AZ

Şmıqal: Azərbaycan qazı Avropanın enerji çatışmazlığı olan regionlarına çata bilər

Azərbaycan qazı Avropanın enerji çatışmazlığı olan regionlarına çata bilər.

"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Ukraynanın energetika naziri Denis Şmıqal bildirib.

O qeyd edib ki, enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi hazırda xüsusi əhəmiyyət daşıyır və bu sahədə Ukrayna ilə Azərbaycan arasında geniş əməkdaşlıq imkanları mövcuddur.

Nazirin sözlərinə görə, Ukrayna artıq Trans-Balkan marşrutu da daxil olmaqla, Avropanın yeni qaz xəritəsinin bir hissəsinə çevrilib.

“Bu marşrut vasitəsilə Xəzər qazı Avropanın enerji çatışmazlığı yaşayan regionlarına çata bilər. Bu dəhlizlə Azərbaycan qazının ilk sınaq tədarükləri göstərir ki, bu ideya artıq reallığa çevrilir”, - Şmıqal bildirib.

O əlavə edib ki, Ukrayna təxminən 30 milyard kubmetr tutuma malik Avropanın ən böyük yeraltı qaz anbarlarına sahibdir və bu obyektlər yeni enerji təchizatı arxitekturasının bir hissəsinə çevrilə bilər.

Nazirin fikrincə, belə əməkdaşlıq nəticəsində Azərbaycan etibarlı enerji təchizatçısı kimi mövqeyini gücləndirəcək, Ukrayna əsas tranzit və xidmət mərkəzi rolunu möhkəmləndirəcək, Avropa isə sabit alternativ enerji mənbələri əldə edəcək.

Seçilən
52
1
apa.az

2Mənbələr