə vaxt ad günümdür və onu kimlərlə qeyd edəcəyəm. Çox vaxt ad günümü iş başında keçirmişəm. Evdə olduqda isə təmtəraqdan uzaq formada ailə ilə qeyd edirəm. 30 yaşım olanda Prezidentimiz tərəfindən mənə fəxri ad verilmişdi. Həm 30 yaşımı, həm də fəxri adı sənətkarlarımızla birlikdə qeyd etmişəm.
 
- Yaşınıza görə çox uğurlar, nailiyyətlər əldə etmisiniz. Zəhmətin nəticəsidir, yoxsa bəxtiniz gətirib?
 
- Zəhmətimizin nəticəsidir. Zəhmətsiz heç nə ola bilməz. Bütün sahələrdə belədir. Zəhmət çəkməsən, irəliyə doğru addımlaya bilmərsən.
 
- Bu gün özünüzə nə arzulayırsınız?
 
- İlk növbədə ölkəmizi şad və firavan görək, bayrağımız hər zaman uca zirvələrdə dalğalansın. Mən də hər zaman əlimdən gələni edəcəyəm ki, Azərbaycan milli musiqi mədəniyyətinə böyük töhfələr verim və ən böyük təbliğatçılardan biri olum.
 
Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Sumqayıt Musiqi Kollecində, o cümlədən, A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində müəllim olaraq çalışıb.
 
Seçilən
12
14
moderator.az

10Mənbələr