AZ

Goldman Sachs: Neftə zəif tələbat İranla müharibənin təsirini yumşalda bilər

Goldman Sachs aprel ayında Çin və Qərbi Avropada neft satışları ilə bağlı məlumatların dərcindən sonra neftə tələbat üzrə onsuz da zəif olan proqnozunu gündəlik təxminən 2 milyon barel azalda bilər. Bu barədə bankın mayın 31-də dərc olunan hesabatında bildirilir.

Analitiklərin hesablamalarına görə, belə bir ssenaridə Brent markalı neftin qiyməti dördüncü rübdə bankın hazırkı proqnozu olan 90 dollar səviyyəsindən 10 dollar aşağı ola bilər.

İranda baş verən müharibə qlobal neft bazarında sabitliyi pozub. Hörmüz boğazı vasitəsilə Fars körfəzi ölkələrindən neft tədarükü minimum səviyyəyə enib və nəticədə bazardan faktiki olaraq milyonlarla barel neft çıxarılıb.

Münaqişənin başlanmasından bəri Brent markalı neftin qiyməti 25%-dən çox artıb. Goldman Sachs hesab edir ki, bu artım artıq tələbatın müəyyən hissəsinin azalmasına səbəb olub, xüsusilə də aviasiya yanacağı və neft-kimya məhsulları seqmentlərində.

“Əgər Yaxın Şərqdən tədarük problemləri uzun müddət davam etsə, qiymətlərin yüksəlməsi ilə bağlı ciddi risklər görürük. Eyni zamanda, tələbatın zəifləməsi səbəbindən qiymətlərin aşağı düşməsi riski də əhəmiyyətlidir”, — deyə Goldman Sachs analitikləri bildiriblər.

Onların fikrincə, yüksək qiymətlərə cavab olaraq faktiki son istehlak gözləniləndən daha çox azalmış ola bilər.

Çinə neft idxalı pandemiya dövrünün səviyyələrinə qədər geriləyə bilər. Müharibə tələbatın nə dərəcədə zəiflədiyini göstərib və bu tələbat əvvəlki səviyyələrə qayıtmaya da bilər.

Londonda yerləşən Energy Aspects Ltd. konsaltinq şirkətinin qiymətləndirməsinə görə, dünyanın ən böyük neft idxalçısı olan Çinə tədarük bu il gündəlik cəmi 10,9 milyon barel təşkil edə bilər.

Bazar ertəsi Brent markalı neft təxminən 93 dollar səviyyəsində ticarət olunub. Cümə günü isə qiymətlər son altı həftənin minimumunda bağlanıb. Buna səbəb investorların ABŞ və İran arasında mümkün sülh sazişinə dair ümidləri olub.

Seçilən
42
banker.az

1Mənbələr