Azərbaycan hökuməti son illərdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində milyardlarla manatlıq layihələr həyata keçirir. Məqsəd sadədir: vətəndaş dövlət qurumlarının qapılarında növbə gözləməsin, arayış və xidmətləri bir neçə kliklə əldə etsin. Bu siyasətin əsas dayaqlarından biri isə ölkənin ən ucqar kəndlərinə qədər internet və mobil rabitə infrastrukturunun çatdırılmasıdır. Lakin görünən odur ki, bəzi rayonlarda dövlətin rəqəmsal inkişaf strategiyası yerli səviyyədə müqavimətlə üzləşir.
Musavat.com-a daxil olan məlumatlar göstərir ki, Qusar rayonunda həyata keçirilən rabitə infrastruktur layihəsinə yaradılan maneələr artıq təkcə bir şirkətin deyil, dövlətin rəqəmsallaşma proqramının taleyi ilə bağlı suallar doğurur. Söhbət Həsənqala kəndi istiqamətində mobil rabitənin gücləndirilməsi məqsədilə çəkilən fiber-optik rabitə xəttindən gedir. Layihə “Ultranet” şirkəti tərəfindən icra olunur. Şirkət nümayəndələrinin bildirdiyinə görə, bütün texniki sənədlər və razılaşdırmalar mövcud olduğu halda, quraşdırılmış rabitə dirəklərinin bir hissəsi sonradan yerindən çıxarılıb, bəziləri isə ümumiyyətlə, yoxa çıxıb.
“Biz layihə üzrə dirəkləri quraşdırmışdıq. Sonradan gəlib onları çıxarıblar. Təxminən 20-25 dirək sökülüb. Hətta bəziləri yoxa çıxıb. Bununla bağlı foto və digər sübutlarımız var”, – deyə layihə nümayəndəsi Musavat.com-a bildirib.
Şirkət qeyd edir ki, yaradılan maneələr təsadüfi deyil. Onların sözlərinə görə, məsələ ilə bağlı Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovla görüş keçirilib və həmin görüşdə başçı layihənin davam etdirilməsinə qarşı açıq etiraz mövqeyi nümayiş etdirib. Söhbət kommersiya maraqlarından deyil, dövlətin rəqəmsal transformasiya proqramının tərkib hissəsi olan layihədən gedir. Bu gün MyGov platforması vasitəsilə milyonlarla vətəndaş şəxsiyyət vəsiqəsi məlumatlarından sosial ödənişlərə, müxtəlif dövlət arayışlarından elektron kabinetlərə qədər onlarla xidmətdən istifadə edir. Lakin bu xidmətlərin kəndlərdə əlçatan olması üçün ilk növbədə mobil rabitə və internet infrastrukturu qurulmalıdır. Başqa sözlə, Həsənqalada sökülən dirəklər kənd sakinlərinin rəqəmsal dövlət xidmətlərinə çıxış imkanlarını təmin edən infrastrukturun bir hissəsidir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihəyə ciddi maliyyə vəsaiti yatırılıb. Texnika cəlb olunub, işçi qüvvəsi səfərbər edilib, materiallar daşınıb. Sonradan dirəklərin yerindən çıxarılması həm maddi zərərə, həm də işlərin gecikməsinə səbəb olub. Maraqlıdır ki, eyni layihələr Şabran və Siyəzən rayonlarında problemsiz həyata keçirildiyi halda, çətinliklər məhz Qusarda ortaya çıxıb. Bu isə sual yaradır – niyə dövlət səviyyəsində dəstəklənən rəqəmsallaşma layihəsi məhz Qusarda yerli müqavimətlə qarşılaşır?
Dövlətin elektron hökumət strategiyasına, kəndlərin rəqəmsal inkişafına və vətəndaşların “MyGov” üzərindən xidmət alma imkanları niyə bu şəkildə məhdudlşadırılır?
Musavat.com məsələ ilə bağlı Qusar Rayon İcra Hakimiyyətinin mövqeyini də öyrənib. Qurumun ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini-sektor müdiri Eldar Hacıbalayev Həsənqala kəndində internet dirəklərinin mövcud olduğunu bildirsə də, yeni quraşdırılmış dirəklərin hansı səbəbdən sökülməsi ilə bağlı suala aydın cavab verməyib. Sual isə açıq qalır – dövlət kəndləri internetlə təmin etməyə çalışdığı halda, Qusarda kim və hansı səbəbdən bu prosesin qarşısını alır? Dövlətin rəqəmsal transformasiya proqramı ilə yerli feodal təfəkkürü arasında qarşıdurma yaranıbsa, aidiyyəti qurumlar buna münasibət bildirəcəkmi?









