BAKI, 1 iyun. TELEQRAF
Qırğızıstanda 2040-cı ilədək Demoqrafik Siyasət Konsepsiyası çərçivəsində tütün və alkoqollu məhsullarının dövriyyəsinin sərtləşdirilməsi ilə bağlı tədbirlər təsdiqlənib. Bunlara nasvayın tam qadağan olunması, alkoqollu içkilər və siqaretlərin alınması üçün minimum yaş həddinin 20-21 yaşa qaldırılması, eləcə də onların satış və reklamının məhdudlaşdırılması daxildir.
Teleqraf xəbər verir ki, sənəd əsasında tütün məmulatları və alkoqollu məhsulların satışına nəzarətin gücləndirilməsi, onların gecə saatlarında və internet üzərindən satışının məhdudlaşdırılması təklif olunur. Həmçinin bu məhsulların istehlakını azaltmaq məqsədilə tütün və alkoqola tətbiq olunan aksiz vergilərinin artırılması nəzərdən keçirilir.
Ayrıca, xüsusilə uşaqlar və yeniyetmələrə yönəlmiş zərərli məhsul reklamlarının məhdudlaşdırılmasına diqqət yetirilir. Məqsəd bu reklamların vərdişlərin formalaşmasına təsirini azaltmaqdır.
Konsepsiyada qeyd olunur ki, qeyri-infeksion xəstəliklər ölkədə bütün ölüm hallarının təxminən 70 faizinin səbəbidir. Buna görə dövlət sağlam həyat tərzinin təşviqi və risk amillərinin azaldılmasına yönəlmiş profilaktik tədbirləri gücləndirməyi planlaşdırır.
Sənəddə həmçinin ailə siyasətinin möhkəmləndirilməsi, doğum səviyyəsinin dəstəklənməsi, tibbi və sosial infrastrukturun inkişafı, ana və uşaq sağlamlığının qorunması sisteminin təkmilləşdirilməsi istiqamətləri də yer alıb.
Təşəbbüs strateji xarakter daşıyır və əhalinin vaxtından əvvəl ölüm hallarının azaldılması, eləcə də ömür uzunluğunun artırılmasına yönəlib.