AZ

Şeyx: “Heç bir konfrans, qurultaydan söhbət gedə bilməz, bu, təxribatdır, xəyanətdir”

“Bu, nə qurultaydır, nə də konfransdır, özbaşına təşkil edilmiş toplantıdır. Qeyri-qanuni, Hesablama Palatasının yoxlama apardığı zamanda törətdikləri əməlləri ört-basdır etmək üçün Əli İsa Cabbarov başda olmaqla, bir qrup şəxs mayın 26-da özlərindən toplantı adı ilə tədbir keçiriblər. Hamımızın adından xəbərimiz, marağımız, iştirakımız olmadan sui-istifadə ediblər. Azərbaycanın görkəmli kino xadimləri, xalq artistləri, professorlar, dövlət mükafat laureatları, incəsənət xadimləri bu toplantıda iştirak etməyiblər, hətta rəsmi bəyanat yayıblar ki, bu, qeyri-qanuni, qeyri-legitim toplantıdır. Qanuni protokol qaydasına əsasən onlar qurultayda ilk növbədə idarə heyətinin seçilməsini gündəliyə çıxarmalıdırlar və İdarə Heyətinin iştirakı ilə bir yerdə nizamnamə qəbul etməlidirlər. Onlar nə İdarə Heyəti seçiblər, nə də nizamnamədə dəyişikliklər ediblər. Çünki legitim deyillər deyə qorxublar. Bunların heç birini etməyiblər. Özləri yəqin, gizlin formada 5-6 nəfər yığılıb qondarma İdarə Heyəti seçib, nizamnamə yaradıb Ədliyyə Nazlirliyinə göndərəcəklər. Bu, qeyri-legitimdir. Heç bir idarə heyəti seçkisi aparılmayıb. Onlar toplantıdan sonra xəlvəti öz aralarında icra edirlər. Bu qanun pozuntusu, cinayətkar əməldir və durdurulmalıdır. Ədliyyə nazirinə müraciət edirik, bu məsələni nəzərə alsın, durdursun və haqlarında cinayət işi açsın”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) mayın 26-da keçirildiyi bildirilən qurultayda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri vəzifəsinə rejissor Əli İsa Cabbarovun seçilməsinə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, maliyyə pozuntuları ilə bağlı Kinematoqrafçılar İttifaqında Hesablama Palatasının apardığı yoxlamalarda çox ciddi qanun pozuntuları aşkar olunub və yoxlamanın qorxusundan saman çöpünə əl atmaq üçün xilaskar bir toplantı keçirilib: “Mənə həmin çəkilişi göstərdilər, əvvəl elə bildim quş uçurdurlar, sonra gördüm qışqırıb, bağıran, fitin sayı çoxdur, dedim, yəqin, futbola baxırlar. İri planda açanda gördüm ki, sən demə, bunlar gülməli vəziyyətdə guya toplantı keçiriblər. Sovet dövründə kalxoz iclasları olardı, kim ağzına nə gəldi danışardı... Yoxlamalarda çox ciddi qanun pozuntuları aşkar olunub. Yoxlamanın qorxusundan toplantı keçiriblər, hökuməti bu yolla aldadıb, istəyirlər ki, oradakı törətdikləri əmələ don geyindirsinlər. Amma Hesablama Palatası tərəfindən yoxlama gedir. Yoxlama gedən zaman heç bir tədbir keçirmək olmaz. İttifaqın birinci şəxsi Şəfiqə xanımın razılığı, iştirakı olmadan necə keçirilə bilər? Tam olaraq özbaşına keçirilən tədbirdir. Birbaşa “kolxoz” iclasıdır. Azərbaycan Kino İttifaqının 460 üzvü var. 460 üzvünün hər hansısa rəsmi toplantıda ən azından 220 nümayəndəsi olmalıdır, yəni, legitim olmalıdır. Orada isə cəmi 140-150 adam iştirak edirdi. O da əvvəl adamlara yalan məlumat veriblər, gəlib görəndə ki Şəfiqə xanım, ağsaqqallar, kino xadimləri iştirak etmir, 40-50 nəfər çıxıb gedib... Böyük əksəriyyəti Azərbaycan hökumətinə qarşı daim müxalifətdə olan, Azəbaycan dövlətinin təxribat qruplarında təmsil olunan adamlardır. Onlar mövcud olan qanunlara zidd hərəkətlər edərək özbaşınalıq edirlər. Nə üçün aidiyyatı üzrə inzibati orqanlar bunlarla məşğul olmur? Bu işlərlə əlaqədar dövlətin inzibati orqanları təklif və çağırış edirəm, nə üçün dövlətçiliyimizə qarşı çıxan insanlar oturub özləri üçün İttifaqda sədr oyunu oynayırlar? Keçirdikləri toplantıda belə legitimlik nəzərə alınmayıb. Son məqamda 120 adam iştirak edib, heç bir müzakirə aparılmadan, alternativ variantlar təklif edilmədən görüblər ki, camaat dağılıb gedir və orada cəmi 105 adam qalıb. Onların da bir hissəsi səs verməyib. Mətbuata yalan məlumatlar verirlər, heç alternativ namizəd də olmayıb. Bu tam qanunsuzdur, Azərbaycan Kino İttifaqına qarşı açıq təxribatdır, xəyanətdir. Bu təxribatı törədənlər mütləq qanun qarşısında cavab verməlidirlər. Yəni dövlətçilik, Azərbaycan ideologiyasının, xalqın tarixinin səlnaməsini yaradan kinostudiya, kino xadimləri bu günə qalıblar ki bir dəstə qrup özbaşına “uşaq-muşaq” ətraflarına toplayıb toplantı keçiriblər? İndi həmin o “uşaq-muşaq” bizim arxamızca danışıb, heç bir əxlaq, etik qayda gözləmədən ağızlarına gələni yazırlar, məsuliyyətsizlik edirlər. Təbii ki, bunların hamısının arxasında və başında cinayətkar qrup və onların da başında Əli İsa Cabbarov durur. Əli İsa Cabbarov öz komandası ilə cinayətkar əməllərindən xilas olmaq üçün qurultay adlı saman çöpünə əl atır. O da yəqin yoxlama keçiriləndən sonra öz cəzasını alacaq”.

 

Xalq artistinin sözlərinə görə, orada təmsil olunan 10-15 adam mətbuata, geydirmə informasiya agentliklərinə və s. təhqiramiz müsahibələr verir, “ağ” yalanlar danışırlar: “Onların görün narahatlığı hansı səviyyədədir ki, qarayaxma, şər, böhtan, yalanla müsahibələr verirlər. Bunların qarşısı alınmalıdır. Mətbuat orqanlarından xahiş edirəm ki, həqiqəti öyrənin yalançı adamların müsahibələrinə qulaq asmayın. Özləri də buna nə qurultay, nə konfrans deyirlər. Toplantı edirlər, sədr seçildi, bu nədir, başım çıxmır... Bu haqda rəsmi qərar çıxa bilməz. Rəsmi qərar o zaman çıxır ki, Ədliyyə Nazirliyi yalançı təqdimatı, protokolları təsdiq etsin. Bu isə mümkün olan şey deyil. Çünki bu legitim deyil, səs sayı da çatışmır, 20 faiz belə seçki keçirilməyib. Heç nizamnamənin müzakirələri keçirilməyib. Onlar istəyirlər ki, bu yolla gedən yoxlamadan azad olsunlar. Belə bir misal var: “İnsanlara imkan verin ki, çox danışsınlar, çox səhv etsinlər”. Dünənə kimi danışmadıq, indi danışıram. Onlar özlərini tam ifşa etdilər, bizim ünvanımıza dedikləri ifadələr, xalqı çaşdırmaları, dövlətə verdikləri informasiyalar, Ədliyyə Nazirliyinə göndərəcəkləri protokolların hamısı yalandır, saxtadır və nəticəsini də yaxın zamanlarda görəcəksiniz. Əli İsanın indiyə kimi Rasim Balayevin xəstəliyindən istifadə edib, möhürdən sui-istifadə etdiyi cinayətkar əməlləridir. Keçirilən toplantının heç bir hüquqi əsası yoxdur. Alternativ müzakirələr keçirilməyib. Ünvanımıza olan təhqirlər, müsahibələr yığışdırılmalıdır. Belə müsahibə verən hər kəs açıq şəkildə cəmiyyətə tanıdılmalı, ifşa olunmalıdırlar. Əgər sən hətta müxalifətsənsə, təbii ki, müxalifətsən... Hər hansısa bir qeyri-qanuni, cinayətkar əməllərinə don geyindirmək istəyirsənsə, onu da danışmağın əxlaqı, hüquqi qaydaları var.  Bu dərəcədə əxlaqsızlıq, mənəviyyatsız, peşəkar təxribatla məşğul olmaq olmaz”.

Əbdül Mahmudov təşkil edilən toplantını təxribat adlandırıb: “Kino xadimlərinin adından da sui-istifadə edirlər. Bu, biabırçılıqdır. Azərbaycan kino xadimlərinə, belə çətin vəziyyətdə olan kinomuza qarşı açıq-aşkar təşkil olunan təxribatdır, xəyanətdir. Onsuzda neçə aydır, Rasim Balayevin sənə göstərdiyi etimaddan, dünyasını dəyişməsindən istifadə etmisən. Əksinə dilin qısa olmalıdır. Düzgün münasibət qurmalısan ki, böyük kinomuzun adı xalq içində rüsvayçılıqla hallanmasın. Onsuzda kinomuz pis gündədir. Yəqin ki, bununla da inzibati orqanlar məşğul olacaqlar. Biz kino haqqında, onun bərpası barədə fikirləşirik, işlər görürük, kinostudiyada canlanma yaradırıq. Kino Azərbaycan xalqının tarixi səlnaməsidir. Yüz illərdir böyük ustadlar tarix, əsərlər yazırlar. Onlar da həşərat kimi doluşub özləri kino-kino oynayırlar. Bu adamlar dayandırılmalı, müsahibə verənlər yoxlanılmalıdır. Ünvanıma bu gün söz deyən adam mənim filmimdə epizoda çəkilən adamlardır. Qapımda boynunu burub gözləyən adamlar bu gün o qədər qudurub, çaşıblar ki, ağızlarına gələnləri heç bir etik qayda, ədəb norması gözləmədəm ünvanımıza danışırlar. Təhqirə görə də yəqin, məhkəmə qarşısında cavab verəcəklər. Onsuzda yaxın həftə ərzində Ədliyyə Nazirliyi onların yalançı protokollarını onların başlarına çırpacaq. Ondan sonra növbəti rüsvayçılıq başlayacaq. Aqibətləri necə olacaq biləcəyik. Orada yığılan insanlar cavan uşaqlardır, onları başdan etməsinlər, yazıqdırlar. Onlar gedib sənətlə məşğul olsunlar. Belə adamların yalançı vədlərinə aldanıb indidən özlərinə pis karyera qurmasınlar. Gedib sənətlə məşğul olub, sənət öyrənsinlər. Belə yalançı toplantılara qatılıb, tərəfkeşlik etməklə tərcümeyi hallarına ziyanlı, pis məlumatlar yazmasınlar”.

 

Şəhanə Quliyeva

Tarix: 30 May 2026, 16:20   
Seçilən
18
pravda.az

1Mənbələr