AZ

Oqtay Zülfüqarovun doğum günüdür

Yazını böyüt
Yazını kiçilt

Mayın 31-də Azərbaycan Respublikasının Xalq artist, bəstəkar Oqtay Zülfüqarovun doğum günüdür. O, 1929-cu ildə Bakı şəhərinin Pirşağı qəsəbəsində hakim ailəsində anadan olub. 

O.Zülfüqarov əvvəlcə Musiqi Məktəbinin violonçel sinfində, daha sonra isə Asəf Zeynallı adına Musiqi Məktəbi və Azərbaycan Dövlət Konservatoriyasının violonçel ixtisası üzrə təhsil alıb. Görkəmli bəstəkar professor Qara Qarayevin tələbəsi olub.

Oqtay Zülfüqarov Azərbaycan musiqi sənətində, xüsusilə də uşaq musiqisinin inkişafında mühüm xidmətləri ilə tanınıb. O, uşaqlar üçün yazdığı "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarının müəllifidir. Bəstəkarın "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediyası, violonçel və fleyta üçün konsertləri, simfonik poemaları, kantataları, dörd simfoniyası, instrumental pyesləri, teatr və kino üçün bəstələdiyi musiqilər Azərbaycan musiqi mədəniyyətinin dəyərli nümunələri hesab olunur.

Onun böyük simfonik orkestr üçün yazdığı "Şənlən, mənim xalqım" uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.

1957-ci ildə konservatoriyanın üçüncü kursunda təhsil alarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu böyük uğur qazanıb.

1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin tövsiyəsi ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb.

Bəstəkar 2010-2012-ci illərdə "Məlikməmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" adlı iki hissəli balet yazıb. Eyni zamanda musiqi dərsliklərinin müəllifi olub. Uzun illər Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrlarına rəhbərlik edib və uşaqlarla hazırladığı verilişlər geniş tamaşaçı sevgisi qazanıb.

Musiqi fəaliyyəti ilə yanaşı, Oqtay Zülfüqarov şeirlər də yazıb. Onun şeirləri "Oxuyur Aysel" adlı topluda nəşr olunub.

O, 1972-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 2000-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb.

2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışıb.

Oqtay Zülfüqarov ömrünün 60 ildən çoxunu uşaq mahnılarının yaradılmasına və Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara böyük sevgi və həssaslıqla yanaşaraq bir neçə nəslin sevə-sevə böyüdüyü mahnılar bəstələyib. "Tumurcuq" verilişi uzun illər Azərbaycan televiziyasında uşaqların maraqla izlədiyi proqramlardan biri olub.

Bəstəkarın ən məşhur əsərləri sırasında "Əlibaba və 40 quldur" və "Sehrli alma" baletləri, "Meşə nağılı", "Pişik və Sərçə", "Qız-ulduz" operaları, həmçinin "Şəngülüm, Şüngülüm və Məngülüm" musiqili komediyası yer alır. O, "Ala-bula boz keçi", "Ay pipiyi qan xoruz", "Can nənə", "Kitablarım", "Maşınım var", "Sərçə", "Şaxta baba" kimi sevilən uşaq mahnılarının müəllifidir.

Oqtay Zülfüqarov bir sıra filmlərə də musiqi bəstələyib. Onun musiqi müəllifi olduğu ekran əsərləri arasında "Cırtdan", "Cırtdanın yeni sərgüzəşti", "Leyla və onun dostları", "Qayınana", "Aslan və iki öküz" və digər filmlər yer alır.

Görkəmli bəstəkar 2016-cı il avqustun 31-də, 87 yaşında vəfat edib. O, Bakı şəhərində II Fəxri xiyabanda dəfn olunub.

Seçilən
25
hafta.az

1Mənbələr