AZ

Cabbarovun sədrliyini tanımadılar - Seçki olacaq

“Biz əvvəlcədən demişdik ki, konfrans ləğv olunsun. Lakin Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bəzi üzvləri yığılaraq qeyri-legitim konfrans keçiriblər. Orada kvorum olmayıb. Təbii ki, kvorum olmayanda da Ədliyyə Nazirliyi və digər qurumlar bu nəticələri qəbul etmir”.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu “Yeni Sabah”a açıqlamasında tanınmış şair, AKİ-nin katibi Baba Vəziroğlu deyib.

O bildirib ki, mayın 26-da təşkil olunan qurultaya qatılmayıb:

“Ortada qalmaqallı bir şey yoxdur. Qurultay adlandırdıqları da kiçik konfransdır. Orda da iştirak edənlərin çoxu AKİ üzvləri deyil. Katib olaraq mən belə həmin konfransda iştirak etmədim. Birinci katib Şəfiqə Məmmədovanın özü də orada iştirak etmirsə, bu nəticələri necə qəbul etmək olar?

Mən həmin gün Qazaxıstanda Oljas Süleymanovun 90 illiyi ilə bağlı tədbirdə idim. Lakin mənə oradan materiallar göndərirdilər. Gördüm ki, konfransları başdan-ayağa səs-küydən ibarətdir. Ola bilsin ki, İdarə Heyətinin üzvləri olaraq yığılıb yeni konfrans təyin etdik. Ya da qərar verəcəyik ki, konfransa ehtiyac yoxdur. Qurultay keçirmək çox məsuliyyətli və ciddi işdir. Qurultay keçirəndə insanlara xəbər vermək lazımdır. Bu dəqiqə nə qurultay eşqinə düşüblər?”.

B.Vəziroğlu söyləyib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinə əsasən, sədr bu və ya digər səbəbdən vəzifəsini yerinə yetirə bilmirsə, onu növbəti qurultaya qədər birinci katib əvəzləməlidir:

“Burada ikinci şərt də odur ki, yaradıcı heyətin başına kino aləmində nüfuzu olan, hamı tərəfindən tanınan və sevilən, dövlətin dəstəklədiyi bir adam olmalıdır. Bir sözlə, sözükeçərli adam olmalıdır. Bu mənada da əsas və real namizəd Şəfiqə Məmmədovadır. O da hazırda ittifaqa rəhbərlik edir. Əli İsa Cabbarov heç sədr kimi iştirak da edə bilməz. Sədr seçkisi sadəcə bir toplantı keçirib, özünü seçmək demək deyil. Qanuni konfrans olmalıdır və böyük əksəriyyət də həmin şəxsə səs verməlidir. Ədliyyə Nazirliyi də bu toplantının legitimliyini tanımalıdır. Bütün bunlar olmadıqdan sonra, özünü sədr seçməyin nə mənası var? Proseslər necə var idisə, elə də qalıb. Bütün səlahiyyətləri Şəfiqə Məmmədova yerinə yetirir”.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Bundan sonra, qurumun İdarə Heyəti yeni sədr seçmək üçün qurultayın keçirilməsi barədə qərar qəbul edib.

Mayın 26-da keçirilən qurultayda rejissor Əli İsa Cabbarov AKİ-nin sədri seçilib. Lakin ittifaqın bir qrup üzvü tədbirə qatılmayıb və nəticələri tanımırlar.

Seçilən
5
4
bakivaxti.az

5Mənbələr