Mövzu ilə bağlı qarşı tərəf olaraq adıçəkilən ana, Turanə xanımla da əlaqə saxladıq. Uşaqların anası bildirib ki, övladlarına qarşı zorakılıq etməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Ana bildirib ki, üç ovladı da onunla birlikdədir: "Biri yanımda, biri yatmış vəziyyətdə, digəri isə oyun oynayır və uşaqların qayğısı ilə şəxsən özüm məşğul oluram". O qeyd edib ki, məhkəmə qərarı ilə uşaqların himayəsi ona verilib və bu səbəbdən övladları ilə birlikdə istədiyi yerdə yaşamaq hüququna malikdir. Bildirib ki, əgər uşaqlarına baxmasaydı, onların qayğısına qalmasaydı və valideynlik məsuliyyətini yerinə yetirməsəydi, bu halda onun fəaliyyəti ilə bağlı iradlar səsləndirilə bilərdi. Ana həmçinin bildirib ki, qarşı tərəf aliment öhdəliyini vaxtında yerinə yetirmir. Onun sözlərinə görə, məhkəmə qərarına əsasən aliment vaxtında ödənilməli olduğu halda, bu öhdəlik yerinə yetirilmir və bununla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsini istəyir. O, yaşayış şəraiti və psixoloji vəziyyəti ilə bağlı səsləndirilən iddiaları da əsassız adlandırıb. Bildirib ki, Bakıda kirayədə yaşayır və qarşı tərəf nə onun yaşadığı şəraiti görüb, nə də uşaqların vəziyyəti ilə maraqlanıb. “Əgər mənim övladlarıma qarşı zorakılıq etdiyimi sübut edən hər hansı şəkil, video və ya başqa dəlil varsa, təqdim edilsin. Əks halda, bu ittihamlar əsassızdır”, – deyə o qeyd edib. Ana vurğulayıb ki, Azərbaycan vətəndaşıdır, qarşı tərəf isə İran vətəndaşıdır. Onun fikrincə, öz hüquqlarının kifayət qədər qorunmaması və xarici vətəndaşın müraciətlərinə daha çox diqqət göstərilməsi ədalətli deyil. O, qeyd edib ki, üç övladına təkbaşına baxır, onların bütün ehtiyaclarını qarşılayır və tərbiyələri ilə məşğul olur. Onun sözlərinə görə, yaşadığı ərazidəki qonşular da bu vəziyyətə şahidlik edə bilərlər. “Azərbaycan vətəndaşı olaraq hüquqlarımın qorunmasını istəyirəm”, – deyə o bildirib. Ana iddia edir ki, qarşı tərəf üzərinə düşən öhdəlikləri yerinə yetirmir və ona olan borcunu ödəmir. Onun sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlara, o cümlədən icra şöbəsinə müraciət etsə də, problemin həlli istiqamətində nəticə əldə olunmayıb. O iddia edir ki, icra şöbəsinə etdiyi müraciətlər zamanı kobud rəftarla üzləşib, hətta bir dəfə otaqdan çıxarıldığını və təhqir olunduğunu deyir. Ana həmçinin haqqında deyilən narkotik iddialarına da cavab verdi. O bildirib ki, narkotik vasitələri keçmiş həyat yoldaşı Mehdizadehsaraj Shahram özü ona verib. Turanə xanım qeyd edir ki, bu əməli ilə bağlı hətta məhkəmə də üzr istəyib: "Bəli, bir səhvdir etmişəm, amma mən məhkəmədə üzr də istəmişəm, amma fakt odur ki, hər şeyi mənə o, özü öyrədib. Hətta siqareti də özü mənə təqdim etmişdi". Turanə xanım həmçinin yaşadığı evlə bağlı problem yaşadığını da qeyd edir. O bildirir ki, ev rəsmi sənədlər üzrə onun adına olsa da, hazırda həmin mənzildə yaşaya bilmir. Onun sözlərinə görə, kommunal ödəniş sənədləri və bələdiyyə sənədləri də bunu təsdiqləyir. İddia edir ki, özü və uşaqları həmin evdən istifadə etmək imkanından məhrum ediliblər. Bundan başqa, qarşı tərəfin uşaqlara psixoloji təsir göstərdiyini də iddia edir. O bildirir ki, uşaqlara anadan uzaq durmaq, onunla ünsiyyət saxlamamaq və ona qayğı göstərməmək kimi fikirlər aşılanır. O, hesab edir ki, bu cür davranışlar uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, 10-12 yaşlı uşaqların ailədaxili münaqişələrə cəlb olunması və onların psixologiyasına təsir göstərilməsi düzgün deyil.