AZ

Daş hesab edilirdi, amma əvəzsiz xəzinə çıxdı

ABŞ-ın Luiziana ştatında bir ailənin illərdir bağda adi dekorativ daş hesab etdiyi mərmər lövhənin, əslində, təxminən 1900 illik Roma məzar daşı olduğu ortaya çıxıb. Kəşfdən sonra tarixi əsərin əsl dəyəri müəyyənləşdirilib və o, aid olduğu ölkəyə qaytarılıb.

Musavat.com xəbər verir ki, hadisə New Orleans şəhərinin tarixi Carrollton məhəlləsində yaşanıb. Antropoloq Daniella Santoro və həyat yoldaşı Aaron Lopez evlərinin həyətini təmizləyərkən sarmaşıqlar arasında qismən torpağa basdırılmış mərmər lövhə aşkar ediblər. Lövhənin üzərindəki latınca yazılar onun adi bəzək əşyası olmadığını göstərib.

Daşın üzərindəki “Dis Manibus” (“Ölülərin ruhlarına ithaf olunur”) ifadəsi mütəxəssislərin diqqətini çəkib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu mərmər lövhə Roma ordusunda 22 il xidmət etmiş Trakiya mənşəli əsgər Sextus Congenius Verusun xatirəsinə hazırlanmış məzar daşıdır. Yazılara görə, Verus 42 yaşında vəfat edib və abidə onun varisləri tərəfindən ucaldılıb.

Araşdırmalar göstərib ki, məzar daşı XX əsrin əvvəllərində İtaliyadakı National Archaeological Museum of Civitavecchia muzeyinin inventarında qeydiyyatda olub. Lakin 1943–1944-cü illərdə İkinci Dünya müharibəsi zamanı baş verən bombardmanlar nəticəsində minlərlə tarixi əsərlə birlikdə yoxa çıxıb. O vaxtdan etibarən əsər beynəlxalq siyahılarda itkin mədəni irs nümunəsi kimi axtarılırdı.

Məlum olub ki, məzar daşı müharibə illərində İtaliyada xidmət edən ABŞ hərbçisi Charles Paddock Jr. tərəfindən Amerikaya gətirilib. Uzun illər ailə yadigarı kimi saxlanılan əsər zamanla öz əhəmiyyətini itirib və nəhayət həyətə bəzək məqsədilə yerləşdirilib. Daha sonra isə torpaq və bitkilərin altında qalıb.

Hazırda ABŞ Federal Təhqiqat Bürosunun (FBI) İncəsənət Cinayətləri Bölməsinin koordinasiyası ilə qədim Roma abidəsi yenidən İtaliyanın Civitavecchia şəhərinə qaytarılır. Təxminən iki min il əvvəl yaşamış Roma əsgərinin xatirəsini yaşadan bu nadir əsər uzun illərdən sonra yenidən öz tarixi vətəninə qovuşacaq.

Musavat.com

Seçilən
30
2
musavat.com

3Mənbələr