Ermənistanda parlament seçkilərinə 6 gün qaldı. Rəy sorğularına görə, seçkilərdə Baş nazir Nikol Paşinyanın partiyasının qalib gəlmə ehtimalı yüksəkdir. Bununla belə, günün suallarından biri budur: hakim partiya seçkilərdə məğlub olarsa, Paşinyanın taleyi necə olacaq?
Siyasi analitiklərə görə, Nikol Paşinyan 7 iyun seçkilərindən çıxarsa, onun siyasi taleyi ilk növbədə məğlubiyyətin miqyasından və yeni parlamentin tərkibindən, hakimiyyətə kimin gəlməsindən asılı olacaq. Hazırkı sorğuların əksəriyyəti hakim partiyanın hələ də birinci qüvvə olduğunu göstərir – baxmayaraq ki, bəzi araşdırmalar onun təkbaşına çoxluq əldə etməsinin çətin ola biləcəyini bildirir.
Paşinyan üçün ən qorxulu ssenari sözsüz ki, sabiq prezident, Xocalı cəlladı Robert Köçəryanın hakimiyyətə gəlişi ola bilər. Köçəryanın isə seçkilərdə qələbə şansı, demək olar, yoxdur. Lakin əgər qəfildən o, hakimiyyətə gəlsə, Paşinyan hüquqi və siyasi təzyiqlərlə üz-üzə qala bilər.

Birincisi, Ermənistan siyasətində Paşinyanla Köçəryan arasında qarşıdurma təkcə siyasi yox, həm də şəxsi xarakter daşıyır. 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Paşinyan Köçəryanı 2008-ci il hadisələri ilə bağlı cinayət məsuliyyətinə cəlb etmişdi. Köçəryan və tərəfdarları bunu siyasi təqib kimi qiymətləndirdilər. Buna görə də onların arasında ciddi hesablaşma elementi mövcuddur.
İkincisi, radikal müxalifət uzun müddətdir Paşinyanı 2020-ci il Qarabağ müharibəsində məğlubiyyətdə, Qarabağ ermənilərinin bölgəni tərk etməsində, Azərbaycanla sülh prosesində “həddindən artıq güzəştlərdə”, dövlət institutlarının zəiflədilməsində ittiham edir. Hakimiyyət dəyişikliyi baş verərsə, bu məsələlərlə bağlı parlament araşdırmaları, istintaq komissiyaları və hətta cinayət işlərinin açılması təşəbbüsləri irəli sürülə bilər.
Seçkilərdə məğlubiyyət, həmçinin, Paşinyanın komandasının bir hissəsinin ondan uzaqlaşması, siyasi fəaliyyət imkanlarının ciddi şəkildə məhdudlaşması ilə nəticələnə bilər. Bununla yanaşı, bir sıra siyasi ekspertlər hesab edir ki, Köçəryanın şəxsən qisas almağa çalışması onun özünə də ciddi problemlər yarada bilər. Belə ki, Ermənistanın daxili və beynəlxalq vəziyyəti nəzərə alınarsa, açıq siyasi qisas kampaniyası həyata keçirmək elə də asan deyil.
Daha real görünən – Nikol Paşinyanı hüquqi proseslər və siyasi təcrid vasitəsilə zəiflətmək cəhdi ola bilər ki, bunun nə dərəcədə uğurlu olacağı seçkilərin nəticəsindən və yeni parlamentdə qüvvələr nisbətindən asılı olacaq...
Etibar Seyidağa,
Musavat.com