UEFA İtaliyanın “Komo” klubuna Çempionlar Liqasında ev matçlarını “Cüzeppe Siniqalya” stadionunda keçirməyə icazə verməyib.
Arena.az bu barədə İtaliya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, buna səbəb A Seriyası təmsilçisinin arenasının turnirin infrastruktur tələblərinə cavab verməməsidir.
Stadionun təxminən 13 min 600 tamaşaçı tutumu Çempionlar Liqasının oyunlarına ev sahibliyi üçün kifayət etməyib. Növbəti avrokubok mövsümündə “Komo”nun rəqiblərini və UEFA tələblərinə uyğun gələn “Çitta-del-Trikolore”də qəbul edəcəyi gözlənilir. Bu arena A Seriyasının digər təmsilçisi “Sassuolo”ya məxsusdur. Bu stadion 23 mindən çox azarkeş tutumuna malikdir.
Qeyd edək ki, “Komo” 2025/2026-cı illər mövsümünün yekununda İtaliya çempionatında 71 xal toplayaraq 4-cü yeri tutub və tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.
