İranda 2022-ci ildə böyük rezonans doğuran bir foto ilə bağlı yeni iddialar gündəmə gəlib.
Israel Hayom qəzeti həmin görüntünün yayılmasının arxasında İsrail kəşfiyyatı Mossadın dayandığını iddia edib.
Məlumata görə, İranın keçmiş yol və şəhərsalma naziri, eyni zamanda SEPAH-ın sabiq komandiri Rüstəm Qasemi Malayziyaya səfəri zamanı hicabsız bir qadınla birlikdə görüntülənib. Foto daha sonra Iran International media qurumuna ötürülərək yayılıb və qısa müddətdə İran sosial şəbəkələrinin əsas müzakirə mövzusuna çevrilib.
Nəşrin iddiasına görə, Mossad bu görüntünü hələ 2011-ci ildən əldə etmişdi, lakin onu məhz 2022-ci ildə – məcburi hicab əleyhinə etirazların bütün ölkəni bürüdüyü bir vaxtda ictimaiyyətə təqdim etmək qərarına gəlib.
Hesabatda Mossadın nüfuzetmə əməliyyatları şöbəsinin keçmiş rəhbərinin sözlərinə istinadən bildirilir ki, məqsəd İran rəsmilərinin riyakarlığını ifşa etməklə ictimai narazılığı daha da artırmaq olub.
Mənbənin iddiasına görə, bəzi hallarda kompromat xarakterli materialların yayılması sui-qəsd əməliyyatlarından daha effektiv nəticə verir və həmin şəxslərin vəzifədən uzaqlaşdırılmasına səbəb ola bilər.
Israel Hayom yazır ki, fotonun yayılmasından bir neçə gün sonra Rüstəm Qasemi vəzifəsindən istefa verib. Rəsmi açıqlamada isə istefanın səbəbi kimi onun səhhətində yaranan problemlər göstərilib.