AZ

İran gizli raketlərini yenidən çıxarır - GÖRÜNTÜLƏR YAYILDI

İranın atəşkəsdən öz hərbi potensialını bərpa etmək üçün istifadə etdiyi barədə iddialar artıq uzun müddətdir gündəmdədir.

Hələ aprel ayında İran bombardmanlar nəticəsində əvvəlcədən gizlədilmiş və ya yeraltına basdırılmış ballistik raketlərin və sursatların axtarışı və çıxarılması istiqamətində fəaliyyətini gücləndirib.

Bir həftə əvvəl isə İranın bərpa prosesini İsrail və ABŞ kəşfiyyatının gözlədiyindən daha sürətli həyata keçirdiyi barədə məlumatlar yayılıb.

Bərpa prosesi müharibə zamanı məhv edilmiş raket qurğularının, buraxılış sistemlərinin və mühüm silah komponentlərinin yenilənməsini əhatə edir. Bu isə İranın regionda hələ də ciddi təhlükə olaraq qaldığını göstərir.

CNN tərəfindən yayımlanan yeni peyk görüntüləri də məhz bu fəaliyyəti təsdiqləyir.

Məlumata görə, İran yenidən yeraltı obyektlərdə saxlanılan böyük həcmdə raket arsenalına çıxış əldə edir. Bu vəziyyət ABŞ prezidenti Donald Trampın Tehranın arsenalının demək olar tamamilə məhv edilməsi ilə bağlı bəyanatlarını şübhə altına alır.

Bildirilir ki, İran yalnız buldozer və yük maşınlarından istifadə etməklə İsrail və ABŞ-nin böyük atəş gücünə əsaslanan strategiyasının nəticələrini aradan qaldırmağa çalışır.

Aprelin 10-na aid peyk görüntülərində Təbrizin cənubundakı raket bazasında tunel girişinin açılması istiqamətində işlərin aparıldığı görünür. Əlavə kadrlarda iranlıların Xomeyni raket bazasında da dağıntıları təmizlədiyi əks olunub. Ərazidə tunel girişini açmağa çalışan yük maşını və yaxınlıqda gözləyən digər texnikalar müşahidə edilib.

Məlumata əsasən, raketlər dərin yeraltı komplekslərdə saxlanılır. Bombardmanlar nəticəsində girişlər dağıdılsa da, sığınacaqların özünə ciddi ziyan dəyməyib. Ekspertlər qeyd edir ki, dağıntıların təmizlənməsi yeni raket və buraxılış qurğularının istehsalından qat-qat asandır. /Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr