AZ

Minimum əməkhaqqı orta aylıq maaşın 50 faizinə çatdırılmalıdır - Deputat

Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, Azərbaycanda əsas problem maaşların həftəlik və ya aylıq ödənilməsi deyil, əməkhaqqının yaşayış xərclərinə uyğun olmamasıdır. Onun sözlərinə görə, hazırda 400 manat olan minimum əməkhaqqı vətəndaşların minimum tələbatını qarşılamır. Deputat qeyd edib ki, Avropa Sosial Xartiyasının tələblərinə əsasən minimum əməkhaqqı orta maaşın 60 faizi səviyyəsində olmalı, yəni ən azı 660 manata çatdırılmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirdi ki, hazırda minimum əməkhaqqı orta aylıq əməkhaqqının 37%-ni təşkil edir:

"Nəzərə alsaq ki, Azərbaycanda minimum əməkhaqqının orta aylıq əməkhaqqının 50%-nə çatdırılması əsas hədəflərdən biridir, bu istiqamətdə addımların davam etdirilməsi vacibdir. Əksər inkişaf etmiş ölkələrdə bu göstərici daha yüksəkdir. Avropa İttifaqında bu rəqəm 80%-dir, yəni minimum əməkhaqqı Avropa İttifaqının əksər üzv ölkələrində orta aylıq əməkhaqqının 80%-indən çoxunu təşkil edir. Ona görə də biz Əmək və sosial siyasət komitəsinin iclasında minimum əməkhaqqındakı artımların daha yüksək olmasını, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin isə minimumlaşdırılmasını təklif etdik. İndiki halda, xüsusən də minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasında fərqin mərhələli şəkildə 50%-ə çatdırılması məqsədəuyğun olardı. Çünki bu, nəticə etibarilə, xüsusən də minimum əməkhaqqı alan vətəndaşlarımızın daha çox maaş almasına gətirib çıxara bilər. Minimum əməkhaqqındakı artımlar, eyni zamanda, vahid tarif cədvəlinə uyğun olaraq maaş alan vətəndaşlarımızın əməkhaqlarının artmasına da təsir göstərir. Bütövlükdə minimum əməkhaqqındakı artımlar 700 mindən artıq vətəndaşımızın maaşlarında artımlarla müşahidə olunur".

NURİYYƏ

Seçilən
19
1
redaktor.az

2Mənbələr