AZ

Orteqanın “Maduro aqibəti” qorxusu – Nikaraqua Trampı gözləyir

Beynəlxalq ekspertlər Donald Trampın aqressiv xarici siyasətini nəzərə alaraq, Nikaraquanın ABŞ-nin Latın Amerikası və Karib dənizindəki növbəti hədəflərindən birinə çevrilib-çevrilməyəcəyini proqnozlaşdırmağa çalışır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Daniel Orteqa və həyat yoldaşı Rosario Murilyo 2026-cı ilin yanvar ayında Venesuelada Nikolas Maduronun ABŞ tərəfindən həbs edilməsindən sonra eyni aqibətlə üzləşəcəklərindən açıq şəkildə qorxurlar.

Bildirilir ki, onlar Vaşinqtonla gərginliyi azaltmağa çalışırlar. Nikaraqua hakimiyyəti ABŞ-yə daxil olan kubalılar üçün vizasız səyahəti ləğv edib və Kubadan miqrantları daşıyan çarter reyslərini dayandırıb. Təbliğatda kəskin dəyişiklik baş verib. ABŞ-yə qarşı tənqidləri yumşaltmaq və sandinistlərin "nailiyyətlərini" vurğulamaq əmri verilib.

Buna baxmayaraq, Vaşinqtonun mövqeyi yumşalmayıb. Məntiqi bir sual yaranır: amerikalılar Venesuela modelinə uyğun olaraq Orteqa-Murilyonu vəzifədən uzaqlaşdırmaq qərarına gəlsələr, kimi dəstəkləyəcəklər?

Ölkədə partiyadaxili təmizləmələr davam edir. Məqsəd hakimiyyətə iddialıları aradan qaldırmaq və Orteqanın istefa verəcəyi təqdirdə Murilyonun hakimiyyəti ələ keçirməsini təmin etməkdir. Orteqanın etibarlı sirdaşları da vəzifədən kənarlaşdırılır. Məsələn, “Sandino” üsyançılarının tarixi liderlərindən biri və Orteqanın iqtisadi müşaviri Bayardo Arse 2025-ci ildə qanunsuz varlanmaqda ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb və həbs edilib. Maraqlıdır ki, Orteqa hətta Somosa diktaturasına qarşı mübarizənin veteranı və keçmiş müdafiə naziri olan qardaşı Uumbertoya belə güzəşt etməyib. Umberto Orteqa 2024-cü ildə ev dustaqlığında vəfat edib.

Son aylarda Orteqa-Murilyo cütlüyünün oğullarından biri olan Daniel Edmundo Orteqanın klan daxilində rolu artıb. “Murilyo variantı” baş tutmasa, onun Orteqanın varisi olacağı gözlənilir.

Nikaraqua müxalifət sürgündədir (əsasən Kosta Rikada). O, bölünüb və rejim üçün heç bir real təhlükə yaratmır. Katolik kilsəsi 2022-2023-cü illərin təqiblərindən sonra zəifləyib. Vətəndaş cəmiyyətinə təzyiqlər azalmır. Hökumət müxtəlif bəhanələrlə nəzarətindən kənarda olan qeyri-hökumət təşkilatlarını ləğv edir: dini təşkilatlar da daxil olmaqla, onlardan 5500-dən çoxu 2018-ci ildən bəri bağlanıb.

İndi nikaraqualıların bir hissəsi Donald Trampın üzünü nə vaxt Nikaraquaya çevirəcəyini ümidlə, bir hissəsi isə qorxuyla gözləyir.

Musavat.com

Seçilən
4
50
musavat.com

10Mənbələr