
Ötən 10 il ərzində “ASAN Viza” Azərbaycanın viza prosedurlarını dünyanın müxtəlif ölkələrindən olan milyonlarla istifadəçi üçün daha əlçatan, sürətli və müasir formada təqdim edib. Bu günədək sistem vasitəsilə 5 milyondan çox elektron viza verilib.

“ASAN Viza” www.evisa.gov.az elektron viza portalı vasitəsilə, həmçinin Azərbaycan Respublikasında yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.

Sistemin yaradılmasının 10 illiyi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda reallaşan xüsusi təşəbbüs çərçivəsində “ASAN Viza” 10 illik fəaliyyətin sevincini xarici qonaqlarla bölüşüb.

Ölkəmizə gələn xarici vətəndaşlar da öz növbəsində əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb, xidmətin fəaliyyətini yüksək qiymətləndiriblər.