AZ

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi

Berlin, 30 may, AZƏRTAC

Bakıda keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başa çatsa da, bu mötəbər tədbirdə aparılan müzakirələr, onun formalaşdırdığı əməkdaşlıq imkanları və iştirakçılarda yaratdığı müsbət təəssüratlar hələ də gündəmdə qalmaqdadır. Dayanıqlı şəhər inkişafı, münaqişədən sonrakı bərpa, mədəni irsin qorunması və şəhərlərin gələcəyinə dair kompleks yanaşmaların müzakirə olunduğu forum beynəlxalq iştirakçıların yaddaşında uğurlu platforma kimi iz buraxıb. Almaniyada fəaliyyət göstərən mədəni irs strategiyası və mədəni turizm üzrə mütəxəssis Dalya Altuntepe də AZƏRTAC-a müsahibəsində forumun yüksək təşkilatçılıq səviyyəsini, Azərbaycanın mədəni irsin qorunması və şəhərsalma sahəsində nümayiş etdirdiyi uzaqgörən yanaşmanı xüsusi vurğulayıb. O, xüsusilə müəllifi olduğu layihəni beynəlxalq auditoriyaya təqdim etmək imkanı qazandığına görə WUF13-ün onun üçün əhəmiyyətini vurğulayaraq, buna görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib. Müsahibəni təqdim edirik.

– Dalya xanım, WUF13 barədə təəssüratlarınız necədir?

– Mən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) dəvəti ilə Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdim. WUF13 son dərəcə yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirin təşkilati hazırlığı və idarə edilməsi həqiqətən də peşəkar standartlara uyğun idi. Belə nüfuzlu və minlərlə iştirakçının qatıldığı beynəlxalq tədbirə uğurlu ev sahibliyinə görə Azərbaycan dövlətini təbrik etmək istəyirəm.

Sessiya çərçivəsində ən kiçik təşkilati detallardan tutmuş panel müzakirələrinə qədər bütün işlər mükəmməl planlaşdırılmışdı. İlk andan etibarən özümüzü həm təhlükəsiz, həm də peşəkar şəkildə qarşılanmış hiss edirdik. Digər iştirakçılardan aldığım rəylər də son dərəcə müsbət idi. Hamı təşkilatçılığın səviyyəsinə heyranlığını bildirirdi. Mən indiyədək BMT-nin və digər beynəlxalq qurumların müxtəlif ölkələrdə təşkil etdiyi çoxsaylı forumlarda iştirak etmişəm. Lakin bu qədər qüsursuz təşkil olunmuş tədbirdə ilk dəfə iştirak edirdim. Həm də bu, mənim Azərbaycanda beynəlxalq tədbirdə ilk iştirakım idi. Əminliklə deyə bilərəm ki, iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla və nümunəvi təşkil edilmiş tədbir məhz bu oldu. Bu fikri təkcə mən deyil, digər iştirakçılar da bölüşürdülər. Hətta bir çox iştirakçı qeyd edirdi ki, bu sessiya Dünya Şəhərsalma Forumunun tarixində ən geniş iştirakçı kütləsini bir araya gətirən tədbirdir. Bakıya gəldiyimiz ilk andan - hava limanında qarşılanma prosesindən tutmuş geri dönüşümüzə qədər hər şey yüksək səviyyədə təşkil edilmişdi. Transferlər, mehmanxana xidməti, forum məkanına gediş-gəliş, iaşə xidməti, panel sessiyaları – bütün proseslər dəqiq koordinasiya olunmuşdu.

Xüsusilə könüllü gənclərin fəaliyyəti məndə böyük təəssürat yaratdı. Hər hansı sual yaranan kimi dərhal yaxınlaşıb kömək təklif edirdilər. İştirakçıların rahatlığını təmin etmək üçün daim hazır vəziyyətdə olmaları forumun uğuruna ciddi töhfə verirdi.

– Forum çərçivəsində müzakirə olunan mövzular və iştirak etdiyiniz sessiyalar barədə nə deyə bilərsiniz?

– Mənim fəaliyyət sahəm mədəniyyət və turizmdir. İlk baxışda şəhərsalma ilə bunun əlaqəsinin olmadığı düşünülə bilər. Lakin əslində şəhərin inkişafı və turizm bir-biri ilə sıx bağlıdır. Biz Almaniya bazarında müxtəlif ölkələrin şəhərlərini tanıdır, turizm agentliklərini və tur-operatorları həmin istiqamətlərə səfərləri təşviq etməyə çalışırıq. Bu səbəbdən turistlərin şəhərlər barədə təəssüratlarını yaxından müşahidə etmək imkanım olur.

Avropalı turistlər üçün şəhərin ancaq gözəl binalara malik olması kifayət deyil. Onlar fərqli mədəniyyət, fərqli təcrübə və ən əsası, şəhərin ruhunu hiss etmək istəyirlər. Bəzən turistlərdən belə fikirlər eşidirəm: “Bu şəhərin ruhu yoxdur”, yaxud “Buradan enerji ala bilmədik”. İnsanlar arasında olduğu kimi, şəhərlərin də özünəməxsus aurası və xarakteri olmalıdır.

Bu məsələ, xüsusilə münaqişədən sonrakı dövrdə yenidən qurulan şəhərlər üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Qarabağ müharibəsindən sonra əldə etdiyi təcrübə bu baxımdan olduqca dəyərlidir. Həmin ərazilərin yenidən qurulması zamanı şəhərlərin öz tarixi kimliyinin, memarlıq xüsusiyyətlərinin və mədəni ruhunun qorunması vacibdir. Forumda Azərbaycan Mədəniyyət Nazirliyinin tam da bu məqsədə xidmət edən, müharibə və münaqişələrin yaşandığı bölgələrdə mədəni irsin bərpasına yönələn bir təşəbbüsünə dair sessiyada iştirak etdim. Həmin sessiyada Azərbaycanın mədəniyyət sahəsində nə qədər uzaqgörən yanaşma nümayiş etdirdiyini çox aydın şəkildə gördüm. Adətən müharibədən sonrakı bərpa və inkişaf prosesindən danışarkən insanların diqqəti daha çox binaların, yolların və digər infrastruktur obyektlərinin tikintisinə yönəlir. Lakin Azərbaycanın həyata keçirdiyi bu uzaqgörən layihə mədəniyyətin də ən azı digər sahələr qədər mühüm dəyər olduğunu çox yaxşı nümayiş etdirir.

Sessiya çərçivəsində iştirak etdiyim Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin keçirdiyi panel iclasında da məhz bu mövzudan danışdım və müəllifi olduğum bir layihə barədə məlumat verdim. Mən bir mədəni irs obyektinin – saat qülləsinin şəhərin inkişafına və şəhər kimliyinin formalaşmasına necə təsir göstərdiyini izah etdim. Vaxtilə sadəcə şəhər sakinlərinin mədəni bağlılığını gücləndirmək məqsədilə yaradılmış bu layihə illər sonra həmin şəhərin əsas turistik cazibə mərkəzlərindən birinə çevrilib. Bu layihə ilə vermək istədiyimiz əsas mesaj odur ki, əgər bir şəhərə turist cəlb etmək istəyirsinizsə, ilk növbədə, həmin şəhərin mədəni irsini yaşatmalısınız. Çünki şəhər öz tarixi və mədəni dəyərlərindən uzaqlaşdıqda ruhunu itirir. Ruhunu itirdikdə isə cazibəsini də itirmiş olur. Mənim üçün çox dəyərli olan bu layihəni can Azərbaycanda təqdim etmək çox qürurvericidir. Bu imkana görə Azərbaycan dövlətinə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə təşəkkürümü bildirirəm.

- Bu layihə barədə bir qədər ətraflı məlumat verə bilərsiniz?

- Bu saat qülləsi layihəsini 5-6 il əvvəl Suriyanın Hələb vilayətinin Çobanbəy adlı türkmən şəhərciyində həyata keçirmişdik. Həmin vaxt bölgə rəhbərliyi şəhərin mədəni inkişafına dəstək verməyimizi xahiş etmişdi. O dövrdə bölgədə təhlükəsizlik şəraiti müəyyən qədər təmin edilmişdi və şəhərin inkişafı istiqamətində addımlar atılırdı. Şəhərə hansı mədəni dəyəri qazandıra biləcəyimizi müzakirə edərkən saat qülləsi ideyası yarandı. Osmanlı dövründən Yaxın Şərqdə saat qüllələri şəhər mədəniyyətinin mühüm elementlərindən biri hesab olunur. Buna görə də Çobanbəy üçün də belə bir simvol yaratmağa qərar verdik. Çobanbəy XI əsrdən bəri türkmən yaşayış məntəqələrindən biridir.

Layihənin memarlıq konsepsiyası və dizaynını mən hazırladım. Tikintidə tamamilə yerli materiallardan istifadə olundu. Hələb daşı öz keyfiyyəti ilə məşhurdur və bölgədə çox peşəkar bənnalar fəaliyyət göstərir. Qüllənin memarlığında bölgəyə məxsus səkkizguşəli türk ulduzu motivindən istifadə etdik. Bu simvol Azərbaycanın, Türkmənistanın və digər türk dövlətlərinin mədəniyyətində mühüm yer tutur. Türk Dövlətləri Təşkilatının bayrağında da bu ulduz həkk olunub.

Nəticə gözləntilərimizin də üzərində oldu. Hətta layihəni həyata keçirən ustalar belə yekun nəticənin bu qədər uğurlu alınacağına inanmadıqlarını deyirdilər. Ən maraqlısı isə odur ki, qüllənin tikintisindən sonra şəhərin inkişaf istiqaməti dəyişdi. İnsanlar qüllənin ətrafında məskunlaşmağa başladılar, yeni evlər və ticarət obyektləri tikildi, həmin ərazi şəhərin yeni mərkəzinə çevrildi. Bu gün yerli sakinlər zarafatla deyirlər ki, “Çobanbəy əvvəl kənd idi, saat qülləsindən sonra şəhərə çevrildi”.

Mənim təqdimatımın əsas mesajı da məhz bundan ibarət idi: bəzən kiçik görünən bir mədəni layihə bütöv bir şəhərin taleyini dəyişə bilir. Biz layihənin bütün mərhələlərində yerli əhali ilə məsləhətləşmələr apardıq. İstifadə olunan materiallardan rəng seçiminə qədər onların istək və ehtiyacları nəzərə alınaraq müəyyənləşdirildi. Bu da layihənin uğurunun əsas səbəblərindən biri oldu.

– Siz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də olmusunuz. Bir mədəniyyət mütəxəssisi kimi, Qarabağda mədəni irsin bərpası istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?

– Bu, mənim Azərbaycana ilk səfərim deyildi. Ötən il də ölkənizə gəlmişdim və Qarabağa səfər etmək imkanım olmuşdu. Şuşanı ziyarət etdim, Ağdamı da qismən görmək imkanım oldu. Şuşada diqqətimi ən çox cəlb edən məqam yeni tikilən binaların və şəhərsalma konsepsiyasının bir-biri ilə tam harmoniyada olması idi. Yeni memarlıq nümunələri həm estetik baxımdan cəlbedici görünür, həm də Azərbaycanın tarixi-mədəni memarlıq ənənələrinə uyğun şəkildə layihələndirilib.

Mən hətta maraqlanaraq soruşmuşdum ki, bu layihələri həyata keçirən şirkətlər xaricidirmi? Mənə bildirdilər ki, əsasən yerli şirkətlər çalışır. Bu, çox vacib məqamdır. Çünki xarici şirkətlər bəzən öz standartlarını tətbiq edir və nəticədə şəhərin yerli kimliyi itə bilər. Azərbaycanın yanaşmasını məhz buna görə yüksək qiymətləndirirəm. Qarabağda aparılan yenidənqurma işləri həm planlı, həm estetik, həm də şəhərlərin tarixi-mədəni kimliyinə uyğun şəkildə həyata keçirilir. Bu, çox dəyərli təcrübədir.

Mən hesab edirəm ki, Azərbaycanın Qarabağın bərpası prosesində qazandığı təcrübə münaqişədən sonrakı bərpa mərhələsindən keçən digər ölkələr üçün də faydalı ola bilər. Bu bilik satın alınan deyil, yaşanaraq əldə edilən təcrübədir.

Bu gün dünyanın müxtəlif bölgələrində münaqişələr davam edir. Yaxın Şərqdə, Suriyada və digər postmünaqişə zonalarında Azərbaycanın topladığı təcrübənin beynəlxalq əməkdaşlıq çərçivəsində paylaşılması həmin ölkələrin bərpasına mühüm töhfə verə bilər.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
57
1
azertag.az

2Mənbələr