Bəhruz Quliyev: "Moskva ilə İrəvan arasında yaşanan gərginliyin seçkiqabağı dövrdə daha da kəskinləşməsi istisna deyil"
Rusiya-Ermənistan münasibətləri getdikcə gərginləşir. Rusiya Ermənistanı sıxmağa başlasa, Avropa açıq şəkildə Ermənistanın müdafiəsinə girişsə, Gürcüstanın mövqeyi necə olacaq?
Gürcüstan bu ssenaridə son dərəcə çətin bir seçimlə üzləşəcək. Bir tərəfdən Gürcüstan özü Rusiya ilə dərin ziddiyyət içindədir - 2008-ci il müharibəsi, Abxaziya və Cənubi Osetiya işğalı bu münasibəti köklü şəkildə korlayıb. Digər tərəfdən, Gürcüstan AB üzvlüyünə can atır, lakin hazırkı hakimiyyət - "Gürcü Arzusu" partiyası Rusiya ilə açıq qarşıdurmadan qaçınmaq siyasəti yürüdür.
Çox güman ki, Gürcüstan rəsmi bitərəflik mövqeyi tutacaq. Avropanın müdaxiləsini açıq dəstəkləməkdən çəkinəcək, çünki Rusiya ilə birbaşa gərginlik yaratmaqdan ehtiyat edəcək. Eyni zamanda Ermənistanla humanitar əməkdaşlığa davam edəcək - iki ölkənin coğrafi qonşuluğu bunu labüd edir.
Gürcüstanın ərazi bütövlüyü üçün kritik məsələ budur: əgər Rusiya Ermənistana qarşı hərbi əməliyyata başlasa, bu, Cənubi Qafqazda bütün güc balansını dəyişdirəcək. Gürcüstan bu halda Avropanın təzyiqi ilə öz maraqları arasında sıxışacaq. Tiflis, ehtimal ki, diplomatik dildə "ölçülü" bəyanatlarla kifayətlənəcək, Ermənistana hava məkanını və ya ərazisini Avropaya açmaqdan isə çəkinəcək - bu addım Rusiya tərəfindən birbaşa müdaxilə kimi qiymətləndirilərdı.
"Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan gərginlik təkcə iki ölkə arasındakı fikir ayrılıqları ilə məhdudlaşmır. Bu proseslər, eyni zamanda, Ermənistanda qarşıdan gələn siyasi proseslər, xüsusilə parlament seçkiləri fonunda daha mürəkkəb xarakter alır. Ermənistan daxilində hakimiyyət uğrunda mübarizənin güclənməsi xarici siyasi faktorların da daha qabarıq şəkildə ön plana çıxmasına səbəb olur.
Bu gün Ermənistanın daxili siyasi gündəliyində əsas məsələlərdən biri ölkənin gələcək geosiyasi istiqamətinin müəyyənləşdirilməsidir. Bir tərəfdən Avropa İttifaqı ilə yaxınlaşma xətti, digər tərəfdən isə uzun illər formalaşmış Rusiya amili Ermənistan siyasətində ciddi müzakirə mövzusuna çevrilib. Bu baxımdan Moskva ilə İrəvan arasında yaşanan gərginliyin seçkiqabağı dövrdə daha da kəskinləşməsi istisna deyil. Çünki Ermənistan daxilində müxtəlif siyasi qüvvələr xarici siyasət kursunu seçki kampaniyasının əsas mövzularından birinə çevirməyə çalışır”.
Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, belə bir şəraitdə Avropanın Ermənistana daha açıq dəstək verməsi və Rusiyanın buna sərt reaksiyası regionda yeni geosiyasi qarşıdurma elementləri yarada bilər. Məhz bu nöqtədə Gürcüstanın mövqeyi xüsusi diqqət çəkir.
Tiflis çox yaxşı anlayır ki, Cənubi Qafqazda geosiyasi qarşıdurmanın dərinləşməsi ilk növbədə region ölkələrinin təhlükəsizliyinə və iqtisadi inkişafına mənfi təsir göstərəcək. Gürcüstan son illər ərzində öz ərazisinin yeni siyasi və hərbi qarşıdurma meydanına çevrilməməsi üçün kifayət qədər ehtiyatlı siyasət yürüdüb. Buna görə də regionda gərginliyin artması fonunda Gürcüstanın əsas məqsədlərindən biri həmin proseslərin öz ərazisinə və daxili siyasi mühitinə transfer olunmasının qarşısını almaq olacaq.
"Xüsusilə, nəzərə almaq lazımdır ki, Gürcüstan həm Rusiya ilə mürəkkəb münasibətlərə malikdir, həm də Avropa İttifaqı ilə inteqrasiya kursunu davam etdirir. Belə bir vəziyyətdə Tiflisin açıq şəkildə hər hansı geosiyasi blokun ön sıralarında yer alması real görünmür. Əksinə, Gürcüstan regional sabitliyin qorunmasına, iqtisadi əlaqələrin davam etməsinə və nəqliyyat-kommunikasiya marşrutlarının təhlükəsiz fəaliyyətinə üstünlük verəcək.
Eyni zamanda, Gürcüstan rəhbərliyi yaxşı bilir ki, Ermənistanda seçkiqabağı proseslərin xarici güclərin rəqabət meydanına çevrilməsi bütövlükdə Cənubi Qafqaz üçün əlavə risklər yarada bilər. Buna görə də Tiflis mümkün qədər neytral və balanslı mövqe nümayiş etdirərək, regionda gərginliyin genişlənməsinin qarşısını almağa çalışacaq.
Bütün bunlar göstərir ki, Rusiya-Ermənistan münasibətlərində yaşanan gərginlik təkcə ikitərəfli münasibətlərin problemi deyil, həm də Ermənistanda gedən siyasi proseslərlə sıx bağlı olan regional geosiyasi məsələdir. Gürcüstan isə bu şəraitdə öz milli maraqlarını qorumaq, sabitliyi saxlamaq və yaranan qarşıdurmaların ölkə sərhədlərini aşaraq regionun digər hissələrinə yayılmaması üçün ehtiyatlı siyasət xəttini davam etdirəcək" - deyə, B.Quliyev əlavə edib.
Dəniz NƏSİRLİ