AZ

Siyəzəndə Ataçay üzərindəki körpü uçdu: Sakinlər çətinliklə üzləşib – TƏFƏRRÜAT – FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Siyəzən rayonu ərazisində – Balaca Həmyə kəndini Siyəzən şəhəri ilə birləşdirən və Ataçay üzərində yerləşən beton körpü uçub. Bu səbəbdən sakinlərin sözügedən yoldan istifadə etməklə rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Hazırda Balaca Həmyə kəndinin sakinləri Böyük Həmyə kəndi ilə Balaca Həmyə kəndini birləşdirən dəmir körpüdən istifadə edirlər. Sakinlər bu körpüdən keçməklə Siyəzənin rayon mərkəzinə hərəkət edirlər.

Məlumatı Bizim.Media-ya Siyəzən Rayon İcra Hakimiyyəti (RİH) başçısının Böyük Həmyə İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəsi Rahib Məmmədov təsdiqləyib.

Onun sözlərinə görə, güclü yağışlardan sonra dağılan beton körpünün bərpası olduqca vacibdir. Əkin-biçin, təsərrüfat işlərinin qızışdığı bir vaxtda sakinlər bu yolun bağlanmasından ciddi əziyyət çəkirlər.

Körpünün yenidən qurulması üçün Siyəzən İcra Hakimiyyəti əlaqədar qurumlar qarşısında məsələ qaldırıb.

Bizim.Media-nın Siyəzən RİH-dən əldə etdiyi məlumata görə, qurum körpünün uçması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) rəsmi məlumat verib.

Agentliyin idarə heyətinin sədr müavini Əvəz Qocayev artıq uçan körpüyə baxış keçirib. Yaxın günlərdə ərazidə bərpa işlərinə başlanılacağı bildirilir.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
19
1
bizim.media

2Mənbələr