Dünən Çempionlar Liqasının finalında PSJ “Arsenal”ı məğlub etməklə ardıcıl 2-ci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi oldu. Macarıstanın paytaxtı Budapeştdə keçirilən oyunu izləyənlər arasında azərbaycanlı azarkeşlərlə yanaşı, İTV-nin İdman departamentinin rəhbəri, “Arsenal” azarkeşi Kənan Hakimov da olub. Həmkarımız səfər təəssüratını “Football-plus.az” ilə bölüşdü: “Final, təbii ki, mənim üçün xoş xatirə ilə yadda qalmadı. Buna baxmayaraq, 20 ildən sonra Çempionlar Liqasında finala yüksəlmək və 22 ildən sonra İngiltərə premyer-liqasının qalibi olmaq mövsümün uğurlu olduğunu deməyə əsas verir. Düşünürəm ki, çox marağlı oyun oldu. Oyunun maraqsız və cansıxıcı keçməsi fikri ilə razı deyiləm. Ötənilki finalla müqayisədə qat-qat marağlı oyun oldu. Birmənalı şəkildə belədi. Penalti seriyasına gəlincə, burda bəxtdən çox həm pisixoloji, həm də təcrübə baxımından PSJ “Arsenal”ı üstələyirdi. Üstəlik penalti seriyası parislilərin tribunasının önündə reallaşdı. Oyundan əvvəlki gün Budapeşt küçələrində Fransa təmsilçisinin azarkeşlərinin dominantlığı hiss olunmurdu. Amma oyun günü avtobuslarla, avtomobillərlə şəhərə gəldilər. Sayları yetərincə çox idi. İngilislər isə aydın məsələdi ki, məsafə baxımından uzaqda olduqlarına görə daha əvvəl gəlməyə məcbur idilər.
PSJ azarkeşləri stadionda möhtəşəm ab-hava yaratmışdı. Əsas da qol vurulan zaman pirotexniki vasitələrdən istifadə etdilər. Əlavə təhlükəsizlik qüvvələri cəlb olundu. Dünyanın hər tərəfindən azarkeşlər var idi. Asiya ölkələrindən gələnlər çox idi. Bilirik ki, “Arsenal” orda çox sevilir. Azərbaycandan gələn azarkeşlər də var idi. Əksəriyyəti PSJ-ni dəstəkləyirdi.
1-ci, 2-ci və 3-cü kateqoriyadan bilet alanların əksəriyyəti də Paris təmsilçisini dəstəkləyirdi. Açığı, bu da mənim üçün gözlənilməz idi. Son illər klubun uğurlu çıxışı buna təsir edən əsas amildi. Şəhər oyuna çox yaxşı hazırlaşmışdı. Hər şey ideal idi. Oyun günü şəhərin 200-250 min adam qəbul etməsi infrastrukturda, nəqliyyatda yüklənmə yaratmadı. Stadiona çox rahat şəkildə çatdıq. “Arsenal” bu gün çempionluq paradı keçirirdi. İstəyirdilər ki, hər iki liqada çempionluğu birgə qeyd etsinlər. Bu isə alınmadı. Hakim qərarlarına gəlincə, bu haqqda danışmaq çətindi. Mənim səsləndirəcəyim fikirlər “Arsenal” azarkeşi kimi nə qədər obyektiv olacaq? PSJ-yə müəyyən simpatiya hiss olunurdu. Sakaya 1-ci hissənin sonunda küncdən zərbəyə icazə verilmədi, penalti ilə bağlı etiraz zamanı hakimin sarı vərəqə göstərməsi, ehtiyat oyunçular skamyasındakıların cəzalanması... Ümumilikdə PSJ layiqli qələbə qazandı. Bütün göstəricilərdə üstünlüyü aydın nəzərə çarpırdı”.
İSRAYIL XEYRULLAYEV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta