
Polşa Prezidenti Karol Navrotski jurnalistlərlə görüşündə Baş nazirin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamışı sərt tənqid edib.
Yeniavaz.com “Interia.pl” portalına istinadən xəbər verir ki, prezident nazirin işini düzgün görmədiyini və səhv addım atdığını bildirib.
Portalın yazdığına görə, prezident, “Kosinyak-Kamış axmaq bir hərəkət etdi və işini görmədi” ifadəsini işlədib.
Bildirilir ki, prezidentin bu açıqlaması müdafiə nazirinin 28 may tarixində verdiyi bəyanata cavab olub. Kosinyak-Kamış deyib ki, prezidentlik vəzifəsi “kainatın mərkəzi deyil” və hökumət bütün beynəlxalq müqavilələr barədə prezidentə əvvəlcədən məlumat verməyə borclu deyil.
Qeyd edək ki, prezidentlə hökumət arasında gərginlik mayın 27-də Polşa ilə Böyük Britaniya arasında imzalanan müdafiə və təhlükəsizlik sazişindən sonra artıb. Sənədi Polşanın Baş naziri Donald Tusk və Böyük Britaniyanın Baş naziri Kir Starmer imzalayıb.