ABŞ, Səudiyyə Ərəbistanı, Azərbaycan və Almaniya Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları siyahısına başçılıq edir.
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Türkiyənin Ticarət Nazirliyinin İxrac Baş İdarəsinin nümayəndəsi Həsən Önal jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, dünya ticarətində mövcud tendensiyalar nəzərə alınmaqla Türkiyənin onlayn ixracı üzrə hədəf bazarların sayı 18-dən 35-ə yüksəlib. Bu qrupa son əlavə olunan ölkələr sırasında Almaniya, Fransa və Rumıniya da yer alıb.
“Əgər 2023-cü ildə ölkəmizin onlayn ixracının həcmi 2 milyard dollar təşkil edirdisə, bu gün artıq 6,4 milyard dollardan danışırıq və bu, son hədd deyil. Buna təkan verən ixraca dövlət dəstəyi proqramları olub”, – deyə o bildirib.
H.Önal qeyd edib ki, bir sıra ölkələr Türkiyənin elektron ticarətin genişləndirilməsi istiqamətində atdığı addımları diqqətlə izləyir: “Məsələn, Səudiyyə Ərəbistanında hesab edirlər ki, Türkiyə elektron ixracın inkişafı sahəsində Çindən sonra ən uğurlu təcrübəyə malikdir”.