AZ

Kreml Ukrayna “ssenarisini” Ermənistanda təkrarlaya bilər – Sensasion iddia

“Avropa İttifaqı sözdə deyil, əməldə Ermənistan hökumətinə dəstəyini artırmasa, Kreml Ukrayna “ssenarisini” Ermənistanda təkrarlamağa çalışacaq”.

Bu sözləri Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib.

Politoloqun sözlərinə görə, vaxtilə Ukrayna məhz Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamaq yolunu seçdiyinə görə Kremlin sərt təzyiqləri ilə üzləşmişdi və nəticədə regionda ciddi geosiyasi qarşıdurma yaranmışdı.

“İndi isə Ermənistan hökuməti hədəfdədir. İrəvanda Avropa Siyasi Birliyinin sammitinin keçirilməsi əlbəttə ki, vacib siyasi hadisədir. Ancaq təkcə belə tədbirlərlə kifayətlənmək olmaz. Brüssel Rusiyanın Ermənistanın baş naziri Nikol Paşinyana qarşı artan təzyiqlərini neytrallaşdırmaq üçün real mexanizmlər üzərində düşünməlidir.
Rusiya artıq Ermənistana satdığı qazın qiymətini artırmağı planlaşdırır. Bununla yanaşı, Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışı ilə bağlı məhdudiyyətlər tətbiq olunub. Bu isə Ermənistan iqtisadiyyatı üçün ciddi problemlər yarada bilər. Belə bir vəziyyətdə Avropa İttifaqı öz bazarını Ermənistanın kənd təsərrüfatı məhsullarının üzünə aça bilərmi? Brüssel Ermənistanın qaz təminatı ilə bağlı alternativ mənbələrin formalaşdırılmasına dəstək verə bilərmi? Məhz bu sualların cavabı həlledici əhəmiyyət daşıyır.

Əgər bunlar baş verməyəcəksə, Avropa İttifaqının və Fransa Prezidenti Emmanuel Makronun Nikol Paşinyana verdiyi siyasi dəstək bəyanatları praktiki baxımdan ciddi əhəmiyyət kəsb etməyəcək. Çünki Ermənistanın üzləşdiyi problemlər siyasi bəyanatlardan daha çox iqtisadi və enerji təhlükəsizliyi sahəsində real dəstək tələb edir”, – deyə Elxan Şahinoğlu bildirib.

Seçilən
2
4
editor.az

5Mənbələr