AZ

Dünya ÇALXALANIR - ABŞ, Çin və Yaponiya qarşıdurması dərinləşir

Sinqapurda hər il may ayının sonunda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumu Asiya-Sakit Okean regionunda baş verən proseslərin, geosiyasi tendensiyaların və təhlükəsizlik çağırışlarının müzakirə olunduğu ən mühüm platformalardan biri hesab edilir. Bu il keçirilən forum da dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzində olub.

Bəs budəfəki forumda hansı mesajlar verildi? İndiki halda dünyanın diqqəti niyə Asiyaya yönəlir?

Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"Forumda çıxış edən ABŞ-nin müharibə naziri Pit Heqset bir neçə mövzuya toxunub. Birincisi, o deyib ki, ABŞ iki-üç il ərzində müəyyən növ sursatların istehsalını bir neçə dəfə artırmaq niyyətindədir. Görünür, İranla müharibə ABŞ sursatlarını azaldıb ki, Vaşinqton hərbi resurslarını artırmaq barədə qərar verib. Bu həm də onun işarəsidir ki, ABŞ növbəti regional müharibələrə hazırlaşır. Pit Heqsetin sözlərinə görə, ABŞ sursat istehsalını artırmaq üçün əlavə üç fabrik tikəcək. Buna baxmayaraq, Pentaqon başçısı ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa etmək üçün kifayət qədər sursatı olduğunu bildirib".

ELXAN.jpg

Politoloq Vaşinqtondan müharibə siqnalı gəldiyini, üç yeni hərbi zavod tikiləcəyini diqqətə çatdırıb:

"Pit Heqsetin forumdakı çıxışında ABŞ-nin Hindistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə və birgə silah istehsalı planı olduğunu xatırladıb. Pentaqon başçısı Vaşinqtonun "güclü və mənfəətli Hindistan"da maraqlı olduğunu deyib. Onun sözlərinə görə, ABŞ-Hindistan ittifaqı bölgədə güc balansını qoruyacaq. ABŞ Hindistanla birgə "Javel" tank əleyhinə idarə olunan raket istehsalını həyata keçirəcək. ABŞ prezidenti Donald Trampla Hindistanın baş naziri Narendra Modinin 2025-ci ildə imzaladıqları anlaşmaya görə, iki ölkə arasında "Javelin" sistemləri ilə yanaşı, "Stryker" zirehli personal daşıyıcıları birgə istehsalı da razılaşdırılıb. Bundan başqa, ABŞ Hindistanın Hərbi Dəniz Qüvvələrinin gəmilərini gücləndirmək çalışmalarında da iştirak edir. Söhbət həmin gəmilərin yüksək texnologiyalarla təminatından gedir".

Elxan Şahinoğlu qeyd edib ki, Sinqapurdakı toplantıda Yaponiyanın müdafiə naziri Sindziro Koidzuminin də çıxışı diqqət çəkib:

"O, Pekinin Yaponiyanın ünvanına "yeni militarizm" ittihamlarını təkzib edib. Əskinə, Yaponiyanın müdafiə naziri bildirib ki, Çin bölgədə hərbi gücünü artırıb və bu, iki ölkə arasında gərginliyin dərinləşməsinə səbəb olub. Çin müdafiə xərclərini yüksək səviyyədə artırmağa davam etdikcə, Yaponiya da hərbi büdcəsini artırmaq məcburiyyətində qalıb. Buna baxmayaraq, Çindən fərqli olaraq Yaponiyanın nüvə silahı arsenalı və strateji bombardmançı təyyarələri yoxdur. Yaponiya Asiya və Sakit Okean bölgəsindəki tərəfdaşlarıyla əlaqələri gücləndirmək siyasətinə üstünlük verir".

Politoloq vurğulayıb ki, bununla da Rusiya-Ukrayna müharibəsi və İran ətrafındakı gərginlik fonunda Asiya və Sakit Okean bölgəsində də vəziyyət sabit deyil:

"Bu bölgədə müharibə olmasa da, Tayvan ətrafındakı vəziyyət hər an bölgə ölkələrinə üz-üzə qoya bilər".

Xalidə Gəray
Musavat.com

Seçilən
25
1
musavat.com

2Mənbələr