AZ

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Belarusda səfərdə olub

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti "Belaya Rus" Partiyasının dəvəti ilə "XXI əsrdə çoxqütblülük və müxtəliflik şəraitində dövlət suverenliyi və beynəlxalq münasibətlərin prinsipləri" mövzusunda II Beynəlxalq Konfransda iştirak etmək məqsədilə Belarus Respublikasına səfər edib.

Mayın 28-də konfrans iştirakçıları "Brest - Qəhrəman Qala" Memorial Kompleksində Əbədi məşəlin önünə çələng və gül dəstələri qoyaraq İkinci Dünya müharibəsində həyatını itirmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.

Açılış mərasimində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun konfrans iştirakçılarına müraciəti səsləndirilib.

Sonra "Belaya Rus" Partiyasının Ali Siyasi Şurası Prezidiumunun üzvü Andrey Krivoşeyevin moderatorluğu ilə keçirilən plenar iclaslarda "Belaya Rus" Partiyasının sədri Olqa Çemodanova, Zimbabve Respublikası Milli Assambleyasının sədri, Zimbabve Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə partiyasının baş katibi Ceykob Frensis Nevidamilimo Mudenda, Moldova Respublikasının sabiq prezidenti, Sosialistlər Partiyasının sədri İqor Dodon, Sahibkarlar və İşadamları Hərəkatı - Özbəkistan Liberal - Demokratik Partiyası Siyasi Şurasının İcra Komitəsinin sədri Aktam Xaitov, "Yedinaya Rossiya" Partiyasının Ali Şurasının Beynəlxalq əməkdaşlıq komissiyasının üzvü, Rusiya Federasiyası Federal Şurası Dövlət Dumasının MDB məslələri üzrə Komitəsi sədrinin müavini Artyom Turov, Tacikistan Xalq Demokratik Partiyası sədrinin birinci müavini Malikşo Nematzoda, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Myanma İttifaqı Respublikasının Həmrəylik və İnkişaf Partiyası sədrinin müavini U Xla Xtun, Laos Xalq İnqilab Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr komitəsinin sədri Bunlıa Pxandanuvonq, Koreya Xalq Demokratik Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Əmək Partiyasının üzvü Çi Kyon Su, Kuba Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Kuba Kommunist Partiyasının üzvü Santyaqo Peres Benites, Qazaxıstanın "AMANAT" partiyasının katibi Aleksandr Danilov, Almaniya üçün Alternativ partiyasından "Lauxhammer" parlament qrupunun rəhbəri Ştefan Korte, Serbiya Sosialistlər Hərəkatı Prezidiumunun üzvü, partiyanın Belqrad şəhər komitəsinin sədri Vladimir İliç, "Belaya Rus" partiyası Ali Siyasi Şurası Prezidiumunun üzvü, Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının üzvü Aleksandr Şpakovskiy, Venesuela Vahid Sosialist Partiyası Siyasi Şurasının üzvü, Milli Assambleyanın üzvü Uilyam Farina və Brest Vilayəti İcra Komitəsinin sədri Pyotr Parxomçik çıxış ediblər.

Çıxışlarda dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda və çoxqütblü dünya nizamına transformasiya şəraitində dövlət suverenliyinin qorunmasının, regional və qlobal təhlükəsizlik naminə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanaraq bu xüsusda partiya diplomatiyasının önəminə diqqət çəkilib.

Ayrı-ayrı regionlarda baş verən hərbi-siyasi münaqişələrin və humanitar böhranların qlobal təhlükəsizliyə ciddi təhdidlər yaratdığı vurğulanaraq bütün mübahisəli məsələlərin beynəlxalq hüquq normaları əsasında həllinin vacibliyi qeyd olunub. Bildirilib ki, ölkələrin daxili işlərinə müdaxilə yolverilməzdir və milli maraqlarına mütləq şəkildə hörmət edilməlidir.

Separatizmin və neolokolonializmin bütün forma və təzahürlərinə, müstəqil siyasət həyata keçirən ölkələrə qarşı ikili standartlara söykənən qərəzli münasibətə, çoxsaylı hibrid təhdidlərə, dezinformasiya, manipulyasiya və qara piar kampaniyalarına qarşı qətiyyətli mübarizənin önəmi nəzərə çatdırılıb. Bu kontekstdə dost və tərəfdaş ölkələrin həmrəylik nümayiş etdirməsinin, eləcə də aparıcı ictimai institut kimi siyasi partiyaların səylərinin birləşdirilməsinin və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin təmin olunmasının əhəmiyyəti vurğulanıb. 

Partiya diplomatiyasının təkcə ikitərəfli əlaqələrin inkişafını əhatə etmədiyi və çoxşaxəli işbirliyinə hədəfləndiyi qeyd edilərək konfransın beynəlxalq münasibətlərin bərabərlik, açıqlıq və əməkdaşlıq prinsipləri əsasında qurulması yönündə təşəbbüslərə töhfə verəcəyinə və faydalı nəticələrlə yadda qalacağına inam ifadə olunub.

Plenar iclasda çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu mötəbər konfransın yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə ev sahibi "Belaya Rus" Partiyasına Yeni Azərbaycan Partiyası adından təşəkkürünü bildirib.

YAP Sədrinin müavini qeyd edib ki, XXI əsrdə müasir dünya nizamının çoxqütblü sistemə getdikcə daha çox transformasiyası ilə müşayiət olunan mürəkkəb geosiyasi proseslər şəraitində dövlətlər arasında qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan əməkdaşlıq münasibətlərinin qurulması, eyni zamanda milli suverenliyin təmin edilməsi və maraqların qorunması xüsusi əhəmiyyət kəsb edir: "İnkişaf və tərəqqinin ən vacib şərti sülh və təhlükəsizlikdir. Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı yalnız hərbi münaqişələrlə məhdudlaşmır. Siyasi dialoq, qarşılıqlı etimad və inklüziv əməkdaşlıq mexanizmləri fikir ayrılıqlarının qarşısının alınmasında və dayanıqlı sülhün təmin edilməsində əsas rol oynayır".

Tahir Budaqov vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi çoxşaxəli və məqsədyönlü siyasət bütövlükdə regionda davamlı sülhün, sabitliyin və rifahın təmin olunmasına xidmət edir: "Bu siyasətin ideoloji və hüquqi əsasını beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığın təşviqi təşkil edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri çərçivəsində müasir nəqliyyat-kommunikasiya infrastrukturu yaradılır, yaşayış məntəqələri isə yeni "ağıllı" konsepsiyalar əsasında yenidən qurulur. Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının regional əməkdaşlıq və inkişaf baxımından potensialından istifadəsi çərçivəsində Zəngəzur dəhlizinin reallaşdırılması yönündə işlər sürətlə aparılmaqdadır. Bütün bu tədbirlər ölkəmizin sülhə, təhlükəsizliyə və davamlı inkişafa verdiyi önəmin bariz göstəricisidir. Uzunmüddətli regional təhlükəsizlik və inkişafın təmin olunmasına mühüm zəmin yaradan bu yanaşma postmünaqişə dövründə sülhün möhkəmləndirilməsi və qarşılıqlı etimadın gücləndirilməsi baxımından praktik və nümunəvi model kimi çıxış edir".

YAP Sədrinin müavini bildirib ki, qloballaşma şəraitində, beynəlxalq münasibətlərin strukturunun dəyişməsi, qeyri-dövlət aktorlarının rolunun artması və çoxtərəfli əməkdaşlıq formatlarının genişlənməsi fonunda beynəlxalq sistemin fəal iştirakçıları kimi siyasi partiyaların rolu durmadan artır: "Bu kontekstdə partiyalararası dialoq ənənəvi diplomatik mexanizmləri tamamlayan, bəzən isə onları qabaqlayan mühüm vasitə kimi çıxış edir. Regionumuzda və ondan kənarda dayanıqlı sülhün təmin edilməsi üçün inklüziv əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsas götürülməlidir. Bu baxımdan, siyasi partiyalar, müxtəlif beyin mərkəzləri və beynəlxalq siyasi partiya təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyası beynəlxalq səviyyədə müxtəlif siyasi partiyalar arasında dialoqu təşviq edir. İkitərəfli formatda, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlər və müzakirələr qarşılıqlı anlaşmanın dərinləşməsinə və müasir qlobal çağırışlara cavab olaraq birgə yanaşmaların formalaşdırılmasına töhfə verir. İkitərəfli əlaqələr kontekstində partiyamızın əməkdaşlıq etdiyi Azərbaycana dost ölkələrin aparıcı siyasi partiyalarının sayı artmaqda, coğrafiyası daim genişlənməkdədir. Sevindirici haldır ki, dostluq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin dövlət başçılarımız  cənab İlham Əliyev və cənab Aleksandr Lukaşenkonun müdrik və uzaqgörən siyasəti sayəsində hərtərəfli inkişafı fonunda YAP ilə "Belaya Rus" partiyası arasında əməkdaşlıq yeni yaranmasına baxmayaraq, sürətlə inkişaf edir. Bu isə ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə kimi qiymətləndirilə bilər. Eyni zamanda, YAP dünyanın müxtəlif regionlarından yüzlərlə partiyanı əhatə edən Mərkəzçi Demokrat İnternasionalı və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı kimi siyasi partiya təşkilatları ilə fəal əməkdaşlıq edir. Son illərdə YAP müxtəlif qitələrin aparıcı siyasi partiyalarının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə regional və qlobal əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirəsi üçün beynəlxalq platforma formalaşdırmışdır. 2022-ci ildən etibarən iyunun 15-də Şuşa şəhərində keçirilən beynəlxalq konfransların mövzu və iştirak baxımından əhatə dairəsi sürətlə genişlənməkdədir. "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusuna həsr olunmuş qarşıdan gələn konfransda dövlət və hökumət strukturlarının nümayəndələri, müxtəlif ölkələrin aparıcı siyasi partiyaları, nüfuzlu analitik mərkəzlər və kütləvi informasiya vasitələrinin iştirakı ilə qlobal çağırışlar şəraitində sülh quruculuğu və partiyalararası diplomatiya mexanizmləri, regional əməkdaşlığın iqtisadi əsasları, eləcə də postmünaqişə dövründə ərazilərin bərpası və müasir şəhərsalma məsələləri ətraflı müzakirə olunacaqdır".

"Partiyalararası dialoq yalnız siyasi əməkdaşlığı deyil, eyni zamanda, humanitar və iqtisadi əlaqələrin genişlənməsini də stimullaşdırır. Bu baxımdan, tarixi Brest şəhərində keçirilən bu mötəbər tədbirin ölkələrimiz və xalqlarımızın mənafelərinə, eləcə də qlobal sülh və tərəqqiyə xidmət edən uğurlu nəticələrlə yadda qalacağına əminliyimi ifadə edirəm. Konfransın işinə uğurlar arzulayıram" , - deyə T.Budaqov əlavə edib.

Tədbirin sonunda konfransda aparılmış müzakirələrin yekunlarını özündə əks etdirən qətnamə qəbul olunub.

YAP nümayəndə heyəti "Belaya Rus" Partiyası adından konfrans iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə də iştirak edib.

Nümayəndə heyətlərinin "Brest - Qəhrəman Qala" Memorial Kompleksinə, Respublika Gənclərin Vətənpərvərlik Tərbiyəsi Mərkəzinə və "Belovejskaya Puşça" Milli Parkına ziyarəti təşkil edilib. Həmçinin nümayəndə heyətləri Brest vilayətində bir sıra kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Zimbabve Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə partiyasının baş katibi Ceykob Frensis Nevidamilimo Mudenda arasında keçirilən görüşdə dövlət başçılarının siyasi iradəsi sayəsində hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və digər bir sıra beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyi vurğulanıb. İkitərəfli münasibətlərin inkişafı üçün mühüm potensialın mövcud olduğu qeyd edilib. Regional və beynəlxalq təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparıldığı görüş zamanı siyasi partiyalar və parlamentlər arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Belarus Milli Dövlət Teleradio Şirkətinin "Birinci informasiya" kanalına müsahibəsində beynəlxalq konfransın əhəmiyyətinə və səfərin yekunlarına, eləcə də istər ölkələr, istərsə də partiyalar arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikirlərini bölüşüb.

YAP nümayəndə heyətinin səfəri mayın 30-da başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
7
olaylar.az

8Mənbələr