1 qaşıq balı qaldırıb, qaba tökün — Belə olmasa, deməli saxtadır
Saxta balların tərkibini öyrənmək üçün laboratoriya analizlərinə ehtiyac qalmır. Ev şəraitində tətbiq edilən sadə üsullarla məhsulun təbii olub-olmadığını dərhal müəyyən etmək mümkündür. İstehlakçılar bu gün bazarlarda qlükoza siroplu saxta məhsullarla tez-tez qarşılaşırlar. Ekspertlər alıcıları aldanmaqdan qorumaq üçün effektiv sınaq yolları açıqlayıblar. Həmin üsullar su, od və axıcılıq testlərinə əsaslanır.
Demokrat.az xəbər verir ki, təbii balın keyfiyyətini göstərən əsas amillərdən qəbul edilən axıcılıq testi bədnam istehsalçıların fırıldaqlarını üzə çıxarır. Qaşıqla yuxarı qaldırılan bal süzülərkən qırılmırsa və aşağıda qatlanaraq yığılırsa, deməli təbiidir. Tərkibində su və şərbət çox olan saxta məhsullar isə süzülərkən kəsik-kəsik axır və qaba tökülən kimi dərhal yayılır.
Ilıq su testi də saxta məhsulu dərhal ifşa edir. Stəkandakı ilıq suya əlavə edilən qaşıq yarısı bal qarışdırılmadan izlənilməlidir. Təbii bal sıx olduğu üçün suyun dibinə bütöv halda çökür. Suya dəyən kimi həll olub bulandıran məhsullar isə saxtadır.
Digər üsul kibrit sınağıdır. Pambıq yaxud kibrit çöpünün ucu bala batırılaraq yandırılır. Təbii bal az rütubətli olduğu üçün kibrit asanlıqla alışır. Saxta balın tərkibindəki su isə yanmağa mane olur və xırda səslərlə sönür.
Alıcılar arasında yayılan yanlış fikirlərdən biri də balın xarlaması ilə bağlıdır. Əslində soyuq mühitdə qalan təbii bal zamanla kremləşir və xarlayır. Soyuducuda aylarla qaldığı halda şəffaflığını itirməyən məhsulların tərkibinə isə kimyəvi maddələr qatılıb.
Yəni, süfrənizdəki balın həqiqi olub-olmadığını yoxlamaq üçün onu ilıq suya salmaq və ya axıcılığına baxmaq kifayətdir, çünki saxta bal suda tez əriyir və süzülərkən qırılır.
İsmayıl
Demokrat.az