AZ

SOS: İrəvan paradı revanşistləri ruhlandırdı – Seçkilərdən SONRA...

Mayın 28-də İrəvanda keçirilən hərbi parad revanşist zümrənin dərdini “təzələyib”. Yada salaq ki, bu, işğalçı Ermənistanın 44+1 günlük müharibədəki acınacaqlı məğlubiyyətindən sonra ilk hərbi paradı idi.

Mümkündür ki, həmin tədbirlə Baş nazir Nikol Paşinyan daha çox siyasi məqsəd güdüb, seçkilər ərəfəsi bir “güllə ilə bir neçə dovşan vurmağa” çalışıb: 1. Radikalların ağzını bu yolla yummaqla cəmiyyətə göstərmək istəyib ki, ölkəni ordusunu guya pis-yaxşı təzədən “yığıb”. Yəni, “bu yöndə hakimiyyət mümkün hər şeyi edir” mesajı. 2. Əhalinin tərəddüdə və laqeyd olan kəsiminin müəyyən hissəsini bu yolla öz tərəfinə çəkməyə cəhd edib. 3. Radikal müxalifətin “vətənşüvənlik kartını” əlindən alaraq, özü haqda cəsarətli lider obrazını möhkəmlətmək istəyib.

Amma və lakin...

Armenianreport.com saytında görün qatı revanşistlərdən biri, Paşinyan əleyhdarı (!) “Ambartsum K.” imzası ilə paradla bağlı nə yazır.

Sitat: “Əvvəlcə ədalət naminə qeyd edək ki, parad əla keçdi. Bu, yerli hərbi-sənaye kompleksinin ciddi nailiyyət qazanmadığını iddia edən skeptiklərə cavab oldu. Çünki parad daxili hərbi sənayenin əsl uğurlarını nümayiş etdirdi”.

(Hərçənd hərbi ekspertlərə görə, orada Fransa, Hindistan və digər xarici ölkələrin istehsalı olan silah nümunələri yerli istehsal adı ilə - “Aramazd”, “Mehr”, “Lusan” və “Şant” adları altında təqdim olunub).

Yazının davamı daha diqqətçəkicidir və müəllifin gerçək xislətini açır: “Ancaq əgər bu silahlar Ermənistan xalqının, o cümlədən artsaxla bağlı (! – Z.S.) problemlərin həlli üçün istifadə olunmayacaqsa, onların nə faydası? Hakim partiyadan olan ünsürlər iqtidarda qaldığı müddətcə onlar bu məqsədlər üçün istifadə olunmayacaq. Onlar getmək istəmirlər. Onları ABŞ və Avropa Birliyi, Donald Tramp açıq şəkildə dəstəkləyir”.

Paşinyanı həm öyən, həm də söyən bu revanşist zat növbəti “çəhrayı” arzusunu belə izhar edib: “ABŞ prezidenti Viktor Orbanı da Macarıstan seçkilərində eyni şəkildə müdafiə edirdi. Amma Orban seçkiləri uduzdu və siyasi yoxluğa qərq oldu. Ümid edək ki, Trampın dəstəyi Paşinyan üçün də eyni dərəcədə “faydalı” olacaq”...

Elə bilirsiniz Ermənistanda bu cür sarsaq düşüncədə olanlar azdır? Əsla. Göründüyü kimi, onlar öz təhlükəli niyyətlərindən dolayı nəinki axmaq xəyallar qurur, üstəlik, bu haqda yazır və onu təbliğ edirlər. Bu avantüristlər həqiqətən də inanırlar ki, Paşinyan gedəndən və hakimiyyətə hansısa revanş çaqqal gələndən sonra “artsax uğrunda” təzədən silahlı mübarizə başlayacaq.

Nikol da neçə vaxtdır elə onu isbatlamağa çalışır ki, radikal müxalifətin iqtidar olması ölkəyə labüd müharibə vəd edir, həm də tezliklə. Özü də bu dəfə müharibə Ermənistanın öz ərazisində gedə bilər. Günün birində bir də ayılıb görərlər ki, Naxçıvan artıq Azərbaycanın yerdə qalan hissəsi ilə birləşib.

Bütün hallarda Paşinyanın 28 may paradı ilə erməni xalqına “ayı xidməti” göstərib, revanşistlərin ağzına “şirə salmağa” dəyərdimi?..

Bu qəbil yazı və çağırışlar bir sualı təzədən aktual edir: ümumiyyətlə, ordu Ermənistanın nəyinə gərək, əgər o, 100 ildən artıqdır hay toplumuna bəla-müsibətdən başqa heç nə gətirməyibsə və ən mühümü, nə Azərbaycan, nə də Türkiyə Ermənistana hücuma hazırlaşmırsa, işğalçı planlar qurmursa?

Dəfələrlə yazmışıq, tam əksinə, məhz qonşu xalqlar və ölkələrin bu saxta dövlətdən və nanəcib qonşudan təhlükə gözləməyə haqqı var. Yaxın və uzaq tarix görkdür!..

Z. SƏFƏROĞLU

Seçilən
19
musavat.com

1Mənbələr