AZ

Viber Mersə dəstək verdi: Almaniya kanslerinin dəyişdirilməsi ilə bağlı iddiaları rədd etdi

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqının aparıcı transmilli siyasi qüvvəsi olan Avropa Xalq Partiyasının (AXP) lideri və Xristian Sosial İttifaqının (CSU) sədr müavini Manfred Viber Almaniya kansleri Fridrix Mersə (CDU) dəstəyini ifadə edib. O, Mersin mümkün əvəzlənəcəyi ilə bağlı yayılan şayiələr fonunda hazırkı Almaniya hökumətinin qanunvericilik dövrünün sonunadək fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Viber “Funke” media qrupuna müsahibəsində bildirib.

“Avropa səviyyəsində Fridrix Mers möhkəm mövqeyə malikdir. O, müzakirələrin gündəliyini formalaşdırır, eyni zamanda dinləməyi də bacarır”, - deyə Viber qeyd edib.

Siyasətçi konkret şəxslər ətrafında aparılan müzakirələrin əleyhinə çıxaraq vurğulayıb ki, hazırda əsas məsələ kadr dəyişiklikləri deyil, gələcək üçün düzgün siyasi kursun müəyyənləşdirilməsidir.

Viber Almaniyanın hakim koalisiyasının – CDU/CSU bloku və Almaniya Sosial Demokrat Partiyasının (SPD) – tam dörd il fəaliyyət göstərəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, tərəfdaşlar arasında zaman-zaman fikir ayrılıqlarının yaranması siyasi prosesin normal hissəsidir. Buna baxmayaraq, koalisiya ölkənin idarə olunması ilə bağlı mandatını tam şəkildə yerinə yetirəcək.

Daha əvvəl “Bild” qəzeti CDU rəhbərliyində Mersin kansler postunda əvəzlənməsi ssenarisinin müzakirə edildiyini yazmışdı. Nəşrin məlumatına görə, bu ehtimal həm partiyanın rəhbər orqanlarında, həm də tanınmış CDU nümayəndələri arasında müzakirə olunur.

Mersi əvəz edə biləcək namizədlər sırasında Şimali Reyn-Vestfaliya əyalətinin baş naziri Hendrik Vüst əsas favorit hesab edilir. Bundan başqa, Hessenin baş naziri Boris Reyn və Saksoniyanın baş naziri Mixael Kreçmerin də adları çəkilir. “Bild”in yazdığına görə, Almaniya Sosial Demokrat Partiyasında da kanslerin dəyişdirilməsi variantı istisna edilmir.

Lakin Hendrik Vüst sonradan bu iddiaları təkzib edərək Fridrix Mersə tam dəstək verdiyini açıqlayıb. Bildirilir ki, gələn bazar ertəsi Vüst və Mers CDU-nun Şimali Reyn-Vestfaliya təşkilatının Meşede şəhərində keçiriləcək qapalı iclasında iştirak edəcəklər.

Hazırda Fridrix Mers Almaniyanın aparıcı siyasətçiləri arasında populyarlıq reytinqində sonuncu yerdə qərarlaşıb. Onun rəhbərlik etdiyi CDU isə sorğularda “Almaniya üçün Alternativ” (AfD) partiyasından yeddi faiz geri qalır. Ölkədə davam edən iqtisadi böhran fonunda hakim koalisiya indiyədək vəd etdiyi əsas islahatların həyata keçirilməsində ciddi nəticələr əldə edə bilməyib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
bizimyol.info

1Mənbələr